Kənd Təsərrüfatı Naziri Neftçalada vətəndaşları qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün müxtəlif tədbirlər görürlər. Kənd Təsərrüfatı Naziri Heydər Əsədov sentyabrın 18-də Neftçala şəhərindəki Heydər Əliyev Mərkəzində bu rayondan, eləcə də Salyan, Saatlı və Sabirabad rayonlarından olan bir qrup vətəndaşı qəbul edib. Qəbuldan əvvəl nazir H.Əsədov və Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin də iştirakı ilə keçirilən qəbulda 35 nəfərin müraciətinə baxılıb. Qəbula gələn vətəndaşlar əsasən yeni istehsal və emal müəssisələrinin, iri taxılçılıq təsərrüfatlarının yaradılması, meliorasiya və irriqasiya işlərinin sürətləndirilməsi, kənd təsərrüfatı məhsulları istehsal edən müəssisə və fermerlərə güzəştli kreditlərin artırılması, cins mal-qaranın alınması, gübrə və texnika ilə təminat, işə qəbul və digər məsələlərlə bağlı müraciətlər ediblər. Nazir Heydər Əsədov vətəndaşların müraciətlərini, şikayət və təkliflərini dinləyərək, hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün nazirliyin müvafiq strukturlarının rəhbərlərinə tapşırıqlar verib.
H.Əsədov sakinləri qarşıdan gələn Qurban bayramı ilə bağlı nazirliyin hazırlıq tədbirlər barədə də məlumatlandırıb. Qəbulda vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan digər məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan digər müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb. Sakinlər mərkəzi icra hakimiyyəti rəhbərlərinin yerlərdə bu cür qəbullar keçirməsindən razılıqlarını bildiriblər.