Neftçalanın daha bir kəndi qazla təmin olunub
Neftçalanın qəsəbə və kəndlərinin təbii qazla təmin edilməsi ilə bağlı qarşıda duran vəzifələr uğurla yerinə yetirilir. Rayonun 2379 nəfərə yaxın əhalinin yaşadığı Qaçaqkənd kəndinə təbii qazın verilməsinə başlanılıb. 250 abonenti olan kəndin qazlaşması üçün bir pilləli sistem əsasında ümumi uzunluğu 20 min 475 metr olan müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllə daxili qaz xətləri çəkilib, 250 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Kəndə “mavi yanacağ”ın verilməsi münasibətilə keçirilən mərasimdə çıxış edənlər sakinləri təbrik edib, xoş arzularını bildiriblər. Rayonda sosialyönümlü layihələrin uğurla yerinə yetirildiyini söyləyən çıxışçılar kənd və qəsəbələrin qazlaşdırılmasını da bunun əyani nümunəsi kimi səciyyələndiriblər.
Qeyd edildi ki, ilin əvvəlində rayonun Kürqarabucaq, Birinci Qaralı, Aşağı Qaramanlı və Aşağı Surra kəndlərinə təbii qaz verilib. İlin sonuna kimi daha 13 yaşayış məntəqəsi qazlaşdırılacaq. Mərasimdə çıxış edən kənd sakinləri göstərilən qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq ediblər.