Neftçala Rayonu İcra Hakimiyyəti başçısının 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş hesabatı keçirilmişdir.
19 iyul 2016-cı il tarixdə Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı nitqindən irəli gələn vəzifələr və Neftçala Rayon İcra Hakimiyyətinin qarşısında duran məsələlər barədə hesabat keçirilmişdir.
2016-cı ilin 6 ayında ümumi məhsul istehsalının həcmi 2015-ci ilin müvafiq dövrünə nisbətən 4,2 % artmışdır. Hesabat dövründə ümumi məhsul istehsalı 124,6 milyon manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,0 milyon manat çoxdur. 2016-cı ilin 6 ayında ümumi məhsulun tərkibində sənaye məhsulu 11 milyon 61,7 min manat və ya ümumi məhsulun 8,9 %-i qədər, kənd təsərrüfatı məhsulu 65 milyon 445,1 min manat və ya 52,5%, nəqliyyat xidməti 950,3 min manat və ya 0,8 %, rabitə xidməti 333,5 min manat və ya 0,3 %, ticarət, iaşə və digər xidmət sahələrinin həcmi 36 milyon 772,3 min manat və ya 29,5 %, tikinti işlərinin həcmi 10 milyon 60,5 min manat və ya 8,0 % olmuşdur. Ümumi məhsulun həcmində qeyri-dövlət bölməsinin payı 2015-ci ilin birinci yarısına nisbətən 3,4 % artaraq 90,3 %- ə çatmışdır. Adambaşına 1460 manatlıq məhsul istehsal edilmişdir ki, bu göstərici 2015-ci ilin müvafiq dövrünə nisbətən 3,2 % çoxdur.
2016-cı ilin birinci yarısında rayonda 6 yeni müəssisə yaradılmış, 569 fiziki şəxs fəaliyyətə başlamışdır. Yeni yaradılmış müəssisələr üzrə 25, fiziki şəxslər üzrə 569, mövcud müəssisə və təşkilatlarda 30 olmaqla cəmi 624 daimi yeni iş yeri açılaraq işsiz və iş axtaran vətəndaşlar işlə təmin olunmuşdur. Rayonda aparılan tikinti-quruculuq və digər tədbirlər üzrə işlərə 650 nəfər, kənd təsərrüfatında mövsümü işlərə 2156 nəfər cəlb olunmuşdur. Ümumilikdə rayon üzrə 3430 nəfər işlə təmin olunmuşdur. Yeni iş yerlərinin açılması istiqamətində müvafiq olaraq əlavə tədbirlər görülür.
Hesabat dövründə rayonda fəaliyyət göstərən 12 sənaye müəssisəsi və bu sahədə fiziki şəxslərin fəaliyyəti nəzərə alınmaqla 11 milyon 61,7 min manatlıq sənaye məhsulu istehsal olunmuş, iş və xidmətlər yerinə yetirilmişdir. Sənayenin ümumi məhsulunda qeyri-dövlət bölməsinin xüsusi çəkisi 81,3 % təşkil etmişdir.
2016-cı ilin birinci yarısında Nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsi üzrə fəaliyyət göstərən fiziki şəxslərin işi nəzərə alınmaqla 322,0 min ton yük, 3 milyon 880,0 min nəfər sərnişin daşınmışdır ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 1,2 faiz, sərnişin daşınması isə 2,1 faiz artmışdır.
Hesabat dövründə Rabitə müəssisələri tərəfindən əhaliyə, müəssisə və təşkilatlara faktiki qiymətlərlə 333,5 min manatlıq rabitə xidməti göstərmişdir. Göstərilmiş rabitə xidmətlərinin həcmi 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,8 % artmışdır. Ümumi xidmətin 84,3 faizi bilavasitə əhalinin payına düşür. Hazırda rayonda hər 100 təsərrüfata 68 ədəd telefon aparatı düşür.
Hesabat dövründə əhalinin nominal pul gəlirləri 130 milyon 528,0 min manat olmuş, 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,5 % artmışdır. Adambaşına düşən pul gəlirləri 6,5 % artaraq 1529,3 manat olmuşdur. Rayon üzrə bir işçinin orta aylıq əmək haqqı 246,0 manat təşkil edir. İlin əvvəlindən əhaliyə 96,9 milyon manatlıq istehlak malları satılmış və xidmətlər göstərilmişdir. Pərakəndə əmtəə dövriyyəsi 18,6 % artaraq 83,0 milyon manata, pullu xidmətlərin həcmi 10,6 % çoxalaraq 12,2 milyon manata, iaşə xidmətinin həcmi 14,3 % artaraq 1,7 milyon manata çatmışdır.
2016-cı il üçün rayonun yerli gəlirləri 5 milyon 244,0 min manat, xərcləri isə 15 milyon 106,6 min manat təsdiq olunmuşdur. 2016-cı ilin 6 ayı ərzində büdcəyə 2 milyon 349,3 min manata qarşı 2 milyon 649,9 min manat vəsait daxil olmuş və ya 112,8 % icra olunmuş, yerli xərclər 7 milyon 263,3 min manata qarşı 6 milyon 184,4 min manat və ya 85,1 % icra olunmuşdur.
01 iyul 2016-cı il tarixə pensiya və sosial müavinət alanların sayı 13848 nəfər olmuşdur. Ünvanlı dövlət sosial yardım alanların sayı 1035 ailə olmuş, 139 kimsəsiz ahıl və əlillərə sosial məişət xidməti göstərilmişdir. Pensiya və müavinətlər əhaliyə vaxtında çatdırılmışdır.
2016-cı ilin 6 ayı ərzində Rayon Məşğulluq Mərkəzi tərəfindən 555 nəfər iş axtaran vətəndaş daimi iş yerləri ilə təmin olunmuş, 54 nəfərə işsiz statusu verilərək işsizlik müavinəti təyin edilmişdir. Hesabat dövründə Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 8 sahibkara 1 milyon 599,0 min manat məbləğində güzəştli kredit verilmişdir.
2016-cı ilin birinci yarısında Rayon Paylayıcı Elektrik Şəbəkəsi tərəfindən rayona 82,0 milyon kvt. saat elektrik enerjisi verilmiş, o cümlədən elektrik enerjisinin 21,5 milyon kvt. saatı əhaliyə satılmışdır. Enerjinin dəyəri rayon üzrə 71,8 faizi və əhali üzrə 94,9 faizi ödənilmişdir. Əhali abonentlərinin sayğaclaşdırılması 99,0 % təşkil edir.
2016-cı ilin 6 ayı ərzində Salyan Regional Qaz İstismar İdarəsi tərəfindən rayona 9 milyon 276,6 min kub metr həcmində təbii qaz verilmiş, o cümlədən əhaliyə satılan qazın ümumi həcmi 8 milyon 427,8 min kub metr olmuş, bunun da dəyəri rayon üzrə 96,2 faiz və əhali üzrə 97,8 faizi ödənilmişdir. Əhali abonentlərinin sayğaclaşdırılması 100% təşkil edir. Hesabat dövründə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən rayonun Yuxarı Qaramanlı, Qırmızıkənd, Xolqarabucaq, Mürsəqulu, Dördlər-Xol, Xoltəzəkənd, Xolqaraqaşlı və Xəzərkənd kəndləri olmaqla 8 kəndi təbii qazla təmin olunmuşdur.
2016-cı ilin birinci yarısında rayonda fəaliyyət göstərən üç nərəbalıqartırma zavodları tərəfindən 7 milyon 663,0 min ədəd nərə cinsli körpə balıqlar yetişdirilərək Kür çayı vasitəsilə Xəzər dənizinə buraxılmışdır. Bu da 2015-ci ilin müvafiq dövründə olan göstəricidən 15,8% çoxdur.
Rayonda 2016-cı ilin altı ayında aqrar sahədə müsbət irəliləyişlər olmuşdur. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2016-cı ilin altı ayında kənd təsərrüfatının ümumi məhsulu 65,4 milyon manat olmuşdur. Göstərilən dövrdə diri çəkidə 6025,0 ton ət, o cümlədən 4081 ton quş əti, 9910,0 ton süd, 4 milyon 50 min ədəd yumurta, 268,0 ton yun istehsal olunmuşdur. 2016-cı ilin məhsulu üçün 46 min 413 hektar sahədən 105 min ton taxıl istehsal olunmuş, ölkə rəhbərinin müvafiq tapşırığına əsasən 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 7 dəfə çox olmaqla ümumilikdə 1541 hektar sahədə pambıq əkilmişdir.
Bitkiçilik sahəsindən yüksək məhsul götürmək məqsədi ilə meliorativ tədbirlərin həyata keçirilməsində müəyyən işlər görülmüşdür. Hesabat dövründə Rayon Su və Meliorasiya təşkilatları tərəfindən 336,6 km suvarma kanalları, 155,9 km kollektor-dren sistemi lildən təmizlənmiş, suvarma kanallarında 36 ədəd, kollektor – drenlərdə 22 ədəd hidrotexniki qurğular və nasos aqreqatları əsaslı və cari təmir edilmişdir.
Heyvandarlığın inkişafı sahəsində müsbət irəliləyişlərə nail olmaqla 2016-cı ilin altı ayında iri buynuzlu mal-qaranın baş sayı 43 min 63 baş, qoyun və keçilərin baş sayı 137 min başa çatdırılaraq ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 252 və 1265 baş artmışdır.
Rayonda 14 min 500 hektardan yuxarı əkin sahələrini suvarma suyu ilə təmin olunmasında ciddi çətinliklərin yaranması ilə əlaqədar Kür çayından Xol zonasına 25 km uzunluğunda Neftçala Magistral Kanalının nasos stansiyası ilə birlikdə layihəsinin tikintisinə 2006-cı ildə başlanmışdır. Hesabat dövründə kanalın tikintisi üçün ümumilikdə 14 milyon 818 min manat vəsait ayrılmışdır. Hal - hazırda tikinti işləri davam etdirilir.
Rayon Hakimiyyəti 2016-cı ilin birinci yarısında rayon ərazisində təmir, tikinti və abadlıq işlərinin görülməsini diqqət mərkəzində saxlamış, həyata keçirilən işlərin keyfiyyətinə xüsusi önəm vermişdir.
2016 - cı ilin 6 ayında rayon ərazisində tikinti işlərində əsas kapitala yönəldilmiş investisiyanın ümumi həcmi 10 milyon 702,0 min manat təşkil etmişdir. O cümlədən, tikinti quraşdırma işlərinin həcmi 10 milyon 60,5 min manat yerinə yetirilmişdir. Ötən ilin eyni dövrü ilə müqayisədə investisiya qoyuluşu 2,2 dəfə və tikinti quraşdırma işləri 2,2 dəfə artmışdır.
Azərbaycan Respublikası Prezidentinin “Neftçala Sənaye Məhəlləsinin yaradılması haqqında ” 02 fevral 2015-ci il tarixli 1011 nömrəli Sərəncamına, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 06 aprel 2015-ci il tarixli 84s nömrəli Sərəncamına əsasən Neftçala şəhərində Dövlət Torpaq Fondu ərazisindən 10 (on) hektar torpaq sahəsi “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinə icarə vermək hüquqi ilə daimi istifadəyə ayrılmış torpaq sahəsində tikinti işlərinin tamamlanması yönündə işlər davam etdirilir.
Uzunluğu 55 km 140 metr olan 21 yaşayış məntəqəsini əhatə edən, 37 min əhalinin yaşadığı Neftçala rayonunun Şorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil yolunda tikinti işləri uğurla aparılmış, yolda nəzərdə tutulan 76 ədəd su ötürücü borulardan 33 su ötürücü boru tikilmiş, 36 km hissəsində yararsız qrunt torpaq çıxarılaraq yenisi ilə əvəz olunmuş, 7,0 km hissəsində torpaq yatağının təmiri başa çatdırılmışdır.
2016-cı ilin 6 ayında 24 min 200 ədəd ağac və gül kolları əkilmiş, Dövlət Sosial Müdafiə Fondunun Neftçala filialının və Kənd Təsərrüfatı Nazirliyinin “İnzibati Laboratoriya ” binasının tikintisi sona çatdırılmışdır, şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində şəhərin mərkəzi hissəsində yerləşən uzunluğu 3,7 km və sahəsi 34 hektar olan “Axmaz göl” ün təmizlənməsi və dərinləşdirilməsi işləri aparılmışdır. Neftçala şəhərinin giriş lövhəsi tikilmişdir. Çoxmərtəbəli yaşayış binaların fasad hissələrinin təmiri, bir çoxmərtəbəli yaşayış binasının dam örtüyünün əsaslı təmiri, iki mini futbol meydançasının tikintisi və quraşdırılması işləri aparılmışdır. Şəhərdaxili avtomobil yollarında əsaslı təmir işləri aparılaraq, 17 min 286 kv. metr asfalt örtük döşənmişdir.
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən 2013-cü ilin avqust ayından Neftçala Mərkəzi Rayon Xəstəxanasında əsaslı təmiri işlərinə başlanılmış və hal-hazırda davam etdirilir. Neftçala şəhəri M.Ə. Sabir küçəsində Neftçala avtovağzalının tikintisinə başlanılmış hal-hazırda tikinti işləri uğurla davam etdirilir.
Hesabat dövründə Neftçala Rayon İcra Hakimiyyəti tərəfindən rayonda ictimai-siyasi tədbirlərin hazırlanıb keçirilməsinə xüsusi fikir verilmiş, humanitar sahədə bir çox işlər həyata keçirilmişdir.
Cari ilin altı ayı ərzində rayonun təhsil müəssisələrində təlim-tərbiyənin səviyyəsinin daha da yüksəldilməsi və təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı bir sıra işlər görülmüşdür. Belə ki, istedadlı şagirdlərin aşkara çıxarılmasında əhəmiyyətli rol oynayan fənn olimpiadalarının rayon və yarımfinal turları keçirilmiş, olimpiadanın final mərhələsində iştirak etmək hüququ əldə etmiş 8 iştirakçıdan 4 nəfəri fizika və Azərbaycan dili və ədəbiyyatı fənləri üzrə I, II və III yerə layiq görülmüş və qaliblər Təhsil Nazirliyinin medal və diplomları ilə mükafatlandırılmışlar.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən bu ilin iyun ayında rayonun ümumtəhsil məktəblərinin buraxılış sinif şagirdləri üçün attestasiya imtahanı keçirilmiş, rayon üzrə IX sinfi 789 nəfər, XI sinfi isə 659 nəfər şagird bitirmişdir.
Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş "Ən yaxşı təqdimat" müsabiqəsinin təşkili ilə bağlı seçim turları keçirilmiş, Qədimkənd kənd tam orta məktəbin şagirdi rayon üzrə ən yaxşı nəticə göstərərək respublika mərhələsində rayonumuzu təmsil etmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən "Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində şagirdlər üçün respublikanın gəzməli-görməli yerlərinə turlar təşkil olunmuş, həmin turlarda Neftçala rayonundan olan məktəblilər də iştirak etmiş, rayon məktəblərindən seçilmiş 40 nəfər fəal şagird martın 16-dan 19-dək Gəncə şəhərinə, Şəmkir və Göygöl rayonlarına ekskursiya etmiş, onlar həmin yerlərin tarixi, mədəniyyəti və gəzməli yerləri ilə tanış olmuşlar.
Cari ilin altı ayında Mərkəzi Rayon Xəstəxanasının xidmət ərazisi üzrə 438 körpə doğulmuş, yeni doğulan körpələrin 99,6 %- də vaksinasiya tədbirləri həyata keçirilmişdir. Yarım il ərzində ana ölümü hadisəsi baş verməmiş, 0-1 yaşda 1 uşaq ölümü olmuşdur.
Ölkə Prezidenti cənab İlham Əliyevin respublika əhalisinin ümumi profilaktik tibbi müayinələrə cəlb olunması barədə verdiyi tapşırığına əsasən fevral ayından rayon ərazisində əhalinin tibbi müayinədən keçirilməsinə başlanılmış, bu məqsədlə 3-ü səyyar olmaqla 5 həkim briqadası yaradılmış, tərtib edilmiş qrafikə əsasən rayonun idarə, müəssisə və təşkilatların kollektivlərinin, eləcə də yaşayış məntəqələri üzrə əhalinin tibbi müayinələrdən keçməsi təmin edilmişdir. Ümumilikdə rayon üzrə 72293 nəfər profilaktik tibbi müayinələrdən keçmişdir ki, bunun da 11374 nəfərini 0-18 yaşda olan əhali kontingenti təşkil edir. Müayinələr nəticəsində 24 nəfər ilkin şəkərli diabetli, 3 nəfər diffuz toksiki zoblu xəstə aşkar edilmiş, 2865 nəfər ambulator, 77 nəfər stasionar müalicələrə cəlb olunmuş, 52 nəfər isə Bakı şəhərinin müxtəlif tibb müəssisələrinə daha ixtisaslı müayinə və müalicə almaq üçün göndərilmişdir.
Hesabat dövründə rayonda mədəni-xidmətin təşkili sahəsində müəyyən işlər görülmüş və bir sıra mədəni-kütləvi tədbirlər təşkil olunmuşdur. Ötən dövr ərzində 20 yanvar, 26 fevral Xocalı faciələrinə və 31 Mart Azərbaycanlıların soyqırımına həsr edilmiş anım mərasimləri keçirilmiş, onların xatirələri rayon əhalisi tərəfindən dərin ehtiramla yad edilmiş, 8 mart Beynəlxalq qadınlar günü, faşizm üzərində qələbənin 71 illiyi, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü, Respublika və Milli Qurtuluş günləri münasibəti ilə ümumrayon bayram şənlikləri də təşkil edilmişdir. "Kitabi-Dədə Qorqud"un Alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq rayonun Heydər Əliyev Mərkəzində Rayon İcra Hakimiyyəti nümayəndələrinin, respublikanın tanınmış ədəbiyyatşünaslarının və şair-publisistlərin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə yubiley gecəsi keçirilmiş və tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanmışdır.
Hesabat dövründə rayon ərazisində ictimai-siyasi sabitliyin qorunub saxlanılması işlərinə də diqqət yetirilmişdir. Hazırda rayonumuzda 13 siyasi partiya, 18 qeyri - hökumət təşkilatı fəaliyyət göstərir.
"2016-cı ilin Azərbaycan Respublikasında "Multikulturalizm ili" elan edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamına müvafiq olaraq rayonda multikulturalizm ənənələrinin qorunub saxlanılması, onun daha da inkişaf etdirilməsi və geniş təbliği ilə bağlı Neftçala Rayon İcra Hakimiyyətinin Tədbirlər Planı hazırlanmış, "Multikulturalizm ili" çərçivəsində bir sıra tədbirlər həyata keçirilmişdir.
Bu ilin aprel ayında bədnam qonşumuz Ermənistan tərəfindən Azərbaycana qarşı törədilmiş növbəti təxribatın qarşısı alınan zaman ordumuzun əsgər və zabitləri böyük şücaət göstərmiş və bir neçə strateji yüksəkliklər və ərazilərimizin bir hissəsi geri qaytarılmışdır. Həmin gərgin dövrlərdə heç bir qüvvə nə mülki vətəndaşlarımızın, nə də Silahlı Qüvvələrimizin qələbə əzmini qıra bilməmiş, ölkə vətəndaşları əsl milli həmrəylik nümayiş etdirərək hər an, hər şeyə hazır olduqlarını bildirmişlər. Bu döyüşlərdə rayonumuz da iki qəhrəman övladını itirmiş, onlar doğulduqları torpaqda dəfn edilərək, müqəddəs ruhları böyük hörmət və ehtiramla yad edilmişdir. Ölkə prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən hər iki şəhidimizin göstərdikləri qəhrəmanlıq yüksək qiymətləndirilmiş, mayor Samid Gülağa oğlu İmanov "Azərbaycanın Milli Qəhrəmanı", gizir Elimdar Səlimxan oğlu Səfərov isə "Hərbi xidmətdə fərqlənməyə görə III dərəcəli medalı" fəxri adları ilə mükafatlandırılmışdır.
Rayon İcra Hakimiyyəti başçısı aparatı 2016-cı ilin birinci yarısında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsi ilə daimi yaxından əlaqə saxlamışdır. Hərbi xidmətə çağırışla bağlı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin çağırışla bağlı sərəncamlarına uyğun olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsi tərəfindən 2016-cı ilin birinci yarısında 129 nəfər çağırışçı hərbi xidmətə cəlb olunmuşdur. Hərbi çağırışçılar arasında vətənpərvərlik ruhunun yüksəldilməsi və onların çağırışdan yayınmasının qarşısının alınması üçün mütəmadi olaraq yerlərdə əhali arasında təbliğat və maarifləndirmə işləri aparılmışdır.
2016-cı ilin birinci yarısında Rayon Polis şöbəsi tərəfindən rayon üzrə müxtəlif xarakterli 58 cinayət hadisəsi qeydə alınmışdır. Ümumilikdə qeydə alınmış cinayətlərin açılması 94,4 % təşkil edir. Rayon üzrə ümumi cinayətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2016-cı ilin birinci yarısında 12 cinayət faktı çox olmuşdur.
2016-cı ilin birinci yarısında Rayon İcra Hakimiyyəti başçısı aparatı ərazidə nizam-intizamı, qayda-qanunu möhkəmləndirmək, kadrların tapşırılmış iş üçün məsuliyyət hissini artırmaq məqsədilə yerli icra orqanları ilə öz işini əlaqədə qurmuşdur.
Rayon İcra Hakimiyyəti başçısı tərəfindən yerlərdə əhali ilə əlaqələri möhkəmləndirmək, onları narahat edən sosial problemlərin öyrənilməsi və həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar müntəzəm səyyarı görüş və qəbulların keçirilməsi daim diqqət mərkəzində olmuşdur. Bununla bağlı Rayon İcra Hakimiyyəti başçısının səyyar görüş və qəbulların keçirilməsi üçün illik qrafik tərtib olunmuşdur.
2016-cı ilin 6 ayında İcra Hakimiyyəti başçısı tərəfindən 21 səyyar görüş və qəbul keçirilmiş və bu görüşlərdə 2065 nəfər iştirak etmişdir. Keçirilən görüşlərdə 101 nəfər 83 tənqidi qeyd və təkliflə çıxışlar edərək, meliorasiya və irriqasiya tədbirlərinin həyata keçirilməsi, yol və körpülərin inşası və ya təmiri, təhsil müəssisələrinin təmiri və ya inşası, elektrik təsərrüfatının yenidən qurulması, mavi yanacaq ilə təminat və.s məsələləri diqqətə çatdırmışlar. Vətəndaşlar tərəfindən qaldırılan tənqidi qeyd və təkliflər nəzarətə götürülmüş, həlli istiqamətində aidiyyəti üzrə müvafiq yuxarı orqan və təşkilatlar qarşısında məsələlər qaldırılmış və həlli yerlərdə mümkün olan problemlərin aradan qaldırılmasından ötrü tədbirlər həyata keçirilmişdir
2016-cı ilin birinci yarısında Rayon İcra Hakimiyyətinə vətəndaşlar tərəfindən 321 müraciət daxil olmuşdur ki, bundan 275 müraciət ərizə, 46 müraciət şikayət xarakterli olmuşdur. Daxil olan müraciətlərdən 313 müraciət nəzarətə alınmadan, 8 müraciət nəzarət qaydasında araşdırılmışdır. 2015-ci ilin birinci yarısı ilə müqayisədə müraciətlərin sayı 9 müraciət çox olmuşdur.
2016-cı ilin birinci yarısında Rayon İcra Hakimiyyətinə daxil olan müraciətlərdən 152 müraciət 8 müraciət nəzarət qaydasında olmaqla Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından daxil olmuşdur ki, bu müraciətlərdən 97 müraciət ərizə, 25 müraciət isə şikayət xarakterli olmuşdur. Azərbaycan Respublikasının Milli Məclisindən 9 ərizə, 2 şikayət olmaqla 11 müraciət, respublikanın digər təşkilatlarında 25 ərizə, 10 şikayət olmaqla 35 müraciət, vətəndaşlar tərəfindən bilavasitə Rayon İcra Hakimiyyətinə ünvanlanmış 142 ərizə, 9 şikayət olmaqla 151 müraciət qeydə alınmışdır.
2016 - cı ilin birinci yarısında Rayon İcra Hakimiyyəti başçısı tərəfindən 156 vətəndaş qəbul edilmişdir. O cümlədən, Rayon İcra Hakimiyyəti başçısı aparatında 52 nəfər, səyyarı qəbullarda 104 nəfər vətəndaş qəbul edilmişdir.
Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikası Prezidenti Zati-aliləri cənab İlham Əliyevin göstərişlərini, imzaladığı fərman və sərəncamlarını və Azərbaycan Respublikasının Qanunlarını əldə rəhbər tutub vətəndaşların qəbulu, onların müraciətlərinə baxılmasının səmərəliliyini artırmaq məqsədilə bundan sonra da lazımi tədbirlər görəcək və gələcək fəaliyyətində öz işini günün tələbləri səviyyəsində quracaqdır.