2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş Neftçala rayonu İcra Hakimiyyətinin başçısı cənab İ.M. Vəliyevin hesabatı
İyul ayının 18-də 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası keçirilmişdir. İclasda İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev çıxış edərək bildirmişdir ki, 2012-ci ilin birinci yarısında rayonda ümumi məhsul istehsalının həcmi ötən ilin müvafiq dövrünə nisbətən 11,8 % artmışdır. Hesabat dövründə ümumi məhsul istehsalı 81,3 milyon manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,6 milyon manat çoxdur. 2012-ci ilin birinci yarısında ümumi məhsulun tərkibində sənaye məhsulu 11 milyon 996,7 min manat və ya ümumi məhsulun 14,7 %-i qədər, kənd təsərrüfatı məhsulu 35 milyon 580,0 min manat və ya 43,8 %, nəqliyyat xidməti 879,4 min manat və ya 1,1 %, rabitə xidməti 207,9 min manat və ya 0,3 %, ticarət, iaşə və digər xidmət sahələrinin həcmi 29 milyon 213,4 min manat və ya 35,9 % , tikinti işlərinin həcmi 3 milyon 399,9 min manat və ya 4,2 % olmuşdur. Ümumi məhsulun həcmində qeyri-dövlət bölməsinin payı 80,8 %-ə çatmışdır. Adambaşına 994,6 manatlıq məhsul istehsal edilmişdir ki, bu da 2011-ci ilin birinci yarısına nisbətən 10,5 % çoxdur.
2012-ci ilin birinci yarısında rayonda 4 yeni müəssisə yaradılmış, 381 fiziki şəxs fəaliyyətə başlamışdır. Yeni yaradılmış müəssisələrin hesabına 6, fiziki şəxslər üzrə 381, mövcud müəssisə və təşkilatlarda 44, cəmi 431 daimi yeni iş yeri açılaraq işsiz və iş axtaran vətəndaşlar işlə təmin olunmuşdur. Kənd təsərrüfatında mövsümü işlərə 996 nəfər, rayonda aparılan tikinti-abadlıq işlərinə 151 nəfər cəlb olunmuşdur. Yeni iş yerlərinin açılması istiqamətində müvafiq olaraq əlavə tədbirlər görülür.
Hesabat dövründə rayonda fəaliyyət göstərən 13 sənaye müəssisəsində, 6-sı kiçik müəssisə olmaqla, fiziki şəxslərin fəaliyyəti nəzərə alınmaqla 11 milyon 996,7 min manatlıq sənaye məhsulu istehsal olunmuş, sənayenin ümumi məhsulunda qeyri-dövlət bölməsinin xüsusi çəkisi 84,4 % təşkil etmişdir.
2012-ci ilin birinci yarısında nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsi üzrə fəaliyyət göstərən fiziki şəxslərin işi nəzərə alınmaqla 275,0 min ton yük, 3 milyon 153,0 min nəfər sərnişin daşınmışdır ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən yük daşınması 7,0 faiz, sərnişin daşınması isə 7,2 faiz artmışdır.
Sərnişin daşınmasında xidmətin yüksəldilməsi məqsədilə rayona “AZNU” MMC şirkəti tərəfindən müasir tələblərə cavab verən 10 ədəd taksi gətirilərək marşruta buraxılmışdır.
Hesabat dövründə rabitə müəssisələri tərəfindən əhaliyə, müəssisə və təşkilatlara faktiki qiymətlərlə 207,9 min manatlıq rabitə xidməti göstərilmişdir. Ümumi xidmətin 96,6 faizi bilavasitə əhalinin payına düşür. Hazırda rayonda hər 100 ailəyə 58 ədəd telefon aparatı düşür.
Cari ilin birinci yarısında əhalinin nominal pul gəlirləri 24 milyon 566,0 min manat olmuş, ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,7 % artmışdır. Adambaşına düşən pul gəlirləri 12,4 % artaraq 300,6 manat olmuşdur. Rayon üzrə bir işçinin orta aylıq əmək haqqı 251,0 manat təşkil edir. Bu isə 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 10,5 % çoxdur. İlin əvvəlindən əhaliyə 69,0 milyon manatlıq istehlak malları satılmış və xidmətlər göstərilmişdir. Pərakəndə əmtəə dövriyyəsi 25,6 % artaraq 58,7 milyon manata, pullu xidmətlərin həcmi 13,5 % çoxalaraq 9,1 milyon manata, iaşə xidmətlərinin həcmi 14,3 % artaraq 1,2 milyon manata çatmışdır.
2012-ci il üçün rayonun yerli gəlirləri 3 milyon 944,0 min manat, xərcləri isə 14 milyon 162,3 min manat təsdiq olunmuşdur. 2012-ci ilin birinci yarısında büdcəyə 1 milyon 932,6 min manata qarşı 2 milyon 83,5 min manat vəsait daxil olmuş və ya 107,8 % icra olunmuş, yerli xərclər 6 milyon 675,4 min manata qarşı 5 milyon 949,3 min manat və ya 89,1 % icra olunmuşdur.
01 iyul 2012-ci il tarixə pensiya və müavinət alanların sayı 13165 nəfər, ünvanlı dövlət sosial yardımı alanların sayı 1616 nəfər olmuş, 142 kimsəsiz, ahıl və əlillərə sosial məişət xidməti göstərilmişdir.
2012-ci ilin 6 ayı ərzində Rayon Məşğulluq Mərkəzi tərəfindən 195 nəfər iş axtaran vətəndaş daimi iş yerləri ilə təmin olunmuş və 28 nəfərə işsiz statusu verilərək işsizlik müavinəti təyin edilmişdir. Peşə hazırlığı kurslarına 18 nəfər, haqqı ödənilən ictimai işlərə 29 nəfər cəlb olunmuşdur. Sahibkarlığın inkişafına dəstək olaraq rayonda fəaliyyət göstərən 3 bank və 1 bank olmayan kredit təşkilatlarının filialları tərəfindən 2012-ci ilin birinci yarısında sahibkarlara və vətəndaşlara ümumilikdə 1 milyon 579,5 min manat, o cümlədən, Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 2 nəfər sahibkara 25,0 min manat kredit verilmişdir.
2012-ci ilin 6 ayında Neftçala Elektrik Şəbəkəsi tərəfindən 74,4 milyon kvt. saat rayona elektrik enerjisi verilmiş, o cümlədən elektrik enerjisinin 24,5 milyon kvt. saatı əhaliyə satılmış, həmin enerjinin dəyərinin 83,7 faizi ödənilmişdir.
2012-ci ilin birinci yarısında Rayon Qaz İstismar Sahəsi tərəfindən 5 milyon 971,3 min kub metr həcmində rayona təbii qaz verilmiş, o cümlədən əhaliyə satılan qazın ümumi həcmi 5 milyon 479,9 min kub metr olmuş, bunun da dəyərinin 95,2 faizi ödənilmişdir ki, bu da ötən ilin müvafiq dövründən 22,0 faiz çox olmuşdur.
Rayonda hesabat dövründə aqrar sahədə müsbət irəliləyişlər olmuşdur. Belə ki, cari ilin birinci yarısında ötən ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu artaraq 35 milyon 580 min manat və ya 101,2 % olmuş, göstərilən dövrdə diri çəkidə 2810,7 ton ət, 9560,1 ton süd, 2 milyon 337 min ədəd yumurta, 236,6 ton yun istehsal olmuş, ötən ilin 6 ayı ilə müqayisədə ət istehsalı 248,6 ton, süd istehsalı 122,4 ton, yumurta istehsalı 441 min ədəd, yun istehsalı 43,1 ton artmışdır.
2012-ci ilin məhsulu üçün 39809 hektar sahəyə taxıl əkilmiş, sahələrdən 980894 ton məhsul toplanmışdır.
Bitkiçilik sahəsindən yüksək məhsul götürmək məqsədi ilə meliorativ tədbirlərin həyata keçirilməsində müəyyən işlər görülmüşdür. Hesabat dövründə Rayon Su Meliorasiya İdarəsi tərəfindən 214 km suvarma kanalları, 57 km kollektor-dren sistemi lildən təmizlənmiş, suvarma kanallarında 34 ədəd, kollektor-drenlərdə 31 ədəd hidrotexniki qurğular və nasos aqreqatları əsaslı və cari təmir edilmişdir.
Heyvandarlığın inkişafı sahəsində müsbət irəliləyişlərə nail olmaqla 01 iyul 2012-ci il tarixə iri buynuzlu mal-qaranın baş sayı 41397 baş, qoyun və keçilərin baş sayı 130162 başa çatdırılaraq ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 537 və 6412 baş artmışdır.
Rayonda baytarlıq xidməti sahəsində müəyyən işlər görülməklə mal-qara arasında ölümə səbəb ola bilən və eləcədə infeksion xəstəliklərə qarşı epizodik tədbirlər, yəni 17359 baş iri buynuzlu heyvanlarda brüselyoza qarşı seroloji müayinə aparılmış, müayinə nəticəsində 14 baş heyvanda xəstəlik aşkar olunmuş, həmin heyvanlar baytar nəzarəti altında kəsilərək çıxdaş edilmiş, 39902 baş iri buynuzlu heyvanlarda “qarayara” xəstəliyinə qarşı peyvəndləmə aparılmışdır.
Fermer və sahibkarlara texnika və mineral gübrələrlə təminatını yaxşılaşdırmaq məqsədi ilə Respublika “Aqrolizinq” ASC-nin Neftçala “Aqroserviz” filialının fəaliyyəti genişləndirilərək müxtəlif növ texnikaların sayı 121-ə çatdırılmış, fermerlərin mineral gübrələrlə təminatı xeyli yaxşılaşdırılmışdır.
Rayonun Xol zonasında 18000 hektardan yuxarı suvarılan əkin sahələrinin tam suvarma suyu ilə təmin olunmasında ciddi çətinliklərin yaranması ilə əlaqədar Respublika rəhbərliyinin yaxından köməyi nəticəsində Kür çayından Xol zonasından keçən Akkuşa çayına 24,6 km uzunluğunda Neftçala Magistral Kanalının nasos stansiyası ilə birlikdə tikintisinə 2006-cı ildə başlanmışdır. Bu kanalın tikintisi 2008-2015-ci illərdə Azərbaycan Respublikasında “Əhalinin Ərzaq məhsulları ilə tam təminatına dair Dövlət Proqramı”na daxil edilmiş, kanalın 2008-2013-cü illər ərzində tikilib başa çatdırılması nəzərdə tutulmuş, bununla əlaqədar 2006-cı ildən 2012-ci ilin birinci yarısına qədər həmin kanalın tikintisinə 8 milyon 744 min manat vəsait sərf olunmuşdur.
2012-ci ilin 6 ayında kanalın tikintisinin davam etdirilməsinə 851 min 415 manat vəsait ayrılmış və tikinti quraşdırma işləri yerinə yetirilmişdir.
Rayon İcra Hakimiyyəti 2012-ci ilin birinci yarısında rayon ərazisində təmir, tikinti və abadlıq işlərinin görülməsini diqqət mərkəzində saxlamış, həyata keçirilən işlərin keyfiyyətinə xüsusi önəm vermişdir.
Hesabat dövründə rayonun təmir-tikinti təşkilatları və xidmətləri tərəfindən yerinə yetirilmiş işin həcmi 2 milyon 327 min manat olmuşdur. Bu da ötən ilin müvafiq dövründən 13,5 % çox olmuşdur.“Neftçala rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 12 iyun 2012-ci il tarixli 2276 nömrəli sərəncamına əsasən 11 yaşayış məntəqəsini birləşdirən Şorsulu-Xolqarabucaq-Xəzərkənd avtomobil yolunun tikintisi və yenidən qurulması üçün ilkin olaraq 5,0 milyon manat vəsait nəzərdə tutulmuşdur. Təbiidir ki, bu da öz növbəsində rayonun yol infrastrukturunda çox mühüm yer tutacaqdır.
39 saylı Yol İstismar İdarəsi 2012-ci ilin birinci yarısında yerinə yetirilmiş təmir işləri və yolların saxlanmasına 726,0 min manat vəsait sərf edilmişdir.
2012-ci ilin 6 ayı ərzində Neftçala Su Kanal İdarəsi istehlakçılara cəmi 454,5 min m3 su istehsal olunaraq nəql olunmuşdur ki, bunun da 413,3 min m3-i əhali qrupuna aid abonentlərə, 23,2 min m3-i büdcə təşkilatlarına, 13,3 min m3-i sənaye təşkilatlarına, 4,7 min m3-i kommersiya qrumlarına ötürülmüşdür.
2012-ci ilin birinci yarısında nəql olunmuş suyun dəyəri 144,6 min manat təşkil etmişdir ki, bunun da 103,3 min manatı əhalinin, 23,2 min manatı büdcə təşkilatlarının, 13,4 min manatı sənaye təşkilatlarının, 4,7 min manatı kommersiya qurumlarının payına düşmüşdür ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,6 min manat çoxdur.
2012-ci ilin birinci yarısında nəql olunmuş suya görə abonentlərdən “Azərsu” ASC “Birləşmiş Sukanal” MMC-nin mərkəzləşdirilmiş hesablaşma hesabına cəmi 89,2 min manat vəsait daxil olmuşdur ki, (satılmış suyun ümumi dəyərinə nisbətdə 61,7%) bunun da 67,4 min manatı (65,2%) əhalinin, 13 min manatı (56,0%) büdcə təşkilatlarının, 5,4 min manatı (40,3%) sənaye təşkilatlarının, 3,4 min manatı isə (72,3%) kommersiya qurumlarının payına düşmüşdür.
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramına əsasən 2012-ci ilin IV rübündə Neftçala şəhərinin su və kanalizasiya sisteminin yenidən qurulması işlərinə başlanacaq və bu işlərin yaxın 2 il ərzində başa çatdırılması nəzərdə tutulmuşdur.
16 iyul 2012-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Hacıqabul rayonunda Şirvan–Muğan qrup su kəmərinin təməlini qoymuşdur. Təməlqoyma mərasimində rayonun idarə müəssisə rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir. Şirvan–Muğan qrup su kəməri ilə nəql ediləcək su rayon və şəhərlərin, o cümlədən rayonumuzun 44 yaşayış məntəqəsinin su tələbatının ödənilməsinə xidmət göstərəcəkdir.
Neftçala şəhər İstehsalat Təmir İstismar Sahəsi balansında olan yaşayış binalarının əsasən dam örtüyündə, fasad hissələrində kanalizasiya və su xətlərində 6041 manat həcmində təmir işləri aparmışdır. “Təmir-Tikinti” MMC tərəfindən hesabat dövründə rayonun səhiyyə, təhsil mədəniyyət və İnzibati ərazi nümayəndəliyinin obyektlərində 20960 manatlıq cari təmir işləri görülmüşdür. Bunlardan MRX-da 4000 manat, Həsənabad orta məktəbdə 1560 manat, Bankə 1 saylı məktəbdə 2700 manat, Xolqaraqaşlı orta məktəbdə 3000 manat, Mədəniyyət və Turizm şöbəsində 3600 manat, Neftçala şəhər inzibati ərazi nümayəndəliyinin inzibati binasında 6100 manat cari təmir işləri görülmüşdür.
“Aqrartikinti Müəssisəsi” MMC tərəfindən hesabat dövründə rayonun prospekt, park və meydanında o cümlədən Bayraq meydanında, H.Əliyev prospektində 145 min 215 manat təmir tikinti işləri aparılmışdır.
“Aran-4” MMC 2012-ci ilin 6 ayında ümumilikdə 140 min 203 manatlıq yol-təmir işləri yerinə yetirmişdir. O cümlədən Neftçala İ.Ə.N-nin sifarişi ilə M.Əsədov, M.Rəsulzadə küçələrində, H.Əliyev prospektində ümumilikdə 1915 m2 asfalt örtüyü salınmış və 5750 m2 sahədə çınqıl əsaslı örtük tikilmişdir.Bu işlərə 117 min 783 manat vəsait sərf olunmuşdur. Bankə qəsəbə İ.Ə.N-nin sifarişi ilə S.Mikayılov küçəsində 3520 m2, asfalt örtük salınmış və bu işlərə 22 min 420 manat vəsait sərf olunmuşdur.
Bankə qəsəbə Kommunal Müəssisələri Kombinatı 2012-ci ilin 6 ayı ərzində sanitar təmizlik və yaşıllaşdırma işlərinə 15000 manat vəsait sərf etmişdir.
Xıllı qəsəbə Kommunal Müəssisələri Kombinatı 2012-ci ilin 6 ayı ərzində sanitar təmizlik və yaşıllaşdırma işlərinə 12800 manat vəsait sərf etmişdir.
Neftçala şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən 2012-ci ilin 6 ayı ərzində yaşıllıq sahəsinə 26169 manat, təmizlik sahəsinə 57819 manat vəsaiti ayrılmışdır. Göstərilən xidmətlərə ümumilikdə 6 ayda xərc 86988 manat vəsait xərclənmişdir.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 04 iyul 2012-ci il 167 s saylı sərəncamı ilə Çin Xalq Respublikasının Hökuməti tərəfindən ayrılan texniki yardımlar hesabına Azərbaycan Respublikasına gətirilən kommunal xidmət təyinatlı nəqliyyat vasitələrindən 2 ədəd məişət tullantıları daşıyan maşın və ölkədə istehsal edilən 140 ədəd konteynerlər rayona gətirilmişdir. Belə ki, rayona ayrılan kommunal xidmət təyinatlı avadanlıqlar, şəhərin təmizliyinə və abadlığına mühüm təsir göstərəcəkdir.
Hesabat dövründə Kür çayının qalxması ilə əlaqədar təbii fəlakətin fəsadlarının aradan qaldırılması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin komissiyaları tərəfindən keçirilmiş təkrar baxış nəticəsində 283 evə baxış keçirilmiş, onlardan 78 ev qənaətbəxş, 23 ev qəzalı, 96 ev bərpa gücləndirmə, 86 ev təmirə ehtiyacı olan evlər kimi qeydə alınmışdır.
2012-ci ilin birinci yarısında rayon ərazisində Təhsil, səhiyyə və mədəniyyət sahəsində müəyyən işlər görülmüşdür.
2012-ci ilin birinci yarısında Rayon Təhsil Şöbəsi və rayonun təhsil müəssisələri təlim-tərbiyə işlərinin səviyyəsinin yüksəldilməsi, tədrisin keyfiyyətinin daha da yaxşılaşdırılması, təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə bir sıra işlər görmüşlər. Yanvar ayında fənn olimpiadalarının rayon mərhələsinin ikinci turu keçirilmiş, rayon fənn olimpiadalarında I mərhələnin 57 nəfər qalibi II mərhələdə iştirak etmiş, onlardan 12 nəfəri I yerə layiq görülərək Respublika turunda iştirak etmişlər.
Ümummilli lider Heydər Əliyev irsinin öyrənilməsi də diqqət mərkəzində saxlanılmışdır. Heydər Əliyevin anadan olmasının 89–cu ildönümü münasibətilə ulu öndərin həyatı və fəaliyyətinə həsr olunmuş inşa - yazı müsabiqəsinin rayon turu keçirilmiş, Qırmızıkənd kənd tam orta məktəbin X sinif şagirdi Söylü Ağazadə ən yüksək nəticə göstərərək Respublika turunda iştirak etmiş, 2-ci dərəcəli diplomla, notbukla və “Avroviziya -2012” mahnı müsabiqəsinə biletlə mükafatlandırılmışdır.
Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə “Uşaq və müharibə” mövzusunda rayon rəsm müsabiqəsi keçirilmiş, şəhər 2 saylı, Bankə qəsəbə 2 saylı, Qədimkənd kənd tam orta, A. Qaramanlı ümumi orta məktəb şagirdlərinin rəsm işləri Respublika Təşkilat Komitəsinə təqdim edilmişdir. Bundan başqa “Ən çox sevdiyim idman növü” mövzusunda keçirilmiş Respublika rəsm müsabiqəsinə rayon üzrə 15 rəsm işi təqdim edilmişdir.
İyun ayında Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilən buraxılış imtahanlarında 698 nəfər XI sinif, 1044 nəfər isə IX sinif şagirdi iştirak etmiş, rayon üzrə müvəffəqiyyət faizi IX siniflər üzrə 76 % , XI siniflər üzrə isə 84 % olmuşdur ki, bu da yüksək nəticələrdən biridir.
1 İyun Uşaqların Müdafiəsi günü də rayonun məktəbəqədər təhsil müəssisələrində xüsusi qeyd edilmiş, bu da uşaqların böyük sevincinə səbəb olmuşdur.
Ötən müddətdə təhsilin maddi–texniki bazasının möhkəmləndirilməsi məsələləri diqqət mərkəzində saxlanılmışdır. Belə ki, 1 saylı Mayak kəndində 20 yerlik yeni uşaq bağçası - körpələr evinin inşası başa çatdırılmış, 220 yerlik Xıllı qəsəbə 2 saylı tam orta məktəbinin yeni binası isə növbəti dərs ilində şagirdlərin istifadəsinə veriləcəkdir. 260 yerlik Xəzər kənd, 200 yerlik II Qaralı kənd tam orta məktəbləri üçün yeni məktəb binalarının tikintisinə də başlanılmış və
hazırda inşaat işlər davam etdirilir. Şəhər 2 saylı uşaq bağçası-körpələr evində də əsaslı təmir işləri aparılır.
Həmin dövr ərzində 108,5 min manatlıq inventar və avadanlıqlar alınaraq məktəblərə verilmişdir.
Rayonda ümumtəhsil məktəblərinin əksəriyyətinin və bir çox uşaq bağçalarının əsaslı təmirinə və yeni binanın tikintisinə, onların maddi-texniki bazasının möhkəmləndirilməsinə ehtiyacı vardır.
Hesabat dövründə Neftçala Mərkəzi Rayon Xəstəxanasında əhaliyə göstərilən ambulator-poliklinik xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində müəyyən işlər görülmüşdür. Hazırda rayonda ümumi stasionar 160 çarpayılıq 2 xəstəxana, 15 həkim məntəqəsi və 4 tibb məntəqəsi fəaliyyət göstərir. Neftçala MRX və ona tabe olan tibb müəssisələrində 937 nəfər çalışır ki, bunlardan 131 nəfəri həkim, 439 nəfəri orta və 367 nəfəri isə kiçik tibb işçisi və digər xidmət personalıdır. I yarım il ərzində 10 nəfər həkim və 19 nəfər orta tibb işçisi ixtisasartırma kursundan keçmiş, 13 nəfər həkim müvəffəqiyyətlə test imtahanlarından keçərək sertifikat almış, bununla da sertifikat alan həkimlərin sayı 39-a çatmışdır.
6 ay ərzində Mərkəzi Rayon Xəstəxanasının xidmət ərazisi üzrə 592 hamilə qeydiyyata götürülmüş, 586 körpə doğulmuş, doğulan körpələrin 99,8 %-i doğum evlərində yoluxucu xəstəliklərə qarşı peyvənd olunmuşdur. 0-1 yaşda cəmi 2 uşaq ölümü olmuşdur.
1-5 yaşda olan 121 nəfər uşaq üçün Elektron Sağlamlıq Kartı hazırlanmış, beləliklə də rayon üzrə elektron sağlamlıq kartı hazırlanmış uşaqların sayı 6451 nəfərə çatmışdır. Rayon üzrə 0-14 yaşda olan uşaq kontingentinə aparılan vaksinasiya və immunizasiya tədbirləri planı 98,7 % yerinə yetirilmişdir. Ötən dövrdə rayon üzrə uşaqlar arasında difteriya, göyöskürək, poliomielit, tetanus, qızılca kimi yoluxucu infeksion xəstəliklər qeydə alınmamışdır.
Ötən dövrdə xəstələr tərəfindən ambulator müraciətlərin sayı 76469 olmuş, stasionar müalicəyə 1357 xəstə daxil edilmişdir. Bu xəstələr tərəfindən 19387 çarpayı-gün keçirilmişdir. 86-sı təcili və təxirəsalınmaz olmaqla 220 cərrahi əməliyyat aparılmışdır.
Xəstəxananın maddi-texniki bazasının möhkəmləndirilməsi, əhaliyə göstərilən səhiyyə xidmətinin keyfiyyətinin daha da yaxşılaşdırılması, personalın iş şəraitinin müasir tələbata uyğun şəkildə qurulması istiqamətində bir sıra addımlar atılmışdır. Belə ki, xəstəxanaya ümumi məbləği 39,4 min manat məbləğində bərk və yumşaq, 15,0 min manatlıq tibbi avadanlıq alınmış, poliklinika şöbəsində 4,0 min manatlıq cari təmir işləri aparılmışdır.
Neftçala Mərkəzi Rayon Xəstəxanasında son dövrlər görülən işlərlə bərabər, bir sıra nöqsan və çatışmamazlıqlar da qalmış, xəstəxananın bəzi vacib problemləri öz həllini tapmamışdır. Belə ki, Mərkəzi Xəstəxananın əsaslı təmirinə nail olunmamış, uzun illərdən bəri işləməyən istilik sistemini bərpa etmək mümkün olmamışdır. Uyğunlaşdırılmış binalarda yerləşən həkim məntəqələri üçün yeni binaların tikintisinə ciddi ehtiyac vardır.
2012-ci ilin birinci yarısında rayonda Mədəniyyət və Turizm sahəsində bir sıra işlər həyata keçirmişdir. Hesabat dövrü ərzində tarixi hadisələr, bayramlar və yubileylərlə bağlı geniş və maraqlı mədəni-kütləvi tədbirlər, ədəbi-bədii gecələr, görüşlər, kitab sərgiləri, oxucu konfransları və konsertlər təşkil olunmuşdur. Keçən dövr ərzində diqqəti cəlb edən böyük miqyaslı tədbirlər – 20 Yanvar faciəsinə həsr olunmuş anım mərasimi keçirilmiş, Şəhidlər məzarlığı ziyarət edilmiş, həmçinin Bankə şəhidlərinin xatirəsinə qəsəbədə abidə kompleksinin açılışı olmuşdur. 26 fevral Xocalı faciəsinin 20-ci ildönümünə həsr edilmiş “Xocalı faciəsini unutmayaq” mövzusunda teatrlaşdırılmış musiqili ədəbi-bədii gecə təşkil edilmiş və Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə kompleksi açılmışdır.
Hərbi hamilik işi də diqqət mərkəzində saxlanılmış, hərbi çağırış məntəqələrində yolasalma mərasimlərinin keçirilməsi zamanı və hərbi hissədə konsert proqramları təşkil olunmuşdur.
Ötən müddət ərzində Heydər Əliyev Muzeyində Ulu Öndərin həyat və fəaliyyəti ilə yaxından tanış olmaq üçün mütəmadi olaraq insanlar gəlmiş, Ümummilli liderin 89-cu ildönümü və Milli Qurtuluş günləri ilə əlaqədar muzeydə tədbirlər və kitab sərgiləri keçirilmiş, abidəsi önünə əklillər və gül-çiçəklər qoyulmuşdur. Hazırda Heydər Əliyev Muzeyinin Mərkəzə çevrilməsi üçün işlər aparılır.
Tarix Diyarşünaslıq Muzeyində I yarım il ərzində müxtəlif mövzularda mühazirələr və tarixi hadisələrlə əlaqədar sərgilər təşkil olunmuşdur. Hal-hazırda muzeydə əsaslı təmir işləri aparılır.
Rayonumuzda 2012-ci il “Kitabxana ili” elan olunmuş, bu məqsədlə geniş Tədbirlər Planı hazırlanaraq Rayon İcra Hakimiyyətində təsdiq edilmişdir.
Rayon Mədəniyyət və Turizm Şöbəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə əlaqədar olaraq yarım il ərzində 47,0 min manatlıq inventar və avadanlıqlar alınmış, cari təmirə isə 7,8 min manat vəsait xərclənmişdir.
Görülən işlərlə yanaşı bu sahədə problemlər də mövcuddur. Belə ki, Rayon Mədəniyyət evi, Boyat, Yuxarı Qaramanlı, Aşağı Surra, Aşağı Qaramanlı, Şirvanqaraqaşlı, Qaçaqkənd, Xolqaraqaşlı və Xolqarabucaq kənd mədəniyyət evlərinin, Xıllı qəsəbə 1№-li mərkəzi kitabxanasının, eləcə də Uşaq İncəsənət məktəbinin əsaslı təmir olunmasına, Neftçala şəhər Mədəniyyət və İncəsənət Sarayının, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin və Tarix-Diyarşünaslıq muzeyinin istilik sistemlərinin çəkilməsinə və onların maddi-texniki bazasının möhkəmləndirilməsinə ciddi ehtiyac vardır.
Neftçala Rayon Gigiyena və Epidemiologiya Mərkəzi 2012-ci ilin 6 ayı ərzində fəaliyyət sahələri üzrə bir sıra tədbirlər həyata keçirmiş, əhali arasında aşkar olunan yoluxucu xəstəliklər, onlara qarşı aparılan profilaktiki və eksepidemik tədbirlərin, eyni zamanda mərkəz tərəfindən mövcud obyektlərdə (ictimai iaşə, ticarət, müalicə-profilaktika, uşaq və yeniyetmələr müəssisələri, sənaye və kommunal)sanitar-gigiyenik qaydaların yerinə yetirilməsinə nəzarət olunmuş, bu sahədə işlərin lazımi səviyyədə qurulmasına səy göstərilmişdir.
Şəhər və digər yaşayış məntəqələrində sanitar-gigiyenik qaydalara riayət olunmasında bir sıra problemlər mövcuddur. Kanalizasiya sistemi köhnə və yararsız olduğundan tez-tez sıradan çıxır. 2 və 5 mərtəbəli yaşayış binalarının ətrafı süpürülmür, bərk tullantılar vaxtında daşınmır. Bu çatışmamazlıqlar barədə Mərkəz tərəfindən aidiyyatı orqanlara, Su-kanalizasiya idarəsinin, Mənzil-kommunal Birliyinin rəhbərlərinə rəsmi müraciət olunmuşdur.
Hesabat dövrü ərzində Rayon Gənclər və İdman İdarəsi tərəfindən rayonda gənclərlə işin təşkili sahəsində, bədən tərbiyəsi və idmanın inkişafı məqsədilə bir sıra tədbirlər həyata keçirilmişdir.
2 Fevral “Gənclər günü” münasibətilə rayonun fəal gənclərin iştirakı ilə tədbir keçirilmiş, tədbirdə maraqlı əyləncəli-konsert proqramları və viktorinalar təşkil edilmişdir.
Şagirdlərin vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi məqsədilə yanvar-mart aylarında ənənəvi olaraq “Cəsurlar” və “Şahin” hərbi-idman yarışları təşkil olunmuş, qaliblər Gənclər və İdman İdarəsinin diplom və hədiyyələri ilə təltif olunmuşlar.
“Milli-mənəvi dəyərlərin təbliğində Ümummilli lider Heydər Əliyevin ideyalarının rolu və əhəmiyyəti” mövzusunda dəyirmi masalar təşkil olunmuş, Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar inşa yazı müsabiqəsi də keçirilmiş, müsabiqənin qalibləri mükafatlandırılmışdır.
Respublika Prezidenti tərəfindən 2012-ci il “İdman ili” elan olunmuş, bu məqsədlə idarə tərəfindən Tədbirlər Planı tərtib edilmişdir.
Rayonda yeni idman kompleksinin tikintisinə və “Gənclər Mərkəzi”nin tikintisinə ciddi ehtiyac vardır. Kompleksin və Mərkəzin inşası ilə əlaqədar olaraq 2010-cu ildə şəhərin ərazisində müvafiq olaraq torpaq sahəsi ayrılmış, bununla bağlı aidiyyatı orqanlar qarşısında məsələ qaldırılmışdır.
2012- ci ilin 6 ayı ərzində Neftçala rayon İcra Hakimiyyəti tərəfindən rayonda ictimai-siyasi tədbirlərin hazırlanıb keçirilməsi, normativ hüquqi aktların əhali arasında izahı, təbliği ,dövlət rəmzlərinin tərtibatı və mühafizəsi sahəsində müəyyən işlər görülmüş, dövlətimizin humanitar siyasət xəttinin həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılmış, içtimai təşkilatlarla və siyasi partiyalarla əlaqəli işlər gücləndirilmişdir.
Hesabat dövründə Heydər Əliyev Mərkəzinin işinin təkmilləşdirilməsi sahəsində də bir sıra işlər görülmüşdür. Heydər Əliyev Mərkəzinin başlıca vəzifəsi Ulu öndərin həyat və fəaliyyətinin araşdırılmasından, onun təbliğatından ibarətdir. Bu məqsədlə Mərkəzin tərkibində fəaliyyət göstərən 12 nəfərlik tədqiqat qrupu 2012-ci ilin 6 ayı ərzində də Heydər Əliyev irsinin araşdırılması sahəsində elmi tədqiqat işlərini davam etdirmiş, Ulu öndərlə görüşmüş şəxslərin xatirələrini toplamış, bu xatirələri diskə köçürmüşdür.
2012-ci ilin 6 ayı ərzində Heydər Əliyev muzeyində yaradılmış Heydər Əliyev məktəbi, Gənc Heydərçilər dərnəyi, Vətənpərvərlik dərnəyi,Yaradıcılıq mərkəzi Heydər Əliyev irsinin öyrənilməsi ,təbliğatı və təşviqatı sahəsində daha geniş işlər aparılmış və bu məqsədlə muzeyin kitab fondu zənginləşdirilmişdir. Ümumilikdə hesabat dövründə muzeyə gələnlərin sayı 900 nəfər olmuşdur ki, onlardan 190 nəfəri fərdi gələn, 710 nəfəri isə ekskursiyaya gələn qonaqların payına düşür.
2012-ci ilin 6 ayı ərzində rayonda siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının fəaliyyəti də daim nəzarətdə saxlanılmışdır. Məlumat üçün qeyd edim ki, rayonda 13 siyasi partiya, 23 qeyri –hökumət təşkilatı fəaliyyət göstərir. Rayonda ictimai-siyasi sabitliyi qoruyub saxlamaq və demokratik prinsiplərə əməl etmək məqsədilə bu təşkilatlarla əlaqəli işlər gücləndirilmişdir.
Rayonda dini durum daim nəzarətdə saxlanılmışdır. Fəaliyyətdə olan 45 məsciddən 25–i Dini Qurumlarla iş üzrə Dövlət Komitəsindən qeydiyyatdan keçmişdir. Ümumilikdə rayonda dini durum sabitdir. Hesabat dövründə qanunazidd, neqativ halların xaricdən istiqamətləndirilən missionerlərin fəaliyyəti qeydə alınmamışdır.
Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsi 2012-ci ilin altı ayında rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə rayon şöbəsi ilə daimi yaxından əlaqə saxlamışdır. Hərbi xidmətə çağırışla bağlı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin çağırışla bağlı sərəncamlarına uyğun olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə rayon şöbəsi tərəfindən 2012-ci ilin altı ayında 133 nəfər çağırışçı hərbi xidmətə cəlb olunmuşdur. Hərbi çağırışçılar arasında vətənpərvərlik ruhunun yüksəldilməsi və onların çağırışdan yayınmasının qarşısının alınması üçün mütəmadi olaraq yerlərdə əhali arasında təbliğat və maarifləndirmə işləri aparılmışdır.
2012-ci ilin 6 ayı ərzində rayon Polis şöbəsi tərəfindən rayon üzrə müxtəlif xarakterli 86-cinayət hadisəsi qeydə alınmışdır. Ümumilikdə qeydə alınmış cinayətlərin açılması 94,2% təşkil edir. Rayon üzrə ümumi cinayətlərin sayı 2011-ci ilin 6-ayına nisbətdə 2012-ci ilin 6-ayında 8-cinayət faktı az olmuşdur.
2012-ci ilin altı ayında Rayon İcra Hakimiyyəti başçısı aparatı ərazidə nizam-intizamı, qayda-qanunu möhkəmləndirmək, kadrların tapşırılmış iş üçün məsuliyyət hissini artırmaq məqsədilə Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın 12 iclası keçirmiş, həmin iclaslarda 13 məsələ müzakirə olunmuş və müvafiq qərarlar qəbul edilərək icrası nəzarətə götürülmüşdür.
Rayon İcra hakimiyyəti vətəndaşların ərizə, şikayət və müraciətlərinə baxılıb tədbir görülməsini yaxşılaşdırmaq, ərazidə sosial-iqtisadi və aqrar məsələləri, əhalinin sosial problemlərini vaxtında həll etmək məqsədilə tərtib olunmuş qrafik əsasında Rayon İcra Hakimiyyəti başçısının rayonun 18 inzibati ərazi vahidinin mərkəzində, yaşayış məntəqələrində və kəndlərdə əhali ilə görüş və səyyarı qəbulları keçirilmişdir. Belə ki, 2012-ci ilin altı ayında 23 belə tədbir keçirilmiş və bu tədbirdə 3308 nəfər iştirak etmiş və 115 nəfər çıxış etmiş, çıxış edənlərdən 77 nəfəri sakinləri narahat edən məsələləri qeyd edərək öz rəy və təkliflərini vermişlər. Bunlardan 22-si yolların əsaslı təmiri, 15-i yaşayış məntəqələrinin qazlaşdırılması, 14-ü suvarma və drenaj kanallarının lildən təmizlənməsi, 7-si məktəblərin əsaslı təmiri, 6-sı içməli su təminatının yaxşılaşdırılması, 7-si elektrik təchizatının yaxşılaşdırılması və digərləri parkların abadlaşdırılması, məişət tullantılarının daşınması, bağça və mədəniyyət evinin əsaslı təmiri, yaşayış məntəqələrində zığ sularının çəkilməsi və Xolqarabucaq kəndi ərazisində yanğından mühafizə bölməsinin yaradılması və Cəngan kəndi ərazisində bankomatın quraşdırılmasından ibarət olmuşdur.
Rayon İcra Hakimiyyəti həmin rəy və təklifləri nəzarətə götürmüş, onların bir qismi həyata keçirilmiş və bir qisminin icrasını təmin etmək məqsədilə inzibati ərazi nümayəndələrinə, aidiyyəti idarə və təşkilat rəhbərlərinə tapşırıqlar vermiş, yuxarı orqanlar qarşısında məsələlər qaldırmışdır.
Rayon İcra Hakimiyyəti bələdiyyələrin işgüzar fəaliyyət göstərmələrinə yaxından köməklik etmiş, onların ərazi nümayəndəlikləri, idarə, müəssisə və təsərrüfat rəhbərləri ilə birgə və əlaqəli fəaliyyətinə lazımı dəstək verilmişdir. Bələdiyyələr rayonun ictimai-siyasi tədbirlərində, bir çox sosial-iqtisadi, tikinti-abadlıq məsələlərinin həllində yaxından iştirak etmişlər.
2012-ci ilin birinci yarısında Rayon İcra Hakimiyyəti başçısı aparatına ümumilikdə 464 ərizə, şikayət və təklif daxil olmuşdur. O cümlədən Prezident Administrasiyasından 104, Milli Məclisdən 14, Mərkəzi Orqanlardan 57 , Nazirlər Kabinetindən 7 ərizə daxil olmuşdur. 282 ərizə bilavasitə vətəndaşlar tərəfindən Rayon İcra Hakimiyyətinə ünvanlanmışdır.
Müraciətlər mövzular üzrə araşdırılarkən mənzil məsələləri üzrə 43 və ya 9,3 %, torpaq məsələləri üzrə 61 və ya 13,1 %, tikinti məsələləri üzrə 21 və ya 4,5 %, əmək məsələləri üzrə 56 və ya 12,0 %, təbii, texnogen hadisələr üzrə 65 və ya 14,0 %, digər məsələlər üzrə 130 və ya 28,2 %, enerji, qaz və su təchizatı üzrə 22 və ya 4,7 %, sahibkarlıq inkişafı və iqtisadi məsələlər üzrə 13 və ya 2,8 %, kənd təsərrüfatı məsələləri üzrə 14 və ya 3,3 % , bələdiyyələrin fəaliyyəti ilə əlaqədar 4 və ya 0,8 % təşkil etmişdir, birdəfəlik maddi yardım və məişət problemi 18 və ya 3,9%, əhalinin sosial müdafiə məsələləri 5 və ya 1,0%, qəbul haqqında 3 və ya 0,6 %, minnətdarlıq bildirməklə 2 və ya 0,4%, elm , təhsil və səhiyyə üzrə 5 və ya 1,0%, dövlət qulluğu və kadr məsələləri 2 və ya 0,4 % təşkil etmişdir.
2012-ci ilin birinci yarısında Azərbaycan Respublikası Prezidenti Administrasiyasından 104 müraciət, o cümlədən 7 müraciət nəzarət qaydasında daxil olmuşdur. Daxil olmuş müraciətlərin 23 və ya 15,7 %-i evinin qəzalı olması, 25 və ya 29,8 %-i mənzillə təmin olunması və ev tikilməsi, 14 və ya 12,2 %-i torpaq məsələləri, 9 və ya 7,0 %-i sosial müdafiə məsələləri, 3 və ya 5,2 %-i əmək məsələləri, 30 və ya 29,8 %-i digər sosial, kommunal və hüquqi məsələlər barədə olmuşdur.
Ümumilikdə altı ay ərzində ərizə, şikayət və təkliflərdən 19 müraciət kollektiv xarakterli olmuşdur ki, bunlardan 13 ərizə bilavasitə vətəndaşlardan, 1 ərizə Nazirlər Kabinetindən, 1 ərizə Milli Məclisdən, 2 ərizə Prezidenti Administrasiyasından, 2 ərizə mərkəzi orqanlardan daxil olmuşdur. Daxil olmuş kollektiv müraciətlərdən 5 müraciət yol infrastrukturu, 4 müraciət kənd təsərrüfatı məsələləri, 1 müraciət təbii və teknogen hadisələrlə, 2 müraciət su təchizatı, 7 müraciət kommunal məsələlər barədə olmuşdur.
Həmçinin altı ay ərzində ərizə, şikayət və müraciətlərdən 14-ü təkrar xarakterli olmuşdur ki, bunlardan 6 ərizə bilavasitə vətəndaşlardan, 1 ərizə Nazirlər Kabinetindən, 1 ərizə Milli Məclisdən, 6 ərizə Prezidenti Administrasiyasından, daxil olmuşdur. Daxil olmuş təkrar müraciətlərdən 5 müraciət torpaq məsələləri, 1 müraciət təbii və teknogen hadisələrlə, 3 müraciət su təchizatı, 5 müraciət məmur özbaşınalığı barədə olmuşdur.
2012-ci ilin birinci yarısında İcra Hakimiyyəti başçısı tərəfindən 191 vətəndaş qəbul edilmişdir. O cümlədən İcra hakimiyyəti başçısı aparatında 76 nəfər, səyyarı qəbullarda 115 nəfər vətəndaş qəbul edilmişdir.
Rayon İcra Hakimiyyəti başçısı aparatında qəbul olunmuş vətəndaşların müraciətləri mövzular üzrə araşdırılarkən 12 müraciət mənzil ilə təmin olunma, 13 müraciət işlə təmin olunma, 6 müraciət birdəfəlik maddi yardım edilməsi, 17 müraciət kommunal məsələlər, 11 müraciət tikinti materialları ilə əlaqədar köməklik, 8 müraciət evinin qəzalı olması, 9 müraciət digər məsələlər barədə olmuşdur.
Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikası Prezidenti Zati-aliləri cənab İlham Əliyevin göstərişlərini, imzaladığı fərman və sərəncamlarını və Azərbaycan Respublikasının Qanunlarını əldə rəhbər tutub öz fəaliyyətini daha da genişləndirəcək, bütün sahələrdə inkişafa və tərəqqiyə nail olmaq üçün lazımi tədbirlər görəcəkdir.