Şriftin ölçüsü :

Saytın rəngi :

Pambıqçılığın inkişafı ilə bağlı Neftçala rayonu İcra Hakimiyyətinin qarşısında duran vəzifələr barədə yığıncaq keçirilmişdir

20 sentyabr 2016 | 04:09

19 sentyabr 2016-cı il tarixində Neftçala rayonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 17 sentyabr 2016-cı il tarixində Sabirabad rayonunda keçirilən pambıqçılığın inkişafına dair respublika müşavirəsindəki nitqindən irəli gələn məsələlər və Neftçala rayonunun İcra Hakimiyyətinin qarşısında duran vəzifələr barədə yığıncaq keçirilmişdir.

Yığıncağı giriş sözü ilə açan Neftçala rayon İcra Hakimiyyətinin başçısı cənab İsmayıl Vəliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev siyasi irsinə əsaslanmış və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən respublikamızda qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının strateji sahələrindən hesab olunan pambıqçılığın inkişaf etdirilməsi ilə bağlı qəbul etdiyi müdrik qərarlar, verdiyi tapşırıq və tövsiyələr sayəsində, ölkəmizdə pambıqçılığın sürətli inkişafına qısa müddətdə əlverişli şərait yaradıldığını qeyd etmiş və respublikamızda sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, torpaqlardan səmərəli istifadə edilməklə ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi, yeni iş yerlərinin yaradılması, ən başlıcası isə insanların həyat şəraitinin yaxşılaşdırılması sahəsində qarşıya qoyulan vəzifələr ali məqsədlərə xidmət edir və bu baxımdan 17 sentyabr 2016-cı il tarixində Sabirabad rayonunda keçirilən pambıqçılığın inkişafına dair respublika müşavirəsinin çox böyük önəmi olduğunu vurğulamışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 17 sentyabr 2016-cı il tarixində Sabirabad rayonunda pambıqçılığın inkişafına dair respublika müşavirəsi keçirilmiş və cənab prezident müşavirədəki nitqində demişdir: ” Kənd təsərrüfatının inkişafı Azərbaycanda prioritet sahədir. İndi fermerlər torpaq vergisi istisna olmaqla bütün vergilərdən azaddırlar. Böyük həcmdə subsidiyalar verilir. Fermerlərə subsidiya şəklində 200 milyon manata yaxın vəsait verilir. Kənd təsərrüfatı texnikası, gübrələr alınır, onlar və yanacaq fermerlərə güzəştli şərtlərlə verilir. Burada da həm dövlət nəzarəti, ictimai nəzarət güclü olmalıdır, həm də yerli icra orqanları bu işlərdə daha da fəal olmalıdırlar ki, dövlət tərəfindən ayrılan vəsait ünvana çatsın və bunun nəticəsi olsun. Biz Azərbaycana valyuta axınını təmin etməliyik. Ona görə, ixracyönümlü məhsulların istehsalı xüsusi əhəmiyyət daşıyır. Pambıq da ixracyönümlü məhsuldur. Təsadüfi deyil ki, pambığa “Ağ qızıl ” deyirlər. Bu il pambıqçılığın bərpasının birinci ilidir. Bu il bütövlükdə 51 min hektar sahədə pambıq əkilib. Keçən illə müqayisədə bu, təxminən üç dəfə çoxdur. Əgər keçən il 35 min ton pambıq yığılıbsa, bu il ən azı 100 min ton pambıq yığılmalıdır. Gələn il üçün bizim daha da böyük planlarımız var. Gələn ilə hazırlıq işləri artıq başlayıb. Bu il buna böyük vəsait sərf olunub, operativ olaraq bütün lazımi tədbirlər görülübdür. Suvarma ilə, elektrik enerjisi ilə bağlı tədbirlər görülüb, yeni pambıqyığan kombaynlar, yüzlərlə adda kənd təsərrüfatı texnikası gətirilib. Biz torpaqlardan çox səmərəli şəkildə istifadə etməliyik. Bizim çox böyük torpaq sahələrimiz yoxdur. Biz ancaq yeni texnologiyalar, meliorativ tədbirlər nəticəsində yeni, böyük torpaq sahələrini dövriyyəyə cəlb edə bilərik. Böyük torpaq sahələri daha da səmərəli şəkildə dövriyyəyə buraxılacaq. Ona görə, bu il çox ciddi təftiş aparılır. Bəzi torpaqlar müxtəlif adamlar tərəfindən qanunsuz olaraq zəbt edilib və o torpaqlarda heç bir fəaliyyət göstərilmir. O torpaqların icarə müqavilələri ləğv edilməlidir. Artıq bir çox icarə müqavilələri ləğv olunub, bu proses davam etdirilir. Dövlət orqanları, yerli orqanlar və ictimaiyyət tərəfindən çox ciddi nəzarət olmalıdır. Mən dəfələrlə demişəm ki, ictimai nəzarət Azərbaycanda güclü olmalıdır. İctimai nəzarət, yəni, vətəndaşların nəzarəti güclü olarsa, onda biz bu işləri daha da böyük uğurla həll edə bilərik. Bir daha qeyd etmək istəyirəm ki, pambıqçılıq özündə bir çox önəmli amili birləşdirir. Bu, kənd təsərrüfatının sürətli inkişafı, yüz minlərlə iş yerinin yaradılması, ixrac potensialımızın inkişafı deməkdir və dövlətin özəl sektora praktiki diqqətinin, dəstəyinin təzahürüdür. Ona görə də koordinasiya mütləq olmalıdır və bütün işlər vahid mərkəzdən idarə edilməlidir. Biz ancaq bu təqdirdə istədiyimizə nail ola bilərik. Bir daha demək istəyirəm ki, 2016-cı il pambıqçılığın inkişafı üçün həlledici il olacaq. Bu, bir başlanğıcdır və əminəm ki, bundan sonra pambıqçılıq Azərbaycanda sürətlə inkişaf edəcək, geniş vüsət alacaq. Dediyim kimi, bunun həm insanlara, həm dövlətə böyük xeyri olacaq.”

Cənab İsmayıl Vəliyev  Prezidentin nitqində qeyd olunan məsələlərlə bağlı bəzi məqamlara toxunaraq pambıqçılığın inkişafı ilə bağlı aparılan uğurlu siyasətin ölkəmizin bütün regionlarında olduğu kimi, Neftçala rayonunda da öz bəhrəsini verdiyini qeyd etmişdir.

2016-cı ildə ümumilikdə rayon üzrə 1541 hektar torpaq sahəsində pambıq becərilmişdir ki, bundan 1089 hektarı xüsusi mülkiyyətdə , 200 hektarı dövlət torpaq fondundan, 252 hektarı isə bələdiyyə mülkiyyətinə aid olan torpaqlardır. Qeyd olunan torpaq sahələrinin mülkiyyətçiləri ilə “MKT-Salyan” (1498 ha) və “CTS Aqro” MMC-nin Salyan pambıq istehsalat və tədarükü məntəqəsi (43 ha) arasında müqavilələr bağlanmış və müqavilə şərtlərinə əsasən pambığın becərilməsində və yığılmasında zəruri tədbirlər görülmüşdür. Həmin torpaq sahələrində aqrotexniki qaydalara əsasən pambıq sahələri becərilmiş, suvarma suyu ilə təmin edilmiş və hazırda pambıq yığımı davam etdirilir. Hala hazıradək becərilmiş 1541 hektar pambıq sahələrindən ümumilikdə 200 tondan yuxarı pambıq yığılaraq “MKT-Salyan” və “CTS Aqro” MMC-nin Salyan pambıq istehsalat və tədarükü məntəqəsinə təhvil verilmişdir. Pambığın becərilməsində və yığılan pambığın daşınmasında ümumilikdə 100 ədəddən çox kənd təsərrüfatı texnikasından istifadə edilmişdir. Becərmə və yığım dövründə ümumilikdə 2184 nəfər işçi qüvvəsi cəlb edilmişdir ki, bu da öz növbəsində əhalinin məşğulluq səviyyəsinə müsbət təsir göstərir. Hazırda sahələrdə pambıq yığımı davam etdirilir. Pambıq yığımı ilə əlaqədar aidiyyəti qurumlarla birgə pambığın vaxtında və itkisiz yığılması üçün zəruri olan bütün tədbirlər görülmüşdür.

2017-ci ildə 10100 hektar torpaq sahəsində pambıq əkilməsi nəzərdə tutulmuşdur ki, bu torpaqların böyük qismi xüsusi mülkiyyətdə olan torpaqlardır. Həmin torpaq sahələrində suvarmanın müntəzəm qaydada həyata aparılmasını, pambığın aqrotexniki qaydada becərilməsini nəzərə alaraq, məhsuldarlığın ən aşağı həddə hər hektara 25 sentner olması qarşıya məqsəd qoyulmuşdur. Növbəti ildə 27-30 min ton pambıq yığılması

proqnozlaşdırılır. Torpaqların münbitliyinin və məhsuldarlığın artırılması məqsədilə pambıq-yonca-taxıl növbəli əkin sisteminə keçid nəzərdə tutulur. Nəzərdə tutulan 10100 hektar torpaq sahəsində sentyabr ayından başlayaraq dekabrın 20-dək 28-32 sm dərinlikdə şum aparılması və şum altına hər hektara 5-10 ton üzvü və mineral gübrə verilməsi aqrotexniki qaydada həyata keçiriləcəkdir. Hazırda 10100 hektar torpaq sahəsi şumlanması ilə bağlı fermer və torpaq mülkiyyətçiləri ilə MKT-Salyan” və “CTS Aqro” MMC-nin Salyan pambıq istehsalat və tədarükü məntəqəsi ilə müqavilələrin bağlanmasına başlanmışdır.

Mütləq qaydada qış və yaz aratlarının aparılması, sahələrin malalanması və ümumilikdə hazırlıq işləri, növbəti ildə çiyid səpinini optimal müddətdə, aprel ayında başa çatdırmağa imkan verəcəkdir. Pambıq sahələrinin alaq otları və ziyanvericilərə qarşı mübarizədə lazımı dərmanlarla təchiz olunmasında fermerlərə yaxından köməklik göstəriləcəkdir.

Rayon İcra Hakimiyyəti ,Azərbaycan Respublikası Prezidenti Zati-aliləri cənab İlham Əliyevin pambıqçılığın inkişafı ilə bağlı verdiyi tapşırıqların yerinə yetirilməsi istiqamətində bundan sonra da bütün imkanları səfərbər edəcək, əhalinin məşğulluğunun təmin edilməsi və həyat səviyyəsinin daha da yüksəldilməsi üçün qarşıya qoyulan vəzifələri icra edəcək, bu istiqamətdə lazımi tədbirlər görəcək və gələcək fəaliyyətində öz işini günün tələbləri səviyyəsində quracaqdır.

Keçidlər