2026–2030-cu illər üçün Dövlət Proqramının hədəfləri, intensiv heyvandarlığın inkişaf etdirilməsi mövzusunda fermerlərlə görüş keçirildi
Neftçala Rayon İcra Hakimiyyəti başçısının 16 iyul 2026-cı il tarixli 80 nömrəli Sərəncamı ilə yaradılmış Əlaqələndimə Qərargahının üzvləri, Neftçala rayonunda 2026-2030-cu illərdə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair təsdiq edilmiş “İş planı”na əsasən Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzində rayon ərazisində fəaliyyət göstərən iri buynuzlu heyvandarlıq, qoyunçuluq təsərrüfat sahibləri, fermerlərlə görüş keçirib, Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində iribuynuzlu heyvandarlıq və qoyunçuluq sektoru üzrə qarşıya qoyulan hədəflərə nail olmaq üçün dövlət dəstəyi mexanizmlərinin təmin edilməsi, intensiv və yarım intensiv heyvandarlıq sahəsi üzrə çağırışlar barədə ətraflı məlumat verilib.
Görüşün əsas məqsədi intensiv və yarım intensiv iri və xırda buynuzlu heyvandarlıq sektorunun inkişafı, dövlət dəstəyi tədbirlərinin gücləndirilməsi istiqamətində atılan addımların, təsərrüfatların cins damazlıq heyvanlar ilə təmin olunmasının dəstəklənməsi, investisiya yönümlü yeni cins heyvan subsidiyası mexanizminin tətbiqi, damazlıq və məhsul subsidiyasının, avadanlıqların qiymətinin 40%-nə güzəşt, 50%-na kredit faiz subsidiyasının tətbiq edilməsi sahəsi üzrə çağırışların və innovativ yanaşmaların fermerlər arasında geniş yayılmasına dəstək göstərilməsidir.
Görüşdə iri və xırda buynuzlu heyvandarlıq sektoru üzrə fəaliyyət göstərən fermerlərlə iribuynuzlu heyvanların indentifikasiyanın aparılması, heyvandarlıqda damazlığın dəstəklənməsi, intensiv və yarım-intensiv qoyunçuluq, iri buynuzlu heyvan təsərrüfatlarının yaradılması, intensiv tipli tövlə sistemlərinin quraşdırılması, yüksək məhsuldar damazlıq heyvanların ölkəyə gətirilməsi və süni maylandırma xidmətlərinin əhatəsinin genişləndirilməsi müzakirə edilib.
Neftçala rayonu İcra Hakimiyyəti başçısının müavini- Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri Burcalı Ağayev bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aqrar sahənin inkişafı istiqamətində həyata keçirilən ardıcıl islahatlar kənd təsərrüfatında istehsal və ixrac potensialının artmasına, ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə mühüm töhfə verib. Aqrar sektorda yeni inkişaf mərhələsinə keçidi təmin etmək məqsədilə qəbul edilən Dövlət Proqramı məhsuldarlığın, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi eləcə də iribuynuzlu heyvandarlıq, qoyunçuluq, quşçuluq sahələrinin inkişafı, damazlıq heyvan və məhsul subsidiyasının tətbiqi baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd olunub ki, dövlət tərəfindən təqdim edilən çoxşaxəli dəstək tədbirləri və yeni Dövlət Proqramının yaratdığı imkanlar Neftçala rayonunda kənd təsərrüfatının davamlı inkişafını təmin edəcəkdir.
Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Miradil Əhmədli çıxış edərək, ölkə rəhbərliyi tərəfindən təsdiq edilən bu strateji Dövlət Proqramının Neftçala rayonunda intensiv təsərrüfatçılığa keçidin sürətləndirilməsi, ərzaq təhlükəsizliyinin təmin olunması və aqrar sektorun rəqabət qabiliyyətliliyinin artırılması baxımından müstəsna əhəmiyyət kəsb etdiyini fermerlərin diqqətinə çatdırdı.
Görüşdə iştirak edən fermerlər kənd təsərrüfatının inkişafına göstərilən davamlı dövlət dəstəyini yüksək qiymətləndirərək, bu sahəyə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. Bildirilib ki, Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin görülməsi aqrar istehsalın genişləndirilməsi, məhsuldarlığın artırılması, iribuynuzlu heyvandarlıq, qoyunçuluq sektoru üzrə intensiv və yarım-intensiv təsərrüfatların yaradılması daxili tələbatın yerli istehsal hesabına tam ödənilməsində, idxaldan asılılığın aradan qaldırılmasında mühüm əhəmiyyət kəsb edir. Tədbirdə fermerlərin təklif və fikirləri dinlənildi, qarşılıqlı fikir mübadiləsi formatında müzakirələr aparıldı.







