15 iyun - Milli Qurtuluş Günü münasibətilə təntənəli tədbir keçirildi
15 iyun 2016-cı il tarixdə Neftçala rayonunda Bayraq meydanında 15-iyun-Milli Qurtuluş Gününə həsr olunmuş bayram konserti keçirildi.
İlk öncə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olundu, əziz xatirəsinə tər çiçəklər qoyuldu.
Tədbirdə Neftçala rayon İcra hakimiyyətinin başçısı İsmayıl Vəliyev 15 iyun-Milli Qurtuluş günü ilə əlaqədar geniş məruzə ilə çıxış etdi.
İ. Vəliyev bildirdi ki, hər il təntənə ilə qeyd etdiyimiz 1993-cü ilin 15 iyunu xalqımızın tarixinə qızıl hərflərlə yazılmış bir gündür. Məhz həmin tarixdən Azərbaycan xalqının çox böyük çətinliklərlə yenidən əldə etdiyi müstəqilliyinin xilası başlanır.Ulu Öndər Heydər Əliyevin iyun aynın 15-də yenidən siyasi hakimiyyətə qayıtması xalqımızın çoxəsrlik tarixinə möhtəşəm hadisə kimi daxil olmaqla, Milli Qurtuluşumuzun təməlini qoymuşdur.
Azərbaycanın bu gün bütün dünyada özünəməxsus milli-mənəvi keyfiyyətlərə, adət-ənənələrə, mədəni dəyərlərə malik ölkə, qüdrətli sənaye respublikası, yüksək intelektual səviyyəsi, bütün müsəlman şərqinə örnək olan müstəqil ölkə kimi tanınması məhz böyük öndər Heydər Əliyevin misilisiz fəaliyyətinin nəticəsidir. Heydər Əliyev Azərbaycan xalqı üçün elə bir ideologiya müəyyənləşdirmişdir ki, onun müəllifi olduğu azərbaycançılıq ideologiyası həm Azərbaycanda, həm də bütün dünyada yaşayan soydaşlarımızın ümummili mənafelər çərçivəsində bir araya gəlməsi, Azərbaycan mənafelərinin qələbə çalması üçün fundamental baza rolunu oynamışdır.
Müstəqil dövlət quruculuğu kimi mürəkkəb bir vəzifənin öhdəsindən gəlmək qabiliyyəti olmayan o vaxtkı iqtidar milli mənafelərə zidd siyasətləri ilə özlərini gözdən salmışdıılar. Respublikada mövcud vəziyyət son dərəcə gərginləşmişdi. Məhz belə bir dövrdə Azərbaycan müstəqilliyini itirmək təhlükəsi ilə üzləşdi. Çıxılmaz vəziyyətə düşən o vaxtkı hakimiyyət ümidlərini yalnız Heydər Əliyevin zəkasına, Heydər Əliyev dühasına, və şəxsiyyətinə bağladılar. 1993-cü il iyunun 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev xalqın xahiş və təkidi ilə Bakıya gəldi. Azərbaycana olan sonsuz məhəbbəti onu belə bir addım atmağa vadar etdi. Xalq bilirdi ki, vətənimizi bu bəladan çıxarmağa qadir olan bir şəxsiyyət varsa, o da Heydər Əliyevdir. Qayıdışı ilə milyonların qəlbini sevinc nuru ilə rövnəqləndirən Heydər Əliyev iyunun 15-də əksər səs çoxluğu ilə Azərbaycan Respublikasının Ali Sovetinin sədri seçildi. Məhz həmin gün Azərbaycan dövlətçilik tarixinin ən parlaq səhifəsi yazıldı. Vətəndaş müharibəsi ilə üz-üzə qalan dövlətimizin tarixinə o gün Milli Qurtuluş günü kimi daxil oldu. Heydər Əliyev şəxsiyyəti Azərbaycan xalqı üçün sülh və əminamanlıq qarantına çevrildi.
İndi bizi tarixi səlnaməmizə qızıl hərflərlə yazılan 1993-cü ilin 15 iyunundan 23 illik zaman məsafəsi ayırır. Ötən illər ərzində Azərbaycan dünya miqyasında öz layiqli yerini tutmuş, böyük iqtisadi potensiala malik bir ölkəyə çevrilmişdir. Hazırda Azərbaycan Ulu Öndərimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni uğurlara imza atır.Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı getdicə sürətlənir, həyatın bütün sahələrində, daxili və xarici siyasətdə uğurlarımız ilbəil artır. Bütün bunlar dövlətmizin beynəlxalq nüfuzunun daha da yüksəlməsinə səbəb olur. Respublikamızın sosial-iqtisadi, mədəni-siyasi inkişafına öz töhfəsini verir.
Biz əminik ki, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında birləşmiş Azərbaycan xalqı öz dövlət müstəqilliyini, respublikasını göz bəbəyi kimi qoruyacaq, onu daha da möhkəmləndirəcək, gələcəyə doğru inamla aparacaqdır.
Sonra Bayraq meydanında mədəniyyət işçilərinin iştirakı ilə hazırlanmış geniş konsert proqramı nümayiş olundu.