Şriftin ölçüsü :

Saytın rəngi :

Kənd təsərrüfatının inkişafı ilə bağlı yığıncaq tədbiri

13 fevral 2016 | 04:02

İqtisadiyyat mühüm olduğu qədər də genişmiqyaslı sahədir. Həyatımızın elə bir sahəsi yoxdur ki, iqtisadiyyatdan bu və ya digər dərəcədə bəhrələnməsin. Bizi qiymətli ərzaq məhsulları ilə təmin edən kənd təsərrüfatı da iqtisadiyyatın ayrılmaz tərkib hissəsidir və gündəlik həyatımızı bunsuz təsəvvür etmək mümkün deyildir. Son illər insanların ərzaq təhlükəsizliyində çox mühüm rol oynayan kənd təsərrüfatına diqqətin artırılması, bu sahənin ən müasir texnologiyalar əsasında yenidən qurulması da məhz bununla bağlıdır. Başqa cür mümkün deyil. Dünyanın ayrı-ayrı ölkələrinin qabaqcıl təcrübəsi, kənd təsərrüfatı məhsullarının istehsalında qazanılan nailiyyətlər bunu bir daha əyani şəkildə göstərir.

Ölkəmizdə, onun bir parçası olan rayonumuzda da bu istiqamətdə addımlar atılmaqdadır. Dünyanın qabaqcıl təcrübəsinin öyrənilməsi və tətbiqi istiqamətində rayonumuzda atılan hər addım, əldə olunan hər yeni uğur hər birimizi ürəkdən sevindirir. Buna baxmayaraq çətinliklər, problemlər də vardır. Bizdə dədə-baba üsuluna hələ daha çox üstünlük verilir. Bu isə yüksək və keyfiyyətli məhsul əldə edilməsini əngəlləyir. Kənd təsərrüfatı sahəsində çalışanlar hələ də kübrələrdən, yeni texnologiyalardan istifadənin, yeni qaydaların tətbiqinin əhəmiyyətini kifayət qədər dəyərləndirə bilmirlər. Bütün bunlar isə mənfi təsirini göstərməyə bilməz.

12 fevral 2016-cı il tarixdə rayon icra hakimiyyətinin akt zalında rayon ərazisində kənd təsərrüfatı bitkilərinin becərilməsində istifadə edilən torpaqların mexaniki tərkibinin öyrənilməsi, torpağa lazım olan mineral və üzvi kübrələrin verilməsi, suvarmanın vaxtında və düzgün təşkili nəticəsində məhsuldarlığın artırılması ilə bağlı keçirilən toplantı da bununla bağlı idi. 

İdarə, müəssisə və təşkilat rəhbərlərinin, inzibati ərazi dairələri üzrə nümayəndələrin, bələdiyyə sədrlərinin, iş adamlarının, sudan istiadəedənlər birliklərinin məsul işçilərinin iştirak etdiyi tədbiri rayon icra hakimiyyətinin başçısı hörmətli İsmayıl Vəliyev açaraq müzakirə olunan məsələ ilə əlaqədar öz fikirlərini bildirdi, qarşıda duran mühüm vəzifələrdən danışdı. Sonra söz rayon icra hakimiyyəti başçısı aparatı sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Əlikömək Babayevə verildi. Kənd təsərrüfatı sahəsində mövcud vəziyyətə geniş aydınlıq gətirən, bununla əlaqədar hərtərəfli təhlillər aparan Əlikömək müəllim məhsul istehsalının artırılmasında başlıca faktorun yeni texnologiyaların tətbiqində, sudan, mineral və üzvi kübrələrdən düzgün istifadə olunmasında, keyfiyyətli toxumun seçilməsində və digər amillərdə olduğunu bildirdi.

Toplantıda iştirak edən rayon aqrokimya laboratoriyasının müdiri Məmmədağa Bayramovun, rayon üzrə toxum müfəttişi Həsən Nədiyevin, “Aqrolizinq” ASC-nin Neftçala filialının müdiri Vaqif Qurbanovun, rayon suvarma sistemləri idarəsinin rəisi Elçin Əsədovun fikirləri də maraqla qarşılandı. Bununla yanaşı yığıncağa dəvət olunmuş fermerlər, iş adamları da təkliflərini bildirdilər, onları narahat edən məsələlərdən danışdılar.

Keçidlər