Şriftin ölçüsü :

Saytın rəngi :

2026–2030-cu illər üçün Dövlət Proqramının hədəfləri, pambıqçılıq sahəsi üzrə çağırışlar mövzusunda fermerlərlə görüş keçirildi

11 avqust 2026 | 17:41

Neftçala Rayon İcra Hakimiyyəti başçısının 16 iyul 2026-cı il tarixli 80 nömrəli Sərəncamı ilə yaradılmış Əlaqələndimə Qərargahının üzvləri, Neftçala rayonunda 2026-2030-cu illərdə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair təsdiq edilmiş “İş planı”na əsasən rayonun Dördlər kəndində pambıq sahəsində fermerlərlə görüş keçirib, Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində pambıqçılıq üzrə qarşıya qoyulan hədəflərə nail olmaq üçün dövlət dəstəyi mexanizmlərinin təmin edilməsi, pambıqçılıq sahəsi üzrə çağırışlar barədə ətraflı məlumat verilib.

Görüşün əsas məqsədi pambıqçılığın inkişafı, dövlət dəstəyi tədbirlərinin gücləndirilməsi istiqamətində atılan addımların, müasir suvarma sistemlərindən istifadə imkanlarının, pambıqçılıq sahəsi üzrə çağırışların və innovativ yanaşmaların fermerlər arasında geniş yayılmasına dəstək göstərilməsidir.

Görüşdə pambıqçı fermerlərlə aqrotexniki qulluq tədbirləri, yeni əkin üsullarının məhsuldarlığa müsbət təsiri, düzgün toxum seçimi, suvarma məsələləri, müasir suvarma sistemlərinin tətbiqi, pambıq istehsalında məhsuldarlığın artırılması yolları, bitkilərin sağlam inkişafının təmin edilməsi, zərərverici və xəstəliklərə qarşı müasir, effektiv və ekoloji cəhətdən təhlükəsiz mübarizə üsullarının tətbiqi müzakirə edilib.

Bildirilib ki, fermerlərin maddi rifah halının yaxşılaşdırılması daim diqqət mərkəzindədir. Pambıqçılığın inkişafı istiqamətində dövlət dəstəyi tədbirləri gücləndirilir, bu sahəyə marağın artması fermerlərin gəlirlərinin artmasına və kənd əhalisinin məşğulluq səviyyəsinin yüksəlməsinə müsbət təsir göstərir. Qeyd olunub ki, Dövlət Proqramından irəli gələn strateji vəzifələrin icrası məqsədilə bu il Neftçala rayonunda pambıqçılıqla məşğul olan fermerlər və torpaq mülkiyyətçiləri tərəfindən  6735,0 hektar sahədə pambıq əkilmişdir. Ötən 2025-ci ildə Neftçala rayonunda 7167,0 hektar sahədə pambıq əkilərək sahələrdən 28634,62 ton xam pambıq tədarük edilib və məhsuldarlıq 40,0 sentner olub. Bu göstərici ilə rayonumuz respublika üzrə üçüncü sırada yer alıb. Fermerlərə cari mövsümdə də bu uğurlu tendensiyanın qorunması və məhsuldarlığın daha da artırılması üçün aqrotexniki qulluq qaydalarına ciddi əməl olunmasının vacibliyi bildirilib, pambıqçılıq sahəsi üzrə çağırışlara qoşularaq qarşıya qoyulan hədəflərə nail olmaq bir məqsəd kimi vurğulanıb.

Sonda fermerlərin müraciət və təklifləri dinlənilmiş, səsləndirdikləri təkliflər qeydə alınmış, pambıq istehsalçılarının fəaliyyətinə hər tərəfli dəstəyin davam etdiriləcəyi diqqətə çatdırlıb.

Keçidlər