Neftçala rayon müəllimlərinin sentyabr Konfransı keçirilmişdir.
11 sentyabr 2012-ci il tarixində Neftçala rayon müəllimlərinin ənənəvi sentyabr konfransı keçirilmişdir. Konfrans öz işinə başlamazdan əvvəl konfrans iştirakçıları milli lider Heydər Əliyevin adını daşıyan istirahət parkına gələrək ulu öndərin abidəsini ziyarət etmişlər.
Konfransda Neftçala rayonu İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev, Azərbaycan Respublikası Təhsil Nazirliyinin məsul işçisi İsmayıl Sadıqov, müəllimlər və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdir.
Konfransda Neftçala rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimovun məruzəsi dinlənilmişdir. Məruzədə 2011-2012-ci tədris ilində rayon təhsilinin inkişafı ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verilmişdir. Qeyd edilmişdir ki, bu il ali məktəblərə qəbul üçün 332 nəfər sənəd vermişdir ki, onlardan 163 nəfəri ölkənin ali məktəblərinə qəbul olunmuşdur. Ali məktəbə qəbul olunanlardan 26 nəfəri 500-dən çox bal toplamışdır ki, onlardan da 5 nəfəri 600-dən yuxarı nəticə göstərmişdir. Bu il həm də 2 məzunumuz Prezident təqaüdünə layiq görülmüşdür. Bunlardan Mirqurbanlı kənd tam orta məktəbin məzunu Leyla Elşad qızı Bəşirli 682 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsinə və Aşağı Surra kənd tam orta məktəbin məzunu Nigar İlqar qızı Bağırlı 674 bal toplayaraq Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsinə daxil olmuşdur.
Təhsil Nazirliyinin məsul işçisi İsmayıl Sadıqov çıxış edərək təhsil sahəsində aparılan yeniliklər haqında məlumat vermişdir.
Neftçala rayonu İcra Hakimiyyətinin başçısı cənab İsmayıl Vəliyev konfransdakı nitqində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkə təhsilinin inkişafına göstərdiyi qayğıdan danışaraq, bu qayğının Neftçala rayonunu da geniş əhatə etdiyini vurğuladı və konfransın sonunda rayon təhsilinin inkişafı ilə bağlı tövsiyələrini verdi.