Neftçala Sənaye Məhəlləsində avtomobil zavodunun təməli qoyuldu
Avqustun 6-da Neftçala Sənaye Məhəlləsində Azərbaycan Respublikasının "Azevrocar" MMC şirkətinin İran İslam Respublikasının "İran Khodro" şirkəti ilə birgə həyata keçirdiyi layihə üzrə avtomobil istehsalı zavodunun təməli qoyulub. Tədbirdə İqtisadiyyat naziri Şahin Mustafayev və ölkəmizdə səfərdə olan İran İslam Respublikasının Sənaye, mədən və ticarət naziri Məhəmmədrza Nemətzadənin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
Neftçala Sənaye Məhəlləsində avtomobil istehsalı zavodunun təməlini qoyan İqtisadiyyat naziri Şahin Mustafayevə və İran İslam Respublikasının Sənaye, mədən və ticarət naziri Məhəmmədrza Nemətzadəyə məlumat verilib ki, istehsal gücü ildə 10 000 ədəd avtomobil olacaq zavodda 300 yeni iş yerinin yaradılması nəzərdə tutulur. Dəyəri 15 mln. ABŞ dolları olan layihə üzrə müvafiq anlaşma memorandumları bu ilin aprelində imzalanıb. İyun ayında isə avtomobil zavoduna Neftçala Sənaye Məhəlləsinin iştirakçısı statusunu təsdiq edən şəhadətnamə verilib. Neftçala Sənaye Məhəlləsində avtomobil istehsalı zavodunun qurulması köməkçi sənaye istehsalı və xidmət sahələrinin inkişafı üçün də əlverişli imkan yaradır.
Sonra nazirlər Avtomobil Zavodunda istehsal edilməsi nəzərdə tutulan bəzi avtomobil modelləri, eləcə də Neftçala Sənaye Məhəlləsinə sahibkarlar üçün yaradılmış şəraitlə tanış olublar.
Tədbirdə çıxış edən İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan və İran arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, əməkdaşlığın bütün sahələrdə inkişaf etdiyini, əlaqələrimizin genişlənməsinin Azərbaycan və İran prezidentlərinin siyasi iradəsinin göstəricisi olduğunu vurğulayıb. Bildirilib ki, dövlət başçılarının qarşılıqlı səfərləri, keçirilən görüşlər və imzalanmış sənədlər ölkələrimiz arasında əlaqələrin inkişafına böyük stimul verir. Prezidentlər son 3 ildə 6 dəfə görüşüb. Avqustun 7-də İran İslam Respublikasının prezidenti Həsən Ruhani Azərbaycana növbəti səfər edəcək. Əminik ki, bu səfər də ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsinə öz töhfəsini verəcəkdir.
İqtisadi sahədə əməkdaşlıq Azərbayacan-İran əlaqələrinin mühüm istiqamətlərindəndir. Azərbaycanda 450 İran sərmayəli şirkət fəaliyyət göstərir. İran tərəfindən 150 mln. ABŞ dolları qeyri-neft sektoru olmaqla, Azərbaycan iqtisdaiyyatına 2,5 mlrd. dollar investisiya yatırılıb. İran Azərbaycanın mühüm ticarət tərəfdaşlarındandır və təkcə 2016-cı ilin yanvar-iyun aylarında ticarət dövriyyəsinin həcmi 66% artıb. Azərbaycan və İran arasında iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən nəqliyyat, sənaye, səhiyyə, turizm, energetika, maliyyə və bank sahələrdə mühüm addımlar atılıb.
Nazir Şahin Mustafayev qeyd edib ki, bu gün İranın Sənaye, mədən və ticarət nazirinin ölkəmizə səfəri çərçivəsində təməli qoyulmuş avtomobil istehsalı zavodu 10 hektar ərazidə tikiləcək. İlkin olaraq zavoda 15 mln. dollar həcmində investisiyanın yatırılması nəzərdə tutulur. İran tərəfi ilə aparılmış müzakirələr nəticəsində bu vəsaitin 25%-nin İran şirkəti tərəfindən yatırılması barədə razılıq əldə edilib. İnvestisiyanın 75%-i isə özəl Azərbaycan şirkəti tərəfindən yatırılacaq. Zavod 2018-ci ilə qədər istifadəyə veriləcək.
İran İslam Respublikasının Sənaye, mədən və ticarət naziri Məhəmmədrza Nemətzadəyə dost və qonşu ölkələr olar İran və Azərbaycan arasında əlaqələrin dövlət başçılarının fəaliyyəti nəticəsində son zamanlar daha da inkişaf etdiyini vurğulayıb. Qeyd edlib ki, iqtisadi sahədə əlaqələrin genişləndirilməsi üçün böyük potensial var və bu imkanlardan səmərəli istifadə olunmalıdır.Bu gün təməli qoyulan avtomobil istehsalı zavodu bunu bir daha təsdiq edir. İqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin inkişaf etdirilməsinə dair fikirlərini bölüşən İranlı nazir səhiyyə, əczaçılıq və s. sahələrdə əlaqələrin inkişaf etdiyini qeyd edib, Neftçala Sənaye Məhəlləsində sahibkarlar üçün yaradılmış əlverişli imkanlardan məmnunluğunu bildirib, İran şirkətlərinə bu potensialdan yararlanmağa dəvət edib.
Daha sonra Neftçala Sənaye Məhəlləsinə avtomobil istehsalı zavodunun tikintisinə dair Azərbaycanın "Azevrocar" MMC və İranın "İran Khadro" şirkətləri arasında 6 müqavilə imzalanıb. Sənədləri Azərbaycan Respublikasının "Azevrocar" MMC şirkətinin rəhbəri Emin Axundov və İran İslam Respublikasının "İran Khodro" şirkətinin baş direktoru Haşim Yekke Zare imzalayıblar. Müqavilələr distribyutor, lisenziya, avadanlıqların satışı, quraşdırılması və istismara verilməsi, yarımfabrikatların təchizatı, mühəndislik xidmətləri, tədris, mühəndis və texniki dəstək sahələrini əhatə edir.
Qeyd: Ölkəmizdə uğurla həyata keçirilən sənayeləşmə siyasəti çərçivəsində innovativ və müasir texnologiyalara əsaslanan yeni sənaye müəssisələri yaradılır, rəqabətqabiliyyətli və ixracyönümlü sənaye məhsullarının istehsalı artır. Qeyri-neft sənayesinin davamlı inkişafında, regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsində, xüsusilə də kiçik və orta sahibkarlığın inkişafında, məşğulluqda sənayenin xüsusi çəkisinin artırılmasında sənaye zonalarının yaradılması və fəaliyyətinin təşkili xüsusilə önəmlidir. Bu baxımdan, Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2015-ci il tarixli Sərəncamı ilə Neftçala Sənaye Məhəlləsinin yaradılması mühüm əhəmiyyət kəsb edir.
Artıq Neftçala Sənaye Məhəlləsində dövlət tərəfindən sahibkarlar üçün bütün zəruri infrastruktur yaradılıb. Hazırda istehsal sahələrində avadanlıqların yerləşdirilməsi və digər hazırlıq işləri aparılır. Sənaye Məhəlləsi ümumi sahəsi 7800 kvadrat metr olan 8 istehsal təyinatlı modullaşdırılmış blokdan, 1200 kvadrat metr olan inzibati və texniki binalardan ibarətdir. Neftçala Sənaye Məhəlləsinin inzibati binası iki mərtəbəli olmaqla toplantı və təlimlərin keçirilməsi üçün iclas otağı, məhəllənin iştirakçılarına müxtəlif xidmətlər göstərən müəssisələrə icarəyə veriləcək müasir ofis sahələri, sərgi-satış mərkəzi, tibb məntəqəsi, poçt, yeməkxana və sənaye məhəlləsinin idarəedici təşkilatının istifadəsi üçün nəzərdə tutulan sahələrdən ibarətdir. Sənaye Məhəlləsində sahibkarlara ümumi mühasibatlıq, hüquqi məsləhətlər, bank və sığorta, poçt və internet, logistika, istehsalat və məişət tullantılarının idarə olunması, yeməkxana və tibbi xidmətlər də göstəriləcək. Hazırda Neftçala Sənaye Məhəlləsində 8 layihə üzrə işlər aparılır.