Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala Sənaye Məhəlləsində sahibkarlarıq fəaliyyəti üçün bütün şərait yaradılıb

23 iyul 2016 | 09:07

İyulun 22-də Neftçala Sənaye Məhəlləsinin inzibati binasında Məhəllənin mövcud və potensial rezidentləri ilə görüş keçirilmişdir. Tədbir çərçivəsində Neftçala Sənaye Məhəlləsində sahibkarlar üçün yaradılmış şəraitlə tanışlıq olmuş və rezidentlərin Sənaye Məhəlləsindəki gələcək fəaliyyətlərinə dair müzakirələr aparılmışdır.
Tədbiri giriş sözü ilə açan Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev Neftçalada sahibkarların təşəbbüslərinin dəstəkləndiyini, müasir infrastruktur və istehsal müəssisələrinin yaradıldığını, yeni iş yerlərinin açıldığını, dövlət başçısının Sərəncamı ilə yaradılmış Neftçala Sənaye Məhəlləsinin kiçik və orta sahibkarlığın inkişafında mühüm əhəmiyyətini vurğulamışdır.
İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi, rəqabət qabiliyyətinin yüksəldilməsi, real sektora, sahibkarlığa dövlət dəstəyinin artırılması, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması tədbirləri iqtisadiyyatın inkişafının stimullaşdırılmasına xidmət edir. Hazırda müasir tələblərə cavab verən və rəqabətqabiliyyətli istehsal infrastrukturuna malik sənaye parklarının və məhəllələrinin, yeni istehsal sahələrinin yaradılması, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi və məşğulluq səviyyəsinin artırılması ölkənin sənayeləşmə siyasətinin əsas prioritetlərindəndir Nazir müavini hazırda “Sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın uğurla icra olunduğunu, Proqramın əsas istiqamətlərindən birinin sənaye və texnologiyalar parklarının fəaliyyətinin gücləndirilməsi, yenilərinin qurulması olduğunu qeyd etmişdir. Ölkə başçısının müvafiq fərmanları ilə yaradılmış Sumqayıt Kimya Sənaye Parkı, Balaxanı Sənaye Parkı, Qaradağ Sənaye Parkı artıq fəaliyyət göstərir. Mingəçevir Sənaye Parkının təşkili istiqamətində tədbirlər həyata keçirilir və Gəncədə sənaye parkının yaradılması istiqamətində işlər aparılır. Ölkə sənayesinin inkişafında sənaye məhəllələrinin rolunu vurğulayan Niyazi Səfərov Neftçala Sənaye Məhəlləsində bütün zəruri infrastrukturun dövlət tərəfindən yardıldığını bildirmişdir.  Hazırda istehsal sahələrində avadanlıqların yerləşdirilməsi və digər hazırlıq işləri aparılır.
Məlumat verilmişdir ki, artıq sahibkarlar tərəfindən Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərmək üçün  Azərbaycan İnvestisiya Şirkətinə 8 layihə təqdim olunub. Bunlardan 4 layihəyə üzrə sahibkarlıq subyektləri rezident kimi qeydə alınıb. Bu günkü tədbir çərçivəsində Neftçala Sənaye Məhəlləsinin rezidenti olan “Azevrocar” və “Sunrise production” şirkətlərinə qeydiyyat şəhadətnaməsi təqdim olunub.
Növbəti sənaye məhəlləsinin Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə Masallı rayonunda yaradılması regionun iqtisadiyyatının daha da gücləndirilməsində mühüm rol oynayacaqdır. Sahibkarlar tərəfindən Masallı Sənaye Məhəlləsinə böyük maraq göstərilir. Belə ki, sahibkarlar tərəfindən artıq ümumi dəyəri 31 milyon manatdan çox olan 33 layihə təklifi təqdim olunmuşdur. Bu layihələr əsasən mebel istehsalı, avtomobil təmiri, alüminium və plastik qapı-pəncərə istehsalı, müxtəlif növ tikinti materiallarının istehsalı sahələrini əhatə edir.

“Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru Rövşən Nəcəf Azərbaycanda sənaye məhəllərinin yaradılmasının məqsədi və əhəmiyyətindən danışmışdır. Qeyd edilmişdir ki, regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yerli ehtiyatlardan səmərəli istifadə etməklə sənaye sahələrinin inkişaf etdirilməsi, istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması, sahibkarlar arasında kooperasiya əlaqələrinin gücləndirilməsi, məşğulluğun və məşğulluqda sənayenin xüsusi çəkisinin artırılması baxımından sənaye məhəllələrinin yaradılması böyük əhəmiyyət kəsb edir.
Tədbirdə “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin şöbə müdiri Murad Abdullayev Neftçala Sənaye Məhəlləsi barədə təqdimatla çıxış etmişdir.
Neftçala Sənaye Məhəlləsinin rezidentləri çıxış edərək fəaliyyət sahələri barədə məlumat vermiş, ölkədə sahibkarlıq mühitinin inkişafı, onlara yaradılan əlverişli şəraitə görə dövlət başçısına minnətdarlıqlarını bildirmişlər.
Sonra sahibkarlar Neftçala Sənaye Məhəlləsi ilə tanış olmuşlar. Bildirilmişdir ki, ümumi sahəsi 7800 kvadrat metr olan 8 istehsal təyinatlı modullaşdırılmış blok, 1200 kvadrat metr olan inzibati bina, texniki binalar, bütün zəruri infrastruktur sahibkarların istifadəsi üçün hazır vəziyyətə gətirilmişdir. Neftçala Sənaye Məhəlləsinin inzibati binası iki mərtəbəli olmaqla toplantı və təlimlərin keçirilməsi üçün iclas otağı, məhəllənin iştirakçılarına müxtəlif xidmətlər göstərən müəssisələrə icarəyə veriləcək müasir ofis sahələri, sərgi-satış mərkəzi, tibb məntəqəsi, poçt, yeməkxana və sənaye məhəlləsinin idarəedici təşkilatının istifadəsi üçün nəzərdə tutulan sahələrdən ibarətdir.
Neftçala Sənaye Məhəlləsində sahibkarlara ümumi mühasibatlıq, hüquqi məsləhətlər, bank və sığorta, poçt və internet, logistika, istehsalat və məişət tullantıların idarə olunması, yeməkxana, tibbi xidmətləri də göstəriləcək.

Keçidlər