2016-cı ilin yekunu və 2017-ci ildə qarşıda duran vəzifələrə həsr edilmiş hesabat yığıncağı keçirilib
Fevral ayının 10-da Neftçala rayonundakı Heydər Əliyev Mərkəzində 2016-cı ilin yekunu və 2017-ci ildə qarşıda duran vəzifələrə həsr edilmiş hesabat yığıncağı keçirilib.Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla anıblar. Sonra tədbir iştirakçıları rayonda istehsal olunan sənaye və kənd təsərrüfatı məhsullarından ibarət sərgi ilə tanış olublar.
2016-cı ildə rayonda ümumi məhsul istehsalının həcmi 2015-ci ilə nisbətən 21,9 % artmışdır. Hesabat dövründə ümumi məhsul istehsalı 248,8 milyon manat olmuşdur ki, bu da 2015-ci il ilə müqayisədə 44,6 milyon manat çoxdur. 2016-cı ildə ümumi məhsulun tərkibində sənaye məhsulu 23 milyon 809,0 min manat və ya ümumi məhsulun 9,6 %-i qədər, kənd təsərrüfatı məhsulu 75 milyon 762,0 min manat və ya 30,4 %, nəqliyyat xidməti 2 milyon 195,0 min manat və ya 0,9 %, rabitə xidməti 665,0 min manat və ya 0,3%, ticarət, iaşə və digər xidmət sahələrinin həcmi 81 milyon 600,0 min manat və ya 32,8 %, tikinti işlərinin həcmi 64 milyon 807,0 min manat və ya 26% olmuşdur. Ümumi məhsulun həcmində qeyri-dövlət bölməsinin payı 71,5%- ə çatmışdır. Adambaşına 2888 manatlıq və ya 2015-ci ilə nisbətən 20,7 % çox məhsul istehsal edilmişdir.
2016-cı ildə rayonda 19 yeni müəssisə yaradılmış, 2 müəssisənin fəaliyyəti bərpa olunmuş, 861 fiziki şəxs fəaliyyətə başlamışdır. Yeni yaradılmış müəssisələrin hesabına 48, fəaliyyəti bərpa olunmuş müəssisə hesabına 2, mövcud müəssisə və təşkilatlarda 39, fiziki şəxslər üzrə 861 yeni iş yeri olmaqla, cəmi 950 daimi yeni iş yeri açılaraq işsiz və iş axtaran vətəndaşlar işlə təmin olunmuşdur. Rayonda aparılan tikinti-quruculuq və digər tədbirlər üzrə işlərə 760 nəfər, kənd təsərrüfatında mövsümü işlərə 3216 nəfər, o cümlədən pambıq yığımına 1232 nəfər cəlb olunmuşdur. Ümumilikdə rayon üzrə 4926 nəfər işlə təmin olunmuşdur. Yeni iş yerlərinin açılması istiqamətində müvafiq olaraq əlavə tədbirlər görülür.
Hesabat dövründə rayonda fəaliyyət göstərən 12 sənaye müəssisəsi və bu sahədə fiziki şəxslərin fəaliyyəti nəzərə alınmaqla 23 milyon 809,0 min manatlıq sənaye məhsulu istehsal olunmuş, iş və xidmətlər yerinə yetirilmişdir. Sənayenin ümumi məhsulunda qeyri-dövlət bölməsinin xüsusi çəkisi 82,1 % təşkil etmişdir. Sənaye istehsalının ümumi həcmində neft hasilatı 52,7 faiz, yod emalı isə 29,3 faiz olmuşdur. 2016-cı ildə 34,8 min ton xam neft və 209,6 ton yod istehsal edilmişdir.
2016-cı ildə nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsi üzrə fəaliyyət göstərən fiziki şəxslərin işi nəzərə alınmaqla 689,0 min ton yük, 7 milyon 930,0 min nəfər sərnişin daşınmışdır ki, bu da 2015-ci illə müqayisədə yük daşınması 3,3 faiz, sərnişin daşınması isə 4,6 faiz artmışdır.
Hesabat dövründə rabitə müəssisələri tərəfindən əhaliyə, müəssisə və təşkilatlara faktiki qiymətlərlə 665,0 min manatlıq rabitə xidməti göstərilmişdir. Göstərilən rabitə xidmətlərinin həcmi 2015-ci il ilə müqayisədə 1% artmışdır. Hazırda rayonda hər 100 təsərrüfata 69 ədəd telefon aparatı düşür.
Hesabat ilində əhalinin nominal pul gəlirləri 254 milyon 548,0 min manat olmuş, 2015-ci il ilə müqayisədə 5,6 % artmışdır. Adambaşına düşən pul gəlirləri 4,6 % artaraq 2954,0 manat olmuşdur. Rayon üzrə bir işçinin orta aylıq əmək haqqı 249,3 manat təşkil edir. İlin əvvəlindən əhaliyə 226,2 milyon manatlıq istehlak malları satılmış və xidmətlər göstərilmişdir. Pərakəndə əmtəə dövriyyəsi 17,6 % artaraq 194,8 milyon manata, pullu xidmətlərin həcmi 6,8 % çoxalaraq 27,8 milyon manata, iaşə xidmətlərinin həcmi 10,3 % artaraq 3,6 milyon manata çatmışdır.
2016-cı il üçün rayonun yerli gəlirləri 5 milyon 244,0 min manat, xərcləri isə 15 milyon 106,6 min manat təsdiq olunmuşdur. 2016-cı ildə büdcəyə 5 milyon 244,0 min manata qarşı 5 milyon 744,9 min manat vəsait daxil olmuş və ya 109,6 % icra olunmuş, yerli xərclər 15 milyon 106,6 min manata qarşı 14 milyon 762,6 min manat və ya 97,7 % icra olunmuşdur.
01 yanvar 2017-ci il tarixə pensiya və müavinət alanların sayı 13317 nəfər, ünvanlı dövlət sosial yardımı alanların sayı 1336 ailə olmuş, 138 kimsəsiz ahıl və əlillərə sosial məişət xidməti göstərilmişdir. Hesabat dövründə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 10 fərdi ev tikilərək Qarabağ müharibəsi əlili və Şəhid ailələrinə verilmişdir.
2016-cı il ərzində Rayon Məşğulluq Mərkəzi tərəfindən 628 nəfər iş axtaran vətəndaş daimi iş yerləri ilə təmin olunmuş və 74 nəfərə işsiz statusu verilərək işsizlik müavinəti təyin edilmişdir. 500 nəfər haqqı ödənilən ictimai işlərə cəlb olunmuşdur.
Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 17 sahibkara 6 milyon 170,0 min manat məbləğində güzəştli kredit verilmişdir.
2016-cı ildə Neftçala Elektrik Şəbəkəsi tərəfindən rayona 159,0 milyon kvt. saat elektrik enerjisi verilmiş, o cümlədən elektrik enerjisinin 42,0 milyon kvt. saatı əhaliyə satılmış, həmin enerjinin dəyəri rayon üzrə 77,1 faizi ödənilmişdir ki , bunun da 97,2 faizi əhalinin payına düşür. Əhali abonentlərinin sayğaclaşdırılması 98,5% təşkil edir.
2016-cı il ərzində Salyan Regional Qaz İstismar İdarəsi tərəfindən 16 milyon 395,0 min kub metr həcmində rayona təbii qaz verilmiş, o cümlədən əhaliyə satılan qazın ümumi həcmi 15 milyon 40,0 min kub metr olmuş, bunun da dəyəri rayon üzrə 93,7 faiz, o cümlədən, əhali üzrə 94,3 faiz ödənilmişdir. Əhali abonentlərinin sayğaclaşdırılması 100% təşkil edir. Hesabat dövründə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən rayonun Yuxarı Qaramanlı, Qırmızıkənd, Xolqarabucaq, Mürsəqulu, Dördlər-Xol, Xoltəzəkənd, Xolqaraqaşlı və Xəzərkənd kəndləri olmaqla 8 kəndi təbii qazla təmin olunmuşdur.
Hesabat dövründə rayonda fəaliyyət göstərən üç nərəbalıqartırma zavodları tərəfindən 7 milyon 663,0 min ədəd nərə cinsli körpə balıqlar yetişdirilərək Kür çayı vasitəsilə Xəzər dənizinə buraxılmışdır. Bu da 2015-ci ilin müvafiq dövründə olan göstəricidən 15,8% çoxdur.
Rayonda 2016-cı ildə aqrar sahədə müsbət irəliləyişlər olmuşdur. Kənd təsərrüfatının ümumi məhsulu 75 milyon 762 min manat təşkil edir. Göstərilən dövrdə diri çəkidə 13 min 76 ton ət, 24 min 415 ton süd, 7 milyon 385 min ədəd yumurta, 268 ton yun istehsal olunmuşdur. Əvvəlki illə müqayisədə ət istehsalı 1,1 faiz, süd istehsalı 0,4 faiz, yumurta istehsalı 21,1 faiz, yun istehsalı isə 2,2 faiz artmışdır. 2016-cı ilin məhsulu üçün 46 min 413 hektar sahədən 105 min ton taxıl istehsal edilmişdir.
Rayonda aqrar sektorda pambıqçılığın inkişafı əsas istiqamətlərimizdəndir. Ötən il 1541 hektar sahədə pambıq əkilmiş, 1978 ton pambıq tədarük məntəqələrinə təhvil verilmişdir. 2017-ci ildə rayonda 10101 hektar sahədə pambıq əkini nəzərdə tutulur. Bununla əlaqədar olaraq hazırda 4645,7 hektar torpaq sahəsi üçün mülkiyyətçilərlə müqavilə bağlanmış, 4226 hektarda şum aparılmış və bu istiqamətdə tədbirlər davam etdirilir.
Bitkiçilik sahəsində yüksək məhsul götürmək məqsədi ilə meliorativ tədbirlərin həyata keçirilməsində müəyyən işlər görülmüşdür. Hesabat dövründə Rayon Su və Meliorasiya təşkilatları tərəfindən 397,0 km suvarma kanalları, 398,0 km kollektor-dren sistemi lildən təmizlənmiş, suvarma kanallarında 54 ədəd, kollektor –drenlərdə 51 ədəd hidrotexniki qurğular və nasos aqreqatları əsaslı və cari təmir edilmişdir.
Heyvandarlığın inkişafı sahəsində müsbət irəliləyişlərə nail olmaqla 01 yanvar 2017-ci il tarixə iri buynuzlu mal-qaranın baş sayı 42,6 min baş, qoyun və keçilərin baş sayı 135 min başa çatdırılaraq ötən illə müqayisədə müvafiq olaraq 557 və 4784 baş artmışdır.
Rayonun Xol zonasında 14500 hektardan yuxarı suvarılan əkin sahələrinin tam suvarma suyu ilə təmin olunmasında ciddi çətinliklərin yaranması ilə əlaqədar Kür çayından Xol zonasına 24,9 km uzunluğunda Neftçala Magistral Kanalının nasos stansiyası ilə birlikdə layihəsinin tikintisi 2006-cı ildə başlanmışdır. 2016-cı ildə kanalın tikintisi üçün ümumilikdə 14 milyon 818 min manat vəsait ayrılmışdır. Hal-hazırda tikinti işləri qrafikə uyğun davam etdirilir.
Məlumat üçün nəzərinizə çatdıraraq bildirirəm ki, hazırda rayon ərazisində 3000 hektar torpaq sahəsində “Aqropark”ın yaradılması, 8000 hektar suvarıla bilən torpaq sahələrinin suvarma suyu ilə təmin edilməsi üçün nasosxananın tikintisi, eləcə də, pambıq və iri taxılçılıq sahələrinin genişləndirilməsi istiqamətində təbdirlər görülür .
Rayon İcra Hakimiyyəti 2016-cı ildə rayon ərazisində təmir, tikinti və abadlıq işlərinin görülməsini diqqət mərkəzində saxlamış, həyata keçirilən işlərin keyfiyyətinə xüsusi önəm vermişdir.
2016-cı ildə rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 72 milyon 950 min manat vəsait yönəldilmiş, bunun da 98,7 faizi dövlət sektoruna, 1,3 faizi isə qeyri-dövlət sektoruna aiddir. 2015-ci ilə nisbətən rayonda əsas kapitala investisiya qoyuluşu 4,3 dəfə artmışdır. Əsas kapitala yönəldilmiş vəsaitlərin 64 milyon 807 min manatı tikinti-quraşdırma işlərinə sərf edilmişdir. Ötən illə müqayisədə tikinti-quraşdırma işləri 4 dəfə artmışdır.
“50 saylı Yol İstismarı” MMC tərəfindən 2016-cı il ərzində xidmət etdiyi Respublika əhəmiyyətli R-46 Salyan-Neftçala avtomobil yolu üzrə 297,4 min manatlıq və yerli əhəmiyyətli avtomobil yolu üzrə 189,9 min manatlıq cari təmiri işləri görülmüşdür.
Azərbaycan Respublikası Prezidentinin “Neftçala Sənaye Məhəlləsinin yaradılması haqqında” 02 fevral 2015-ci il tarixli 1011 nömrəli Sərəncamına, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 06 aprel 2015-ci il tarixli 84s nömrəli Sərəncamına əsasən Neftçala şəhərində Dövlət Fondu ərazisindən 10 (on) hektar torpaq sahəsi “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinə icarə vermək hüquqi ilə daimi istifadəyə ayrılmış torpaq sahəsində Neftçala Sənaye Məhəlləsinin tikintisi başa çatdırılmışdır.
2016-cı ildə Neftçala Sənaye Məhəlləsində Azərbaycan Respublikasının “Azevrocar” MMC şirkətinin İran İslam Respublikasının “İran khodro” şirkəti ilə birgə həyata keçirdiyi layihə üzrə avtomobil istehsalı zavodunun təməli qoyulmuşdur, hal-hazırda tikinti işləri davam etdirilir.
Neftçala şəhəri Heydər Əliyev prospektində Kənd Təsərrüfatı Nazirliyinin Neftçala rayon inzibati-laboratoriya binasının tikintisi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Neftçala rayon şöbəsinin yeni inzibati binasının tikintisi başa çatdırılmışdır. Eləcə də Neftçala şəhəri M.Ə. Sabir küçəsində Neftçala Elektrik Şəbəkəsinin yeni İnzibati binasının inşasına başlanılmış, hal-hazırda tikinti işləri davam etdirilir.
21 yaşayış məntəqəsini əhatə edən, 37 min əhalinin yaşadığı, uzunluğu 55 km, 4-cü dərəcəli Neftçala rayonunun Şorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil yolunun tikintisinin ilkin formada 36 km hissəsi işlənilərək vətəndaşların istifadəsinə verilmişdir. Yolun tikintisində 77 ədəd su ötürücü və sel sularının ötürülməsi üçün boruların tikintisi nəzərdə tutulmuşdur ki, bundan 33 ədəd borunun tikintisi başa çatdırılmışdır.
Hesabat ilində şəhərinin A.Bakıxanov, X.Cəfərov, Ü.Hacıbəyov və A. Cəfərov küçələrinə ümumilikdə 17 min 286 kvadrat metr asfalt örtüyü çəkilmiş, M. Qorki ünvanında çoxmənzilli yaşayış binasının dam örtüyü dəyişdirilmiş, digər çoxmənzilli binaların fasad hissəsi rənglənmişdir.
2016-cı ildə rayon ərazisində ictimai-siyasi sabitliyin qorunması, siyasi partiyalar, dini qurumlar, qeyri-hökumət təşkilatları ilə qarşılıqlı fəaliyyətin təşkili istiqamətlərində tədbirlər həyata keçirilmiş, humanitar sahədə dövlət siyasətinin icra olunması ilə bağlı bir çox məqsədyönlü işlər görülmüşdür.
Hesabat dövründə Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi ilə bağlı keçirilmiş Ümumxalq səsverməsində rayon seçiciləri aktivlik nümayiş etdirmiş, referendum şəffaf və demokratik prinsiplərə uyğun olaraq baş tutmuşdur. Səsvermədə iştirak edən 74,4 % neftçalalı seçicilər Azərbaycan Respublikasının Konstitusiyasına edilən dəyişikliklərə öz münasibətlərini bildirmişlər.
2016-cı ildə rayonun təhsil müəssisələrində təlim-tərbiyənin səviyyəsinin daha da yüksəldilməsi və təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı bir sıra işlər görülmüşdür. Belə ki, istedadlı şagirdlərin aşkara çıxarılmasında əhəmiyyətli rol oynayan fənn olimpiadalarının rayon və yarımfinal turları keçirilmiş, olimpiadanın final mərhələsində iştirak etmək hüququ əldə etmiş 8 iştirakçıdan 4 nəfəri fizika və Azərbaycan dili və ədəbiyyatı fənləri üzrə I, II və III yerə layiq görülmüş və qaliblər Təhsil Nazirliyinin medal və diplomları ilə mükafatlandırılmışlar.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən ötən ilin iyun ayında rayonun ümumtəhsil məktəblərinin buraxılış sinif şagirdləri üçün attestasiya imtahanı keçirilmiş, həm IX , həm də XI siniflər üzrə buraxılış imtahanının nəticələri keçən ildəkinə nisbətən artmışdır.
Ali məktəblərə tələbə qəbulunda da əvvəlki illə müqayisədə 2015-2016-cı tədris ilində göstəricilər daha da yaxşılaşmışdır. Belə ki, məzunların sayına görə qəbulolma faizində 9, abituriyentlərin sayına görə qəbulolma faizində 21, ümumi qəbulolma faizində isə 15 % artım müşahidə edilmişdir. Ötən il 654 məzundan 301 nəfəri ali məktəblərə qəbul imtahanlarında iştirak etmiş, onlardan 222 nəfəri ali məktəblərə qəbul olmuşlar. Tələbə adını qazananlardan 38 nəfəri 500-700 arasında bal toplamışdır ki, bunların da 16 nəfəri 600-dən yuxarı bal toplayanlardır.
Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş "Ən yaxşı təqdimat" müsabiqəsinin təşkili ilə bağlı seçim turları keçirilmiş, Qədimkənd kənd tam orta məktəbin şagirdi rayon üzrə ən yaxşı nəticə göstərərək respublika mərhələsində rayonumuzu təmsil etmişdir.
Ötən tədris ilində təhsildə əldə etdiyi nailiyyətlərə görə 1 nəfər müəllim Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən "Respublikanın Əməkdar müəllimi" Fəxri adına layiq görülmüşdür.
Keçən ilin dekabr ayında Təhsil Nazirliyi tərəfindən müəllimlərin Diaqnostik qiymətləndirilməsi keçirilmiş, rayonun 1155 nəfər müəllimi qiymətləndirmədə iştirak etmişdir.
Hesabat ilində təhsilin maddi – texniki bazasının möhkəmləndirilməsi istiqamətində bir sıra işlər həyata keçirilmiş, məktəblər yeni parta dəstləri, kompyuterlər və digər avadanlıqlarla təmin edilmişdir. 2016-cı ilin sentyabr ayından Neftçala Şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyanın əsaslı təmirinə başlanılmışdır.
Rayon İcra Hakimiyyəti tərəfindən məktəbəqədər təhsil müəssisələrinin təminatı diqqət mərkəzində saxlanılmış, 2016-cı il ildə rayonun Yuxarı Qaramanlı kəndində 20 yerlik körpələr evi-uşaq bağçası tikilib istifadəyə verilmişdir.
Hesabat dövründə rayonun tibb müəssisələrində əhaliyə göstərilən ambulator-poliklinik xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində işlər davam etdirilmişdir. Mərkəzi Rayon Xəstəxanasının xidmət ərazisi üzrə 763 körpə doğulmuş, 0-1 yaşda uşaq ölümü 2,8 promilli olmuşdur.
Ölkə Prezidenti cənab İlham Əliyevin respublika əhalisinin ümumi profilaktik tibbi müayinələrə cəlb olunması barədə verdiyi tapşırığına əsasən ötən ilin fevral ayından may ayınadək tərtib edilmiş qrafikə əsasən həkim briqadaları tərəfindən rayonun idarə, müəssisə və təşkilatların kollektivlərinin, eləcə də yaşayış məntəqələri üzrə əhalinin tibbi müayinələrdən keçməsi təmin edilmişdir. Ümumilikdə rayon üzrə 72293 nəfər profilaktik tibbi müayinələrdən keçmişdir ki, bunun da 11374 nəfərini 0-18 yaşda olan əhali kontingenti təşkil edir.
Rayonun səhiyyə müəssisələrinin maddi-texniki bazasının yüksəldilməsi, personalın iş şəraitinin və əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə məqsədyönlü addımlar atılmış, rayonun Cəngan kəndi ərazisində AZKİL layihəsi çərçivəsində yeni həkim məntəqəsi inşa olunmuş, 2013-cü ildən əsaslı təmirinə start verilmiş Mərkəzi Rayon Xəstəxanasında işlər artıq başa çatmaq üzrədir.
Hesabat dövrü ərzində rayonda mədəni-xidmətin təşkili sahəsində müəyyən işlər görülmüş, bir sıra mədəni-kütləvi tədbirlər həyata keçirilmiş, əlamətdar və tarixi günlər münasibəti ilə ümumrayon bayram tədbirləri təşkil olunmuş, eləcə də peşə bayramları qeyd edilmişdir.
Əsl ideoloji mərkəzə çevrilən Heydər Əliyev Mərkəzində müxtəlif səpkidə tədbirlər təşkil olunmuş, burada Ümummilli liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən foto və eksponatlarına baxışlar keçirilmişdir. Mərkəzdə gənclərin müxtəlif sənətlərin sirlərinə yiyələnməsinə, onların asudə vaxtlarının səmərəli təşkil edilməsinə geniş imkanlar yaradılmışdır.
Hesabat ilində rayonda gənclərlə bağlı dövlət siyasətinin həyata keçirilməsi, uşaq və gənclərin asudə vaxtlarının təşkili istiqamətində, bədən tərbiyəsi və idmanın inkişafı ilə bağlı müəyyən işlər görülmüşdür.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq idmanın kütləviliyinin artırılması, uşaq, yeniyetmə və gənclərin fiziki sağlamlıqlarının möhkəmləndirilməsi, mövcud olan idman obyektlərindən səmərəli istifadə edilməsi məqsədilə rayonda müxtəlif idman növləri üzrə təşkil edilmiş bölmələr fəaliyyətini davam etdirmiş və yarışlar keçirilmişdir.
2016-cı ilin aprel döyüşləri zamanı ordumuzun əsgər və zabitləri böyük şücaət göstərmiş, bir neçə strateji yüksəkliklər və ərazilərimizin bir hissəsi geri qaytarılmışdır. Bu döyüşlərdə rayonumuz da iki qəhrəman övladını itirmiş, onlar doğulduqları torpaqda dəfn edilərək, müqəddəs ruhları böyük hörmət və ehtiramla yad edilmişdir. Ölkə prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən hər iki şəhidimizin göstərdikləri qəhrəmanlıq yüksək qiymətləndirilmiş, mayor Samid Gülağa oğlu İmanov "Azərbaycanın Milli Qəhrəmanı", gizir Elimdar Səlimxan oğlu Səfərov isə "Hərbi xidmətdə fərqlənməyə görə III dərəcəli medalı " fəxri adları ilə mükafatlandırılmışdır.
Hesabat ilində Vətən uğrunda canlarını qurban vermiş igid oğullarımızın - Rövşən Ağamalıyevin, Elimdar Səfərovun və Milli Qəhrəman Samid İmanovun rayon rəhbərliyinin və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə anım mərasimləri keçirilmiş, onlar böyük ehtiramla yad edilmiş və ehsan süfrələri təşkil olunmuşdur.
Ötən dövr ərzində Qarabağ müharibəsi veteranlarına və əlillərinə, şəhid ailələrinə, əlil qadınlara və digər kateqoriyadan olan insanlara diqqət və qayğı göstərilmiş, Rayon İcra Hakimiyyəti tərəfindən Ramazan və Qurban bayramları münasibətilə bu kateqoriyadan olan insanlar üçün, eləcə də tək və kimsəsiz, aztəminatlı ailələr üçün bayram süfrəsi təşkil edilmiş və bayram günləri ərəfəsində həmin ailələrə sovqatlar paylanılmışdır.
"2016-cı ilin Azərbaycan Respublikasında "Multikulturalizm ili" elan edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamına müvafiq olaraq rayonda multikulturalizm ənənələrinin qorunub saxlanılması, onun daha da inkişaf etdirilməsi və geniş təbliği ilə bağlı bir sıra tədbirlər həyata keçirilmiş, bu tədbirlərdə ölkədə aparılan dövlət və din münasibətləri, Azərbaycanın multikultural dəyərləri geniş təbliğ olunmuş, insanlarda vətənə, dövlətə sədaqət hisslərinin gücləndirilməsi fikirləri ifadə olunmuşdur.
Azərbaycanın müsəlman dövlətləri ilə qarşılıqlı faydalı münasibətləri, xalqlar arasındakı dostluq və həmrəylik proseslərinə ölkəmiz tərəfindən böyük töhfələr verilməsi amillərinə görə, eyni zamanda bu il Bakı şəhərində IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsini nəzərə alaraq, dövlətimizin başçısı cənab İlham Əliyev 2017-ci ili Azərbaycanda "İslam Həmrəyliyi ili " elan etmiş, bu həmrəyliyin bərqərar olmasında Azərbaycanın özünəməxsus mövqeyinin daha da möhkəmləndirilməsini xüsusi vurğulamışdır. Bu məqsədlə rayon ərazisində müxtəlif tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Rayon İcra Hakimiyyəti başçısı aparatı 2016-cı ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsi ilə daimi yaxından əlaqə saxlamışdır. Hərbi xidmətə çağırışla bağlı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin çağırışla bağlı sərəncamlarına uyğun olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsi tərəfindən 2016-cı il ərzində 344 nəfər çağırışçı hərbi xidmətə cəlb olunmuşdur. Hərbi çağırışçılar arasında vətənpərvərlik ruhunun yüksəldilməsi və onların çağırışdan yayınmasının qarşısının alınması üçün mütəmadi olaraq yerlərdə əhali arasında təbliğat və maarifləndirmə işləri aparılmışdır.
2016-cı il ərzində Rayon Polis şöbəsi tərəfindən rayon üzrə müxtəlif xarakterli 104 cinayət hadisəsi qeydə alınmışdır. Qeydə alınmış cinayətlərdən 36 cinayət faktı narkotik vasitələrlə bağlı olmuşdur. Ümumilikdə qeydə alınmış cinayətlərin açılması 96,4 % təşkil edir. Rayon üzrə ümumi cinayətlərin sayı 2015-ci ilə nisbətdə 2016-cı ildə 5 cinayət faktı çox olmuşdur.
2016-cı ildə Rayon İcra Hakimiyyəti başçısı tərəfindən yerlərdə əhali ilə əlaqələri möhkəmləndirmək, onları narahat edən sosial problemlərin öyrənilməsi və həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar müntəzəm səyyar görüş və qəbulların keçirilməsi daim diqqət mərkəzində olmuşdur. Bununla bağlı Rayon İcra Hakimiyyəti başçısının səyyar görüş və qəbulların keçirilməsi üçün illik qrafiki tərtib olunmuşdur.
2016-cı ildə Rayon İcra Hakimiyyəti başçısı tərəfindən 41 səyyar görüş və qəbul keçirilmiş və bu görüşlərdə 4213 nəfər iştirak etmişdir. Keçirilən görüşlərdə 212 nəfər 167 tənqidi qeyd və təkliflə çıxışlar etmişdir ki, bunlardan əsasən 21-i meliorasiya və irriqasiya tədbirlərinin həyata keçirilməsi, 24-ü və yolların inşası və ya təmiri, 11-i təhsil müəssisələrinin təmiri və ya inşası, 46-sı elektrik təsərrüfatının yenidən qurulması və mavi yanacaq ilə təminat, 11-i işlə təmin olunmasına köməklik və digər məsələlərdən ibarət olmuşdur.
Rayon İcra Hakimiyyəti başçısının şəhər, qəsəbə və kəndlər üzrə inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin 2016-cı ildə gördükləri işlərə dair yekun hesabatları keçirilmiş və bu hesabatlarda vətəndaşlar tərəfindən səslənən təkliflər, tənqidi qeydlər ümumiləşdirilmiş və həlli rayon səviyyəsində mümkün olan məsələlərin həllinə çalışılmış, digər məsələlərlə bağlı aidiyyəti yuxarı orqanlara müraciət edilmişdir. Belə ki, qrafikə uyğun olaraq 18 inzibati ərazi nümayəndəliyinin hər birində Rayon İcra Hakimiyyəti başçısı yanında Şura üzvlərinin və İcra Hakimiyyətinin məsul işçilərinin iştirakı ilə hesabat yığıncaqları keçirilmiş və bu yığıncaqlarda 2334 nəfər iştirak etmiş, 71 təklif verilmişdir ki, bunlar da əsasən Neftçala şəhərinin su və kanalizasiya sisteminin yenidən qurulması, rayonun bütün yaşayış məntəqələrində elektrik təsərrüfatının yaxşılaşdırılması, qazla təmin olunmayan yaşayış məntəqələrinin qazlaşdırılması, avtomobil yollarının təmiri, bəzi yaşayış məntəqələrində yeni uşaq bağçası-körpələr evinin açılması, təmirə ehtiyacı olan uşaq bağçası-körpələr evlərinin və məktəblərin əsaslı təmiri, suvarma və drenaj kanallarının təmizlənməsi, Kür çayından Xol zonasına çəkilən Magistral kanalda işlərin yenidən bərpası, və digər məsələlərdən ibarət olmuşdur.
2016-cı ildə Rayon İcra Hakimiyyətinə vətəndaşlar tərəfindən 699 müraciət daxil olmuşdur ki, bundan 583 müraciət ərizə, 116 müraciət şikayət xarakterli olmuşdur.
2016-cı ildə Rayon İcra Hakimiyyəti başçısı tərəfindən 331 vətəndaş qəbul edilmişdir. O cümlədən, Rayon İcra Hakimiyyəti başçısı aparatında 119 nəfər, səyyarı qəbullarda 212 nəfər vətəndaş qəbul edilmişdir. Rayon İcra Hakimiyyəti başçısı aparatında başçı tərəfindən qəbul olunmuş 119 nəfər vətəndaş müraciətləri mövzular üzrə araşdırılarkən 7 müraciət mənzil ilə təmin olunma, 45 müraciət işlə təmin olunma, 21 müraciət evini qəzalı olması, tikinti materialları ilə köməklik olunması, 12 müraciət torpaq məsələləri, 6 müraciət kommunal məsələləri, 10 müraciət elektrik enerjisi, qaz, su təchizatı məsələləri, 5 müraciət birdəfəlik maddi yardımın verilməsi , 13 müraciət ünvanlı sosial yardım məsələlər barədə olmuşdur.
2016-cı ildə Rayon İcra Hakimiyyətində vətəndaşların qəbulu , görüşlərin keçirilməsi həmçinin, Rayon İcra Hakimiyyəti başçısı aparatında fəaliyyət göstərən operativ idarəetmə mərkəzində, video - konfrans zalında 18 inzibati ərazi dairəsi üzrə nümayəndəliyi əhatə etməklə həyata keçirilmiş , vətəndaşların müraciətləri dinlənilmiş və həlli istiqamətində müvafiq işlər görülmüşdür.
Rayon İcra Hakimiyyəti 2017-ci ildə də, Azərbaycan Respublikası Prezidenti Zati-aliləri cənab İlham Əliyevin göstərişlərini, imzaladığı fərman və sərəncamlarını və Azərbaycan Respublikasının Qanunlarını əldə rəhbər tutub qarşıya qoyulan vəzifələrin icrasını, vətəndaşların qəbulu, onların müraciətlərinə baxılmasının səmərəliliyini artırmaq məqsədilə bundan sonra da lazımi tədbirlər görəcək və gələcək fəaliyyətində öz işini günün tələbləri səviyyəsində quracaqdır.