Neftçala rayonu İcra Hakimiyyəti başçısının 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş hesabatı keçirilmişdir
14 aprel 2016-cı il tarixdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı nitqindən irəli gələn vəzifələr və Neftçala Rayon İcra Hakimiyyətinin qarşısında duran məsələlər barədə hesabat keçirilmişdir.
2016-cı ilin birinci rübündə ümumi məhsul istehsalının həcmi 2015-ci ilin müvafiq dövrünə nisbətən 4,1 % artmışdır. Hesabat dövründə ümumi məhsul istehsalı 37,6 milyon manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,5 milyon manat çoxdur. 2016-cı ilin birinci rübündə ümumi məhsulun tərkibində sənaye məhsulu 5 milyon 56,2 min manat və ya ümumi məhsulun 13,5 %-i qədər, kənd təsərrüfatı məhsulu 11 milyon 870,4 min manat və ya 31,6 %, nəqliyyat xidməti 505,5 min manat və ya 1,3 %, rabitə xidməti 166,0 min manat və ya 0,4 %, ticarət, iaşə və digər xidmət sahələrinin həcmi 17 milyon 241,9 min manat və ya 45,9 %, tikinti işlərinin həcmi 2 milyon 724,6 min manat və ya 7,3 % olmuşdur. Ümumi məhsulun həcmində qeyri-dövlət bölməsinin payı 2015-ci ilin birinci rübünə nisbətən 2,9 % artaraq 89,4 %-ə çatmışdır. Adambaşına 440 manatlıq məhsul istehsal edilmişdir ki, bu göstərici 2015-ci ilin müvafiq dövrünə nisbətən 3,1 % çoxdur.
2016-cı ilin birinci rübündə rayonda 3 yeni müəssisə yaradılmış, 390 fiziki şəxs fəaliyyətə başlamışdır. Yeni yaradılmış müəssisələr üzrə 7, fiziki şəxslər üzrə 390, mövcud müəssisə və təşkilatlarda 24 olmaqla cəmi 421 daimi yeni iş yeri açılaraq işsiz və işaxtaran vətəndaşlar işlə təmin olunmuşdur. Rayonda aparılan tikinti-quruculuq və digər tədbirlər üzrə işlərə 630 nəfər, kənd təsərrüfatında mövsümü işlərə 536 nəfər cəlb olunmuşdur. Ümumilikdə rayon üzrə 1587 nəfər işlə təmin olunmuşdur. Yeni iş yerlərinin açılması istiqamətində müvafiq olaraq əlavə tədbirlər görülür.
Hesabat dövründə rayonda fəaliyyət göstərən 12 sənaye müəssisəsi və bu sahədə fiziki şəxslərin fəaliyyəti nəzərə alınmaqla 5 milyon 56,2 min manatlıq sənaye məhsulu istehsal olunmuş, iş və xidmətlər yerinə yetirilmişdir. Sənayenin ümumi məhsulunda qeyri-dövlət bölməsinin xüsusi çəkisi 75,2 % təşkil etmişdir.
2016-cı ilin birinci rübündə Nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsi üzrə fəaliyyət göstərən fiziki şəxslərin işi nəzərə alınmaqla 164,0 min ton yük, 1 milyon 862,0 min nəfər sərnişin daşınmışdır ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 2,5 faiz, sərnişin daşınması isə 5,0 faiz artmışdır.
Hesabat dövründə Rabitə müəssisələri tərəfindən əhaliyə, müəssisə və təşkilatlara faktiki qiymətlərlə 166,0 min manatlıq rabitə xidməti göstərmişdir. Göstərilmiş rabitə xidmətlərinin həcmi 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,4 % artmışdır. Ümumi xidmətin 84,3 faizi bilavasitə əhalinin payına düşür. Hazırda rayonda hər 100 təsərrüfata 67 ədəd telefon aparatı düşür.
Hesabat dövründə əhalinin nominal pul gəlirləri 64 milyon 601,0 min manat olmuş, 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,2 % artmışdır. Adambaşına düşən pul gəlirləri 6,1 % artaraq 756,8 manat olmuşdur. Rayon üzrə bir işçinin orta aylıq əmək haqqı 243,0 manat təşkil edir. İlin əvvəlindən əhaliyə 43,1 milyon manatlıq istehlak malları satılmış və xidmətlər göstərilmişdir. Pərakəndə əmtəə dövriyyəsi 9,6 % artaraq 36,7 milyon manata, pullu xidmətlərin həcmi 9,3 % çoxalaraq 5,6 milyon manata, iaşə xidmətinin həcmi 10,2 % artaraq 821,0 min manata çatmışdır.
2016-cı il üçün rayonun yerli gəlirləri 5 milyon 244,0 min manat, xərcləri isə 15 milyon 106,6 min manat təsdiq olunmuşdur. 2016-cı ilin birinci rübündə büdcəyə 1 milyon 54,0 min manata qarşı 1 milyon 199,3 min manat vəsait daxil olmuş və ya 113,8 % icra olunmuş, yerli xərclər 3 milyon 317,4 min manata qarşı 2 milyon 673,7 min manat və ya 80,6 % icra olunmuşdur.
01 aprel 2016-cı il tarixə pensiya və sosial müavinət alanların sayı 13766 nəfər olmuşdur. Ünvanlı dövlət sosial yardım alanların sayı 1043 ailə olmuş, 141 kimsəsiz ahıl və əlillərə sosial məişət xidməti göstərilmişdir. Pensiya və müavinətlər əhaliyə vaxtında çatdırılmışdır.
2016-cı ilin birinci rübü ərzində Rayon Məşğulluq Mərkəzi tərəfindən 517 nəfər işaxtaran vətəndaş daimi iş yerləri ilə təmin olunmuş, 34 nəfərə işsiz statusu verilərək işsizlik müavinəti təyin edilmişdir. Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 5 sahibkara 39,5 min manat məbləğində güzəştli kredit verilmişdir.
2016-cı ilin birinci rübündə Rayon Paylayıcı Elektrik Şəbəkəsi tərəfindən rayona 45,0 milyon kvt.saat elektrik enerjisi verilmiş, o cümlədən elektrik enerjisinin 11,6 milyon kvt.saatı əhaliyə satılmışdır. Enerjinin dəyəri rayon üzrə 60,1 faizi və əhali üzrə 89,4 faizi ödənilmişdir. Əhali abonentlərinin sayğaclaşdırılması 99,1 % təşkil edir.
2016-cı ilin birinci rübü ərzində Salyan Regional Qaz İstismar İdarəsi tərəfindən rayona 6 milyon 680,5 min kub metr həcmində təbii qaz verilmiş, o cümlədən əhaliyə satılan qazın ümumi həcmi 6 milyon 78,0 min kub metr olmuş, bunun da dəyəri rayon üzrə 83,1 faizi və əhali üzrə 84,5 faizi ödənilmişdir. Əhali abonentlərinin sayğaclaşdırılması 100% təşkil edir. Hesabat dövründə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən rayonun Yuxarı Qaramanlı, Qırmızıkənd və Xolqarabucaq kəndləri olmaqla 3 kəndi təbii qazla təmin olunmuşdur. Hazırda 4 kəndə təbii qaz çəkilişində son tamamlama işləri aparılır.
Rayonda 2016-cı ilin birinci rübündə aqrar sahədə müsbət irəliləyişlər olmuşdur. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2016-cı ilin birinci rübündə kənd təsərrüfatının ümumi məhsulu 5,6 faiz artaraq 11,9 milyon manat olmuşdur. Göstərilən dövrdə diri çəkidə 2697 ton ət, 5056 ton süd, 1 milyon 270 min ədəd yumurta istehsal olunmuşdur. 2016-cı ilin məhsulu üçün 46222 hektar sahəyə taxıl əkilmişdir. 1500 hektar sahədə pambıq əkini nəzərdə tutulub.
Bitkiçilik sahəsindən yüksək məhsul götürmək məqsədi ilə meliorativ tədbirlərin həyata keçirilməsində müəyyən işlər görülmüşdür. Hesabat dövründə Rayon Su və Meliorasiya təşkilatları tərəfindən 223 km suvarma kanalları, 76,3 km kollektor-dren sistemi lildən təmizlənmiş, suvarma kanallarında 20 ədəd, kollektor –drenlərdə 49 ədəd hidrotexniki qurğular və nasos aqreqatları əsaslı və cari təmir edilmişdir.
Heyvandarlığın inkişafı sahəsində müsbət irəliləyişlərə nail olmaqla 2016-cı ilin birinci rübündə iri buynuzlu mal-qaranın baş sayı 43 min baş, qoyun və keçilərin baş sayı 139 min başa çatdırılaraq ötən ilə müqayisədə müvafiq olaraq 349 və 646 baş artmışdır.
Rayonda Xol zonasında 14 min 500 hektardan yuxarı suvarılan əkin sahələrinin tam suvarma suyu ilə təmin olunmasında ciddi çətinliklərin yaranması ilə əlaqədar Respublika rəhbərliyinin müvafiq sərəncamı ilə Kür çayından Xol zonasına 25 km uzunluğunda Neftçala Magistral Kanalının nasos stansiyası ilə birlikdə layihəsinin tikintisi 2006-cı ildə başlanmışdır. Kanalın 2014-2018-ci illər ərzində tikilib başa çatdırılması nəzərdə tutulmuş, bununla əlaqədar 2006-cı ildən 2016-cı ilin birinci rübünün sonunadək həmin kanalın tikintisinə 11,1 milyon manat vəsait sərf olunmuşdur. Layihənin icrasının sürətləndirilməsinə ciddi ehtiyac vardır.
Rayon İcra Hakimiyyəti 2016-cı ilin birinci rübündə rayon ərazisində təmir, tikinti və abadlıq işlərinin görülməsini diqqət mərkəzində saxlamış, həyata keçirilən işlərin keyfiyyətinə xüsusi önəm vermişdir. Hesabat dövründə rayon ərazisində tikinti işlərində əsas kapitala yönəldilmiş investisiyanın ümumi həcmi 2,8 milyon manat təşkil etmişdir. O cümlədən tikinti quraşdırma işlərinin həcmi 2,7 milyon manat yerinə yetirilmişdir. Ötən ilin eyni dövrü ilə müqayisədə investisiya qoyuluşu 4%, tikinti quraşdırma işləri 4% artmışdır.
47 saylı Yol İstismar İdarəsi tərəfindən 2016 – cı ilin I rübü ərzində xidmət etdiyi Respublika əhəmiyyətli R-46 Salyan-Neftçala avtomobil yolu üzrə 58.0 min manatlıq və yerli əhəmiyyətli avtomobil yolu üzrə 37.3 min manatlıq cari təmiri işləri görülmüşdür.
Azərbaycan Respublikası Prezidentinin “Neftçala Sənaye Məhəlləsinin yaradılması haqqında” 02 fevral 2015-ci il tarixli 1011 nömrəli Sərəncamına, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 06 aprel 2015-ci il tarixli 84s nömrəli Sərəncamına əsasən Neftçala şəhərində Dövlət Torpaq Fondu ərazisindən 10 hektar torpaq sahəsi “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinə icarə vermək hüquqi ilə daimi istifadəyə ayrılmış torpaq sahəsində tikinti işləri davam etdirilir. Bundan başqa Neftçala şəhər Heydər Əliyev prospektində Kənd Təsərrüfatı Nazirliyinin Neftçala rayon inzibati-laboratoriya binasının, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Neftçala rayon şöbəsinin yeni inzibati binasının tikintisində son tamamlanma işləri davam etdirilir.
Uzunluğu 55 km 140 metr olan 21 yaşayış məntəqəsini əhatə edən, 37 min əhalinin yaşadığı Neftçala rayonunun Şorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil yolunda tikinti işləri uğurla aparılmaqdadır. Yolda 23 su ötürücü boru tikilmiş, 35 km hissəsinə torpaq tökmə işləri aparılmışdır. 23,0 min kub yol əsası üçün material hazırlanmışdır.
2016-cı ilin I rübü ərzində Neftçala şəhəri M. Əsədov 4Q ünvanında olan yaşayış binasının ön tərəfində mini futbol stadionunun tikintisinə başlanılmış və hal-hazırda tikinti işləri davam etdirilir.
Şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində şəhərin mərkəzi hissəsində yerləşən uzunluğu 3,7 km və sahəsi 34 hektar olan “Axmaz gölün” təmizlənməsi və dərinləşdirilməsi işləri davam etdirilir.
Hesabat dövründə Neftçala Rayon İcra Hakimiyyəti tərəfindən rayonda ictimai-siyasi tədbirlərin hazırlanıb keçirilməsinə xüsusi fikir verilmiş, humanitar sahədə bir çox işlər həyata keçirilmişdir.
Cari ilin I rübü ərzində rayonun təhsil müəssisələrində təlim-tərbiyənin səviyyəsinin daha da yüksəldilməsi və təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı bir sıra işlər görülmüşdür. Belə ki, istedadlı şagirdlərin aşkara çıxarılmasında əhəmiyyətli rol oynayan fənn olimpiadalarının rayon turu keçirilmiş, rayon turunda iştirak etmiş 258 şagirddən 65-i respublika mərhələsinin yarımfinal turuna vəsiqə qazanmış, onlardan 8 nəfəri I yerə layiq görülərək final mərhələsində iştirak etmək hüququ əldə etmişdir.
Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş "Ən yaxşı təqdimat" müsabiqəsinin təşkili ilə bağlı seçim turları keçirilmiş, Qədimkənd kənd tam orta məktəbin şagirdi rayon üzrə ən yaxşı nəticə göstərərək respublika mərhələsində iştirakını təmin etmişdir.
Məktəblilər arasında keçirilmiş “Şahin” hərbi – idman yarışlarının rayon turunda Bankə qəsəbə 2 saylı, Neftçala şəhər 3 saylı və şəhər 2 saylı tam orta məktəblərinin komandaları xüsusi fərqlənmiş, Bankə qəsəbə 2 saylı tam orta məktəbin komandası Hacıqabul rayonunda keçiriləcək zona yarışlarında iştirak etmək hüququ qazanmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən "Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində şagirdlər üçün respublikanın gəzməli-görməli yerlərinə turlar təşkil olunmuş, həmin turlarda Neftçala rayonundan olan məktəblilər də iştirak etmiş, rayon məktəblərindən seçilmiş 40 nəfər fəal şagird martın 16-dan 19-dək Gəncə şəhərinə, Şəmkir və Göygöl rayonlarına ekskursiya etmiş, onlar həmin yerlərin tarixi, mədəniyyəti və gəzməli yerləri ilə tanış olmuşlar. Şagirdlərin yolasalma mərasimləri Azərbaycan televiziyasında işıqlandırılmış, onlar belə bir layihənin təşkilinə görə ölkə başçısına dərin minnətdarlıqlarını bildirmişlər.
Rüb ərzində məktəblərdə “20 Yanvar” və “Xocalı” faciələrinə, eləcə də “31 Mart Azərbaycanlıların soyqırımı”na həsr olunmuş müxtəlif tədbirlər, o cümlədən mühazirələr, açıq dərslər təşkil edilmiş, xüsusi divar qəzetləri, bülletenlər hazırlanmış, həyata keçirilən tədbirlərdə şagirdlərə yüksək vətənpərvərlik hissləri aşılanmışdır.
Hesabat dövründə rayonun tibb müəssisələrində əhaliyə göstərilən ambulator-poliklinik xidmətlərin keyfiyyətinin və tibb personalının iş şəraitinin daha da yaxşılaşdırılması , eləcə də səhiyyə müəssisələrinin maddi-texniki bazasının yüksəldilməsi istiqamətində bir sıra mühüm addımlar atılmışdır.
Ölkə Prezidenti cənab İlham Əliyevin respublika əhalisinin ümumi profilaktik tibbi müayinələrə cəlb olunması barədə verdiyi tapşırığına əsasən fevral ayından rayon ərazisində əhalinin tibbi müayinədən keçirilməsinə başlanılmış, bu məqsədlə 3-ü səyyar olmaqla 5 həkim briqadası yaradılmış, tərtib edilmiş qrafikə əsasən ilkin olaraq rayonun idarə, müəssisə və təşkilatların kollektivlərinin tibbi müayinələrdən keçməsi təmin edilmişdir. Aprel ayının 1-dək ümumilikdə rayon üzrə 33790 nəfər profilaktik tibbi müayinələrdən keçmişdir. Müayinələr nəticəsində 622 nəfər ambulator, 27 nəfər stasionar müalicələrə cəlb olunmuş, 30 nəfər isə Bakı şəhərinin müxtəlif tibb müəssisələrinə daha ixtisaslı müayinə və müalicə almaq üçün göndərilmişdir. Hazırda yaşayış məntəqələri üzrə əhalinin tibbi müayinələri davam etdirilir.
Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2015-ci il tarixli 1645 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya"nın icrasını təmin etmək məqsədilə rayon ərazisində qeyri-infeksion xəstəliklərin risk amillərinin azaldılması üçün səmərəli işlərin həyata keçirilməsi ilə bağlı tədbirlər müəyyənləşdirilmiş, aidiyyəti təşkilatlarla birgə həmin tədbirlərin icrası nəzərdə tutulmuşdur.
Hesabat dövründə rayonda mədəni xidmətin təşkili sahəsində müəyyən işlər görülmüş və bir sıra mədəni-kütləvi tədbirlər həyata keçirilmişdir. Keçən dövr ərzində “20 yanvar”, “26 fevral Xocalı faciəsi”nə və “31 Mart Azərbaycanlıların soyqırımı”na həsr edilmiş anım mərasimləri keçirilmiş, onların xatirələri rayon əhalisi tərəfindən dərin ehtiramla yad edilmişdir. Bundan başqa 8 Mart Beynəlxalq qadınlar günü münasibəti ilə musiqili əyləncəli tədbir təşkil edilmiş, Park-Bulvar Kompleksində Novruz bayramı ilə bağlı maraqlı teatrlaşdırılmış ümumrayon bayram şənliyi keçirilmiş, mədəniyyət müəssisələrində əlamətdar və tarixi günlər, eləcə də görkəmli şəxslərin yubileyləri ilə əlaqədar tədbirlər qeyd olunmuşdur. "Kitabi-Dədə Qorqud"un Alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq rayonun Heydər Əliyev Mərkəzində Rayon İcra Hakimiyyəti nümayəndələrinin, respublikanın tanınmış ədəbiyyatşünaslarının və şair-publisistlərin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə yubiley gecəsi keçirilmiş və tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanmışdır.
Hesabat dövründə rayonda gənclərlə işin təşkili sahəsində, bədən tərbiyəsi və idmanın inkişafı məqsədilə də bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, “Gənclər günü” münasibətilə rayonun fəal gənclərin iştirakı ilə tədbir keçirilmiş, tədbirdə maraqlı əyləncəli-konsert proqramları və yarışlar təşkil edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq idmanın kütləviliyinin artırılması, uşaq, yeniyetmə və gənclərin fiziki sağlamlıqlarının möhkəmləndirilməsi, mövcud olan idman obyektlərindən səmərəli istifadə edilməsi məqsədilə rayonda müxtəlif idman növləri üzrə təşkil edilmiş bölmələr fəaliyyətini davam etdirmiş və yarışlar keçirilmişdir.
Rüb ərzində rayon ərazisində ictimai-siyasi sabitliyin qorunub saxlanılması işlərinə də diqqət yetirilmiş, partiyalar və qeyri-hökumət təşkilatları ilə bir sıra əlaqəli işlər aparılmışdır. Hazırda rayonumuzda 13 siyasi partiya, 18 qeyri-hökumət təşkilatı fəaliyyət göstərir.
Rayonda dini durum da daim nəzarətdə saxlanılmış, din xadimləri ilə müntəzəm əlaqələr zamanı "Dini etiqad azadlığı haqqında" Qanunun müddəalarına riayət olunması onlara tövsiyə olunmuşdur. "2016-cı ilin Azərbaycan Respublikasında "Multikulturalizm ili" elan edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamına müvafiq olaraq rayonda multikulturalizm ənənələrinin qorunub saxlanılması, onun daha da inkişaf etdirilməsi və geniş təbliği ilə bağlı Neftçala Rayon İcra Hakimiyyətinin “Tədbirlər Planı” hazırlanmış, "Multikulturalizm ili" çərçivəsində bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Cari ilin fevral ayında rayonun Heydər Əliyev Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Rayon İcra Hakimiyyəti nümayəndələrinin, din xadimlərinin, ağsaqqal və ziyalıların iştirakı ilə "Dünyəvi dövlətdə din; Azərbaycan modeli" mövzusunda seminar-müşavirə təşkil edilmiş, tədbir iştirakçılarını maraqlandıran suallara aydınlıq gətirilmişdir.
Hesabat dövründə mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin yerlərdə qəbullarının təşkili ilə bağlı ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına müvafiq olaraq Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri, Azərbaycan Respublikasının Ədliyyə naziri və Azərbaycan Respublikasının Baş Prokuroru tərəfindən Neftçala və ətraf rayonların sakinlərinin rayonumuzda qəbulu təşkil olunmuş, vətəndaşların müraciətləri dinlənilərək, onların qaldırdıqları məsələlərin həlli istiqamətində lazımi tədbirlər həyata keçirilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin sədri cənab Elman Rüstəmovun və Milli Məclisin Regional Məsələlər Komitəsinin sədri cənab Arif Rəhimzadənin rayon ictimaiyyəti nümayəndələri, iş adamları və sahibkarlarla görüşü təşkil edilmiş, onları maraqlandıran suallar cavablandırılmış və görüşün sonunda vətəndaşların qəbulu keçirilmişdir.
Rayon İcra Hakimiyyəti başçısı aparatı 2016-cı ilin birinci rübündə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsi ilə daimi yaxından əlaqə saxlamışdır. Hərbi xidmətə çağırışla bağlı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin çağırışla bağlı sərəncamlarına uyğun olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsi tərəfindən 2016-cı ilin birinci rübündə 58 nəfər çağırışçı hərbi xidmətə cəlb olunmuşdur. Hərbi çağırışçılar arasında vətənpərvərlik ruhunun yüksəldilməsi və onların çağırışdan yayınmasının qarşısının alınması üçün mütəmadi olaraq yerlərdə əhali arasında təbliğat və maarifləndirmə işləri aparılmışdır.
2016-cı ilin birinci rübündə Rayon Polis şöbəsi tərəfindən rayon üzrə müxtəlif xarakterli 39 cinayət hadisəsi qeydə alınmışdır. Ümumilikdə qeydə alınmış cinayətlərin açılması 93,8 % təşkil edir. Rayon üzrə ümumi cinayətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 17 cinayət faktı çox olmuşdur.
2016-cı ilin I rübündə Rayon İcra Hakimiyyəti başçısı tərəfindən yerlərdə əhali ilə əlaqələri möhkəmləndirmək, onları narahat edən sosial problemlərin öyrənilməsi və həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar müntəzəm səyyarı görüş və qəbulların keçirilməsi daim diqqət mərkəzində olmuşdur.
2016-cı ilin I rübündə İcra Hakimiyyəti başçısı tərəfindən 11 səyyar görüş və qəbul keçirilmiş və bu görüşlərdə 1140 nəfər iştirak etmişdir. Keçirilən görüşlərdə 48 nəfər 33 tənqidi qeyd və təkliflə çıxışlar etmişdir ki, bunlardan 6-sı meliorasiya və irriqasiya tədbirlərinin həyata keçirilməsi, 6-sı yol və körpülərin inşası və ya təmiri, 4-ü təhsil müəssisələrinin təmiri və ya inşası, 7-si elektrik təsərrüfatının yenidən qurulması, 4-ü mavi yanacaq ilə təminat, 2-si abadlıq və quruculuq işlərinin aparılması, 1-i içməli su ilə təminat və 3-ü digər məsələlərdən ibarət olmuşdur. Vətəndaşlar tərəfindən qaldırılan tənqidi qeyd və təkliflər nəzarətə götürülmüş, həlli istiqamətində aidiyyəti üzrə müvafiq yuxarı orqan və təşkilatlar qarşısında məsələlər qaldırılmış və həlli yerlərdə mümkün olan problemlərin aradan qaldırılmasından ötrü tədbirlər həyata keçirilmişdir
2016-cı ilin birinci rübündə Rayon İcra Hakimiyyətinə vətəndaşlar tərəfindən 154 müraciət daxil olmuşdur ki, bundan 135 müraciət ərizə, 19 müraciət şikayət xarakterli olmuşdur. Daxil olan müraciətlərdən 151 müraciət nəzarətə alınmadan, 3 müraciət nəzarət qaydasında araşdırılmışdır. 2015-ci ilin birinci rübü ilə müqayisədə müraciətlərin sayı 7 müraciət azalmışdır.
Daxil olmuş müraciətlər mövzular üzrə araşdırılarkən, qəbul məsələləri ilə bağlı 5, ictimai – siyasi məsələlər üzrə 3, dövlət qulluğu və kadr məsələləri üzrə 1, şəhər, rayon İcra Hakimiyyəti və bələdiyyələrin fəaliyyəti barədə 21, maliyyə və bank məsələləri üzrə 3, kənd təsərrüfatı məsələləri üzrə 5, hüquq mühafizə orqanlarının fəaliyyəti üzrə 1, torpaq məsələsi üzrə 27, elm, təhsil, səhiyyə məsələləri üzrə 5, mədəniyyət və turizm, gənclik və idman məsələləri üzrə 1, nəqliyyat məsələləri üzrə 2, sosial müdafiə məsələləri üzrə 26, enerji daşıyıcıları və su təchizatı məsələləri üzrə 2, mənzil məsələsi üzrə 29, şəhərsalma və tikinti məsələləri üzrə 14, təbii fəlakət hadisələri və fövqəladə hallar üzrə 2, məişət məsələləri üzrə 2, sənaye, iqtisadiyyat və sahibkarlığın inkişafı məsələləri üzrə 4, qaçqınlarla və məcburi köçkünlərlə bağlı məsələlər üzrə 1 müraciətə Rayon İcra Hakimiyyətində baxılmışdır.
2016-cı ilin birinci rübündə Rayon İcra Hakimiyyətinə daxil olmuş müraciətlərdən 15 müraciət kollektiv, 15 müraciət təkrar xarakterli olmuşdur.
2016-cı ilin birinci rübündə Rayon İcra Hakimiyyəti başçısı tərəfindən 73 vətəndaş qəbul edilmişdir. O cümlədən, Rayon İcra Hakimiyyəti başçısı aparatında 25 nəfər, səyyarı qəbullarda 48 nəfər vətəndaş qəbul edilmişdir. Rayon İcra Hakimiyyəti başçısı aparatında başçı tərəfindən qəbul olunmuş vətəndaşların müraciətləri mövzular üzrə araşdırılarkən 1 müraciət mənzil ilə təmin olunma, 8 müraciət işlə təmin olunma, 12 müraciət evini qəzalı olması, tikinti materialları ilə köməklik olunması, 3 müraciət torpaq məsələləri, 1 müraciət ünvanlı sosial yardım məsələlər barədə olmuşdur.
Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikası Prezidenti Zati-aliləri cənab İlham Əliyevin göstərişlərini, imzaladığı fərman və sərəncamlarını və Azərbaycan Respublikasının Qanunlarını əldə rəhbər tutub vətəndaşların qəbulu, onların müraciətlərinə baxılmasının səmərəliliyini artırmaq məqsədilə bundan sonra da lazımi tədbirlər görəcək və gələcək fəaliyyətində öz işini günün tələbləri səviyyəsində quracaqdır.