Şriftin ölçüsü :

Saytın rəngi :

Netçalanın Aşağı Surra kənd orta məktəbinin binası əsaslı təmirdən sonra istifadəyə verilib

17 sentyabr 2015 | 01:09

Neftçala rayonun Aşağı Surra kənd tam orta məktəbinin müəllim və şagird kollektivi Bilik gününü əsaslı təmirdən çıxan binada qarşılayıb. Dövlət başçısının tapşırığı ilə təmir olunan 810 yerlik məktəb binası üçün 10 əlavə sinif otağı da tikilib. Məktəbdə fənn kabinetləri, laboratoriyalar, kompyuter otağı, kitabxana, akt zalı fəaliyyət göstərəcək. Təhsil ocağında ayrıca havalandırma, soyutma və istilik sistemi qurulub, həyətində abadlıq işləri aparılıb. Müasir tələblər əsasında yenidən tikilən məktəbdə tədris prosesinin yüksək səviyyədə aparılması üçün bütün imkanlar yaradılıb.

Məktəb binasının istifadəyə verilməsi münasibətilə keçirilən mərasimdə rayon təhsil şöbəsinin müdiri Əjdər Kərimov bildirib ki, Neftçalanın 51 ümumtəhsil məktəbində 9 min 500-dən çox şagirdin təlim-tərbiyəsi ilə 1320 müəllim məşğul olur. Dövlətin bu sahəyə qayğısı nəticəsində təhsildə mühüm keyfiyyət dəyişiklikləri baş verir. Builki məzunlardan 192 nəfərin ali məktəblərə qəbul olunması, 58 nəfərin 500, 15 nəfərin isə 600 baldan yuxarı nəticə göstərməsi bunun bariz nümunəsidir.

Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev pedaqoji kollektivi Bilik günü münasibətilə təbrik edib. Son illərdə dövlət başçısının tapşırığı ilə rayonda bir çox məktəb binalarının tikilərək və əsaslı təmir olunaraq istifadəyə verildiyini söyləyən icra başçısı qarşıdakı illərdə ümumtəhsil məktəblərinin maddi-texniki bazasının daha da mökəmləndirilməsi istiqamətində həyata keçiriləcək layihələrdən söhbət açıb. Mərasimdə çıxış edən müəllimlər və kənd sakinləri yaradılan şəraitə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər