Neftçalada Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin yeni inzibati binası istifadəyə verilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli qurumlarında iş və vətəndaşlara xidmət şəraitinin müasir tələblər səviyyəsində qurulması tədbirlərinin davamı olaraq, nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Neftçala rayon şöbəsinin yeni inzibati binası istifadəyə verilib.
Bu münasibətlə keçirilən tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) direktoru Zakir Babayev, rayon icra hakimiyyətinin başçısı İsmayıl Vəliyev və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən fondun direktoru Z.Babayev sosial cəhətdən həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsinin Prezident İlham Əliyevin siyasətində mühüm yer tutduğunu vurğulayıb. Bu istiqamətdə əldə edilmiş nailiyyətləri diqqətə çatdıran Z.Babayev əmək pensiyalarının, müavinətlərin, təqaüdlərin cari ildə də növbəti dəfə artırıldığını qeyd edib. Bildirilib ki, sosial sığorta daxilolmalarında artım meyili də davam edir. Bunun təzahürü kimi, Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,8 faiz artıb. Fərdi uçot sisteminin əhatə dairəsi də genişlənir. İndi bu sistemdə 3.336.912 nəfər vətəndaş qeydiyyatdadır ki, bu da cari ilin əvvəli ilə müqayisədə 156.758 nəfər çoxdur. Sosial sığorta haqqı üzrə daxilolmaların artım səviyyəsi pensiya və müavinətlərin hər ay qrafik üzrə maliyyələşdirilməsini təmin etməyə imkan yaradıb.
Fondun direktoru bildirib ki, müvafiq fəaliyyət sahələri üzrə vətəndaşlara müasir tələblərə cavab verən səviyyədə xidmətin təşkili də diqqətdə saxlanılır: “Ölkənin sığorta-pensiya sisteminin qabaqcıl beynəlxalq standartlara uyğun qurulmuş avtomatlaşdırılmış infrastrukturu bu sahədə əhaliyə elektron müstəvidə xidmətlər göstərməyə imkan verib. Hazırda vətəndaşlar sığorta və pensiya münasibətləri, sosial yardım, müavinət və təqaüdlərlə bağlı elektron xidmətlərdən yararlanırlar. Həmin “e-xidmət”lər qeyd olunan sahələrdə məmur-vətəndaş təmaslarının əhəmiyyətli şəkildə azalmasına, əhalinin şəffaf xidmətlərlə təminatına səbəb olub”.
Fondun departament və rayon (şəhər) şöbələrinin böyük əksəriyyətinin son illərdə yeni inzibati binalarla təmin edildiyini qeyd edən Z.Babayev vurğulayıb ki, onların hər birində əməkdaşlar üçün beynəlxalq standartlara uyğun iş şəraiti yaradılıb. Belə iş yerlərinin yaradılması isə fəaliyyətin səmərəliliyinin artırılmasına öz müsbət təsirini göstərir.
Tədbir iştirakçıları binada əməkdaşların fəaliyyəti və vətəndaşlara yüksək səviyyədə xidmətin göstərilməsi üçün yaradılmış şəraitlə tanış olub, əməliyyatların avtomatlaşdırılmış formada aparılması üçün qurulmuş elektron sistemin fəaliyyətini nəzərdən keçiriblər.
Fondun əməkdaşları onlar üçün müasir tələblərə uyğun iş şəraitinin yaradılmasından razılıqlarını ifadə edib, əhaliyə daim yüksək səviyyədə xidmət göstərilməsi üçün səy göstərəcəklərini vurğulayıblar.
İnzibatı binanın açılışından sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Neftçala rayonunda 10 fərdi yaşayış evini Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim edib.
Zakir Babayev çıxışında hər bir istifadəyə verilən mənzildə normal yaşayış üçün müasir tələblərə uyğun şərait yaradıldığını diqqətə çatdırıb: “Hazırda qeyd olunan təbəqələrə aid insanların mənzillə təminatı məqsədilə fərdi və çoxmənzilli yaşayış evlərinin tikintisi, eləcə də hazır yaşayış binalarından mənzillərin alınaraq təmir etdirilməsi işləri davam etdirilir”. DSMF sədri müharibə əlilləri və onlara bərabər tutulanların, şəhid ailələrinin Azərbaycan prezidentinin aylıq təqaüdləri və sosial müavinətlərlə, əmək pensiyaları ilə təminatının gücləndirilməsi yönündə görülən işlərdən də söz açıb.
Qarabağ müharibəsi əlilləri və şəhid ailələri hər zaman diqqət və qayğı ilə əhatə olunduqlarına, bu gün isə müasir tələblərə uyğun inşa olunmuş fərdi yaşayış evləri ilə təmin edildiklərinə görə Azərbaycan prezidenti İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.
İstifadəyə verilən 10 fərdi yaşayış evindən 6-sı Qarabağ müharibəsi əlillərinə, 4-ü isə şəhid ailələrinə təqdim edilib.