Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Neftçalada vətəndaş qəbulu keçirib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına əsasən, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 11 dekabr 2015-ci il tarixində Neftçalada vətəndaşları qəbul edib. Vətəndaş qəbulu şəhərdə yerləşən Heydər Əliyev Mərkəzində keçirilib. Komitə sədri qəbulda Neftçala, Şirvan, Hacıqabul, Salyan, Sabirabad və Saatlı rayonlarından olan vətəndaşların müraciətlərinə baxıb.
Müraciətlərin əksəriyyəti daşınmaz əmlakın, o cümlədən torpaq sahələrinin dövlət qeydiyyatı ilə bağlı olub. Vətəndaşlar onlara ayrılmış torpaq sahələri, fərdi həyət evləri və mənzillər, habelə kommersiya məqsədilə istifadə etdikləri qeyri-yaşayış sahələrinə çıxarış və digər qeydiyyat sənədlərinin alınması ilə bağlı müraciətlərini çatdırıblar. Eyni zamanda, pay torpaqlarının, kənd təsərrüfatı təyinatlı torpaqların dövlət reyestrində qeydiyyatı ilə bağlı müraciətlər də səsləndirilib.
Bir neçə vətəndaş dövlət əmlakının özəlləşdirilməsi və icarəsi ilə bağlı müraciət edib. Həmçinin, vətəndaşlar işlə təmin olunma və komitənin səlahiyyətinə aid olmayan məsələlərlə bağlı köməklik göstərilməsi barədə xahişlərini bildiriblər.
Komitə sədri qəbulda səsləndirilən bir sıra müraciətlərin dərhal həlli üçün göstərişlərini verib. Vətəndaşlara onların müraciətləri ilə bağlı mövcud qanunvericiliyin tələbləri çatdırılıb. Araşdırılması zəruri olan müraciətlər isə qeydiyyata alınıb.
Komitə sədri qəbulda komitə tərəfindən daşınmaz əmlakın qeydiyyatında vətəndaş məmnunluğunu təmin etmək məqsədilə sosial yönümlü tədbirlərin artırıldığını nəzərə çatdırıb. Bildirilib ki, artıq ayda bir neçə dəfə olmaqla, həm Bakıda, həm də regionlarda “Kütləvi çıxarış” kampaniyası keçirilir, mobil ofis xidmətləri göstərilir. Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmətlər birbaşa vətəndaşların ünvanına çatdırılır və yerlərdə rahat və operativ şəkildə təqdim olunur. Qeyd olunub ki, mülkiyyət hüquqlarının tənzimlənməsində, o cümlədən daşınmaz əmlakın qeydiyyatı və torpaq idarəçiliyində “bir pəncərə” prinsipinin tətbiq edilməsi nəticəsində bütün qeydiyyat prosesi bir ünvanda – Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində aparılır. Bu isə əlavə vaxt itkisini aradan qaldırıb, müxtəlif idarələrə getməyə ehtiyac qalmayıb. Bu tədbirlərlə yanaşı, komitənin 3 SMS, 2 onlayn və 31 elektron xidməti də vətəndaşların istifadəsindədir. Bütün bu tədbirlər xidmətlərdə çeviklik, şəffaflıq və rahatlığı kifayət dərəcədə yüksəldib.
Qəbulda torpaq idarəçiliyi ilə bağlı məsələlərə toxunan komitə sədri artıq Torpaqların Elektron Kadastr Uçotu Sisteminin yaradılması istiqamətində işlərin aparıldığını qeyd edib. Bu Sistemin yaranması ilə respublikada torpaqların dəqiq sərhədləri və koordinatlarının müəyyənləşəcəyi bildirilib. Qeyd olunub ki, bu proses nəticəsində vətəndaşların, həmçinin bələdiyyələrin torpaqlar üzərində mülkiyyət hüquqlarının daha operativ və dəqiq qeydiyyata alınmasını təmin edəcək.
Komitə sədri torpaq qanunvericiliyinin tələblərinə riayət olunması ilə bağlı məsələlərə də toxunub. Bildirilib ki, Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanmış müvafiq Sərəncamla torpaq sahələrindən qanunsuz istifadə və özbaşına tikintilərlə bağlı cəzalar sərtləşdirilib. Komitə tərəfindən artıq Sərəncamın icrası ilə bağlı respublikanın müxtəlif bölgələrində monitorinq-araşdırma tədbirləri həyata keçirilir. Torpaqların özbaşına zəbt olunması, qanunsuz tikintilərin aparılması, torpaq sahələri barədə qanunsuz qərarların verilməsi faktları araşdırılır. Analoji hadisələrin qarşısını almaq məqsədilə aşkar olunmuş belə hüquq pozuntuları ilə bağlı müvafiq qanunvericiliyə, eləcə də qeyd olunan Sərəncama əsasən tədbirlər görülür.
Qəbulda iştirak edən vətəndaşlar göstərilən xidmətlərdən razılıqlarını və komitə sədrinə təşəkkürlərini bildiriblər. Həmin gün birbaşa müraciət edən vətəndaşlar da komitə sədri tərəfindən qəbul edilib.