Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçalada pambıqçılığın inkişafı istiqamətində görülən işlərin vəziyyəti ilə bağlı Neftçala rayon İcra Hakimiyyəti Başçısı yanında şuranın növbəti iclası keçirildi

06 may 2016 | 09:05

05 may 2016-cı il tarixdə Neftçala rayonu İcra Hakimiyyətinin akt zalında keçirilən Şura iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin pambıqçılığın inkişafına dair tapşırıqlarının Neftçala rayonunda icrasının vəziyyəti ilə bağlı məsələlər müzakirə olundu.
İclasda  Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Aqrar məsələlər şöbəsinin müdiri Azər Əmiraslanov, Administrasiyanın məsul işçisi İbrahim Mustafayev, Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev, Fövqəladə Hallar nazirinin müavini Tapdıq Əmiraslanov, Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyev, Aqrolizinq ASC-nin sədri Elşən Məmmədov,  “MKT İstehsalat Kommersiya” MMC sədri Bəhruz Camalov, rayonun aidiyyəti idarə müəssisə, təşkilatlarının, pambıq emalı zavodlarının rəhbərləri, icra nümayəndələri, kənd təsərrüfatı mütəxəssisləri iştirak etdilər.
Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev şura iclasında çıxış edərək bildirdi ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qeyri-neft sektorunun inkişafı sahəsində həyata keçirilən son  tədbirlər rayonumuzda da öz töhfələrini verməkdədir. Qeyri neft sektorunun prioritet istiqamətlərindən olan aqrar sahənin inkişaf etdirilməsi üçün müəyyən işlər görülmüş və hazırda da bu sahədə işlər davam etdirilir. Rayonumuzda kənd təsərrüfatının, xüsusilə də pambıqçılığın inkişaf etdirilməsi sahəsində bu günədək xeyli işlər görülmüş, 1525.6 hektar əkinə yararlı ərazidə mülkiyyətçilərlə pambıq əkini üçün müqavilələr imzalanmış, o cümlədən, rayonda fəaliyyət göstərən “MKT-İK” MMC 1471.6  hektar sahədə,“CTS-Aqro” MMC isə 45  hektar  sahədə pambıq əkini üçün  mülkiyyətçilərlə müqavilələr bağlamışdır. Bundan başqa, mülkiyyətçilərlə  9 hektar sahədə sərbəst şəkildə pambıq əkilməsi üçün razılıq əldə olunmuşdur. Hal-hazırda cəmi 1525.6 hektar sahədə mülkiyyətçilərlə müqavilələr bağlanmışdır. 880 hektar sahədə şum işləri aparılmışdır və  bundan 410 hektar  sahədə çiyid səpini aparılmış,135 hektar sahədə çıxış alınmışdır.
Pambıqçılıq sahəsinin inkişafı əhalinin  məşğulluğunun  təmin olunmasında mühüm rol oynayacaqdır. Hazırda bu sahədə 175 nəfər işlə təmin olunmuşdur.
İclasda  Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Aqrar məsələlər şöbəsinin müdiri Azər Əmiraslanov çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq respublikamızın bütün bölgələrində ənənəvi kənd təsərrüfatı sahələrinin inkişaf etdirilməsi ilə bağlı artıq işlərə başlanılmışdır. Bu gün Neftçala rayonunda da əkilən sahələrə baxış zamanı bir daha bunu müşahidə etdik. Neftçala rayonunda pambıqçılığın  inkişafı ilə bağlı hərtərəfli şərait vardır. A. Əmiraslanov bu sahədə yaranan problemlərlə bağlı mülkiyyətçilərin problemlərini dinlədi və aidiyyəti təşkilatların nümayəndələrinə bu problemlərin qısa vaxt ərzində həll edilməsi ilə bağlı tapşırıqlarını verdi.
İclasın gedişi zamanı mülkiyyətçilər tərəfindən qaldırılan şor kollektorlarının  təmizlənməsi, torpaqlarda meliorasiya işlərinin aparılması, istifadəsiz torpaqları suvarmaq üçün su kanallarının çəkilməsi, torpaqların suvarma suyu ilə təminatın yaxşılaşdırılması, gübrə təminatının yaxşılaşdırılması, becərmə texnikalarının sayının artırılması ilə bağlı məsələlər ümumiləşdirilərək, icrası istiqamətində təcili tədbirlər görüləcəyi bildirildi.

Keçidlər