Şriftin ölçüsü :

Saytın rəngi :

15 May “Beynəlxalq Ailə Günü” münasibəti ilə maarifləndirici tədbir keçirilib

15 may 2025 | 16:46

15 may 2025-ci il tarixdə Neftçala Rayon İcra Hakimiyyətində yaradılmış “Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu”nun təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik ili” çərçivəsində 15 May “Beynəlxalq Ailə Günü” münasibəti ilə "Ailədə dözülməz mühitin, mənəvi, maddi, fiziki təzyiq hallarının qarşısının alınması, qarşılıqlı hörmət əsasında birgə yaşamaq mühitinin formalaşdırılması" mövzusunda maarifləndirici tədbir  təşkil olunub.

Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətində yaradılmış “Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu”nun üzvləri, İnzibati ərazi nümayəndələri, təhsil və səhiyyə müəssisələrinin rəhbərləri, həkim və pedaqoqlar, Rayon Ağsaqqallar Şurasının üzvləri və gənclər iştirak edib.

İlk öncə tədbir iştirakçıları tərəfindən Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş nitqi ilə açan Neftçala Rayon İcra Hakimiyyəti  başçısının müavini- İctimai-siyasi  və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən, şöbə müdirinin müavini, Monitorinq və əlaqələndirmə qrupunun sədri Vasif  Əliyev bu günün əhəmiyyətindən bəhs edərək qeyd etdi ki, cəmiyyətin, xalqın, millətin etno-mədəni irsini daşıyan, adət və ənənələrini yaşadan, gənc nəslin tərbiyəsini formalaşdıran ailə institutu hər zaman cəmiyyətin bütün inkişaf proseslərinə, dövlətin sağlam dayaqlar üzərində qurulmasına öz ciddi təsirini göstərib. Qeyd olundu ki, müstəqil Azərbaycanda Ümummilli lider Heydər Əliyevin başladığı dövlət ailə siyasətinin əsas prinsipləri forma və məzmunca bu gün daha da təkmilləşdirilərək Möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.  Müasir cəmiyyətdə qadınların rolunun artırılması, gender bərabərliyinin gerçəkləşdirilməsi, qadın, ailə problemlərinin həlli istiqamətlərində Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın da xidmətləri danılmazdır. V.Əliyev qeyd olunan sahələrdə aidiyyəti qurumlarla, habelə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə rayonda həyata keçirilən tədbirlər, Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə yaradılmış “Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu”nun əsas fəaliyyət istiqamətləri, qarşıda duran vəzifələr  barəsində də iştirakçılara geniş məlumat verərək, Beynəlxalq Ailə Günü münasibətilə onları təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Daha sonra mövzu ətrafında çıxış edən Neftçala Rayon İcra Hakimiyyəti  başçısının İctimai-siyasi  və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi, monitorinq və əlaqələndirmə qrupunun  katibi Gövhər Məmmədova, Neftçala rayon Prokurorunun köməkçisi, III dərəcəli hüquqşünas Nərmin Tapdıqlı, Sosial Xidmətlər Agentliyinin Şirvan-Salyan regional filalının aparıcı mütəxəssisi Əliyar Dadaşlı, Rayon Ağsaqqallar Şurasının Neftçala şəhər üzrə dayaq təşkilatının sədri, təcrübəli hüquqşünas Alim Əliyev, Rayon Ağsaqqallar Şurasının sədr müavini Hüsniyyə Zeynalova və "Gündoğar" rayon qəzetinin redaktoru Bədirə Niftalıyeva cəmiyyətin əsasını təşkil edən milli-mənəvi dəyərlərin, o cümlədən ailə dəyərlərimizin qorunub saxlanılmasından, dövlət və cəmiyyət həyatını əhatə edən bir çox sahələrdə həyata keçirilən genişmiqyaslı islahatlardan, ailələr, onların rifahı, ailənin risk altına düşməsinin qarşısının alınması, həyat şəraitinin yaxşılaşdırılması kimi məsələlərdən, insan hüquq və azadlıqlarının etibarlı təminatçısı olan Konstitusiyamızın əhəmiyyətindən, ailə institutunun qorunması sahəsində normativ-hüquqi bazanın daha da təkmilləşdirilməsindən, xalqımızın Şanlı "Zəfər" tarixini yazan vətənpərvər gənc nəslin yetişdirilməsi ilə bağlı məqsədyönlü tədbirlərin davam etdirilməsindən söz açdılar.   

Tədbir sonda mövzu ətrafında  diskussiya və fikir mübadiləsi ilə davam etdirildi və maarifləndirici buklet və kitabçalar iştirakçılara  təqdim olundu.

Keçidlər