Neftçala rayonunda 2 İyul-Azərbaycan polisinin yaranmasının 106-cı ildönümü qeyd olunub
Tədbirdən öncə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Neftçala Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Emil Cavadov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, YAP Neftçala rayon təşkilatının rəhbərləri, polis şöbəsinin kollektivi və veteran polis işçiləri tərəfindən Neftçala şəhərində ucaldılan Ulu Öndər Heydər Əliyevin əzəmətli heykəli ziyarət olunub, abidənin önünə gül dəstələri düzülüb və Ulu Öndərin əziz xatirəsi ehtiramla yad edilib.
İlk öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların, xidməti borcunu yerinə yetirərkən həlak olan polis əməkdaşlarının ruhu bir dəqiqəlik sükutla yad olunub və Dövlət Himni səslənib.
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Azərbaycan polisinin keçdiyi 106 illik şərəfli xidmət yolu, ictimai asayişin, daxili təhlükəsizliyin, həmçinin, vətəndaşların hüquq və azadlıqlarının qorunmasında polis əməkdaşlarının əvəzsiz rolundan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin polis əməkdaşlarına göstərdiyi xüsusi diqqət və qayğıdan danışıb. RİH-in başçısı bildirib ki, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində davamlı surətdə müasirləşən, təkmilləşən, beynəlxalq standartlara cavab verən infrastruktur və maddi texniki bazaya malik olan Daxili İşlər orqanları cinayətkarlığa, onun transmilli mütəşəkkil növlərinə qarşı əzmlə mübarizə aparır. İctimai Qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi vəzifələrini, o, cümlədən işğaldan azad edilən ərazilərdə qarşıya qoyulan tapşırıqları peşəkarlıqla yerinə yetirir. Vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində əldə olunan nəticələr də məmnunluq doğurur. RİH-in başçısı Daxili İşlər Nazirliyi əməkdaşlarının Vətən Müharibəsi və lokal antiterror əməliyyatları zamanı öz şücaətlərini bir daha nümayiş etdirdiyini, 44 günlük Vətən müharibəsində Daxili Qoşunların 66 əməkdaşının, lokal antiterror əməliyyatları zamanı isə 13 əməkdaşının şəhid olmasını, 346 hərbi qulluqçu isə yaralanmasını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Daxili Qoşunların əməkdaşlarından 1690 nəfər Prezident cənab İlham Əliyevin imzaladığı sərəncamlarla orden və medallara, o cümlədən 4 nəfər Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüblər.
Bizlər əminik ki, öz peşə andına sadiq olan və şərəfli polis adını həmişə uca tutan Azərbaycan Polisi bundan sonra da xalqın asayişinin keşiyində mətinliklə dayanacaq, Dövlət Başçımızın etimadını doğruldacaqdır. RİH-in başçısı “Polis Günü” münasibətilə polis əməkdaşlarına ən xoş arzularını bildirib.
Tədbirdə çıxış edən Neftçala rayon Polis şöbəsinin rəisi, polis polkovniki Emil Cavadov daxili işlər orqanlarının fəaliyyətini hər zaman yüksək qiymətləndirdiyinə görə bütün şəxsi heyət adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə dərin minnətdarlığını bildirib, bundan sonra da ölkədə sabitliyin və təhlükəsizliyin təmin olunmasında, fundamental insan hüquq və azadlıqlarının etibarlı müdafiəsində və qarşıya qoyulan digər mühüm tapşırıqlarının vaxtında icra olunmasında polis əməkdaşlarının vicdanla və peşakarlıqla xidmət edəcəklərini bildirib.
Tədbirdə çıxış edən Neftçala Rayon Prokuroru Nəsif Nəcəfov, Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri, Veteran polis işçisi Sadiq Abbasov, şəhid Şahlar Məmmədovun anası Əzizə Məmmədova, Vətən müharibəsi veteranı, baş leytenant Yusif Abdullayev və digər natiqlər peşə bayramı münasibətilə polis əməkdaşlarını ürəkdən təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar və müvəffəqiyyətlər arzu ediblər.
Tədbirdə “Azərbaycan polisinin yaranmasının 106-cı ildönümü” münasibətilə bir qrup polis əməkdaşı Neftçala Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə fəxri fərmanlarla təltif olunublar.
Tədbirin sonunda xatirə şəkili çəkilib.