Şriftin ölçüsü :

Saytın rəngi :

18 sentyabr - Milli Musiqi Günü və dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə Camal İsmayılov adına Neftçala rayon Uşaq-İncəsənət məktəbində konsert proqramı təşkil edilib

17 sentyabr 2025 | 14:14

Neftçala rayonunda 18 sentyabr-Milli Musiqi Günü və dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyi ilə əlaqədar 17 sentyabr 2025-ci ildə Camal İsmayılov adına Neftçala rayon Uşaq-İncəsənət məktəbində konsert proqramı təşkil edilib.

Konsert proqramından öncə Camal İsmayılov adına Uşaq-İncəsənət məktəbinin şagirdlərinin əl işlərindən ibarət rəsm sərgisi nümayiş olunub.

Tədbirdə Neftçala Rayon İcra Hakimiyyəti başçısı aparatının aparıcı məsləhətçisi Esmira Məmmədzadə, C.İsmayılov adına Neftçala rayon Uşaq-İncəsənət məktəbinin rəhbərliyi və əməkdaşları, şəhid ailələri, rayonda fəaliyyət göstərən müxtəlif idarə, müəssisə, təşkilatların əməkdaşları, valideynlər iştirak edib.

Çıxışçılar Üzeyir Hacıbəylinin Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı misilsiz xidmətlərindən bəhs etdilər. Qeyd olundu ki, O, yalnız ilk milli operamızın müəllifi deyil, eyni zamanda Azərbaycan professional musiqi məktəbinin banisi, böyük pedaqoq, maarifçi və milli kimliyimizin musiqidə ifadəçisi olmuşdur. Dahi bəstəkarın yaratdığı əsərlər bu gün də aktuallığını qoruyur, yeni nəsillərə milli ruh aşılamaqda mühüm rol oynayır.

Eyni zamanda bildirilib ki, Camal İsmayılov adına Neftçala rayon Uşaq-İncəsənət məktəbində keçirilən bu tədbir uşaqların yaradıcılıq potensialının üzə çıxarılması ilə yanaşı, milli musiqi irsimizin təbliği və gənc nəslə sevdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Üzeyir Hacıbəylinin  adı Azərbaycan musiqisinin tarixinə əbədi həkk olunmuşdur. Onun yaratdığı musiqi inciləri gələcək nəsillər üçün həm sənət məktəbi, həm də milli qürur mənbəyidir.

Tədbir Camal İsmayılov adına Uşaq-İncəsənət məktəbinin şagirdlərinin ifasında konsert proqramı ilə davam edib və sonda xatirə fotosu çəkilib.

Keçidlər