Neftçala rayonunda 12 Noyabr - Konstitusiya gününə həsr olunmuş tədbir keçirildi.
12 noyabr 2016-cı il tarixdə Neftçala rayon Heydər Əliyev Mərkəzində Konstitusiya gününə həsr olunmuş dəyirmi masa keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsini ziyarət etdilər, əziz xatirəsinə tər çiçəklər qoyuldu.
Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin Başçısının birinci müavini Vurğun Əkbərov Konstitusiya Günü münasibətilə iştirakçıları təbrik etdi, demokratik dövlət və cəmiyyət quruculuğu baxımından böyük əhəmiyyət daşıyan, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu ilk Milli Konstitusiyamızın qəbul olunması tarixindən danışdı.
V. Əkbərov qeyd etdi ki, hər bir dövlətin mövcüdluğunu şərtləndırən mühüm amillərdən biri onun qanunvericilik sisteminin olmasıdır. Bu baxımdan Azərbaycan Respublikasının da qanunvericilik sisteminin əsasını Azərbaycan Respublikasının Konstitusiyası təşkil edir. 21 il öncə, 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanımızın ilk Konstitusiyası idi.1918-1920-ci illərdə 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin Əsas Qanununu-Konstitusiyanı qəbul edə bilməmişdi. Azərbaycanın birinci Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilmişdi. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul olunmuşdur. Azərbaycan SSR-nin 1978-ci il aprelin 21-də qəbul edilmiş Konstitusiyası da əvvəlki konstitusiyalar kimi SSRİ Konstitusiyasına uyğunlaşdırılmış şəkildə idi.
Lakin ötən əsrin 90–cı illərində əsrlər boyu böyük mərhələlərdən keçib tarixi müstəqilliyinə qovuşan xalqımızın qarşısında dövlət təsisatların yaradılması, hüquqi və demokratik dövlət quruculuğu bütün zərurəti ilə gündəlikdə dururdu. Demokratik cəmiyyət quruculuğu xətti tutan ölkəmizin ilk növbədə mükəmməl qanunlar toplusuna ehtiyacı var idi. Köhnə sovet qanunları artıq müasir dəyərlərə cavab vermirdi. Demokratik islahatlar yeni Konstitusiyanın tezliklə qəbul olunmasını tələb edirdi. 1994-cü ilin axırları 1995-ci ilin əvvəllərində Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının yaradılması ilə bağlı məsələ gündəmə gəldi. Prezident Heydər Əliyevin sədrliyi ilə xüsusi komissiyası təşkil edildi. Mütəxəssislərdən ibarət işçi qrupu layihənin ilkin mətnini hazırlamağa başladı. Konstitusiya komissiyasının sədri Prezident Heydər Əliyevin rəhbərliyi ilə keçən komissiyanın ilk iclasında layihədə ümumbəşəri dəyərlərin, xalqın tarixi keçmişinin və son illərin təcrübəsinin ciddi nəzərə alınması bir vəzifə olaraq qarşıya qoyuldu. Xarici dövlətlərin ölkəmizdəki səfirlərinin iştirakı ilə keçirilən həmin iclasda Prezident Heydər Əliyev yaranacaq yeni Konstitusiyanın əsas prinsiplərinin necə olacağını bəyan etdi. Birmənalı şəkildə demək olar ki, layihənin müəllifi ümummilli lider Heydər Əliyevin özü idi. Hər bir fəsil və maddənin yazılmasına gərgin əmək sərf edən Ulu Öndərin müəllifi olduğu bu layihə 1995-ci ilin oktyabrın 15-də ümumxalq müzakirəsi üçün mətbuatda dərc olundu. 1995-ci ilin noyabrın 12-də referendum yolu ilə qəbul edildi. 1996-cı il fevral ayının 6-da Ümummilli lider Heydər Əliyev 12 Noyabrın Azərbaycan Respublikasının Konstitusiyası Günü kimi qeyd olunması barədə sərəncam imzaladı. Artıq 20 ildir respublikamızda bu tarixi gün böyük təntənə ilə qeyd olunur.
Milli Konstitusiyamız respublikamızın qoşulmuş olduğu bir sıra beynəlxalq konvensiyalara və müqavilələrə, beynəlxalq miqyasda qüvvədə olan qanunlara əsaslanır. Konstitusiyamız Azərbaycanın beynəlxalq aləmdə bərabərhüquqlu üzv kimi öz müstəqilliyinə söykənən xalqımızın mənafeyinə uyğun siyasət aparmasına geniş imkanlar yaradır, Azərbaycan Respublikasının, onun dövlətinin suverenliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün qorunmasına təminat verir. Ölkənin daxili həyatının hüquq normalarına əsasən tənzimlənməsinin Konstitusiyada təsbit edilməsi hüquqi dövlətin yaranmasından xəbər verir.Milli Konstitusiyamız bu gün çiçəklənən, inkişaf edən Azərbaycanımızın yollarına işıq salır. Qanunlarımızın aliliyi dövlətimiz, eləcə də hər bir vətəndaşımız tərəfindən qorunur. Qanunlara hörmət, dövlətə sədaqət, Vətənə məhəbbət hər bir azərbaycanlının həyat amalına çevrilir. Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin ölkəmizdə apardığı uğurlu islahatlar xalqın sosial-rifah halının yaxşılaşmasına xidmət etməklə qanunlarımızın aliliyinə söykənir.