Neftçalada mühüm infrastruktur layihələri həyata keçirilir
Son illər Neftçalada həyata keçirilən geniş tikinti, abadlıq və quruculuq işləri rayonun sosial simasını büsbütün dəyişib. Rayonda park və xiyabanlar yenidən qurulub, yeni inzibati binalar istifadəyə verilib. Ölkəmizin dinamik inkişafı Neftçala rayonunda da mühüm infrastruktur layihələrin icrasına imkan yaradıb.
Heydər Əliyev prospekti müasir üslubda yenidən qurulub, istinad divarları və prospektin mərkəzində saat qülləsi tikilib, yeni işıqlandırma sistemi yaradılıb. İki hektar ərazidə Rayon icra hakimiyyəti, 6,2 hektar ərazidə isə Ulu Öndərin adını daşıyan Mərkəz üçün yeni inzibati binalar tikilib və dövlət başçısının iştirakı ilə istifadəyə verilib.
Fəvvarə kompleksləri və yaşıllıq zolaqları yeni tikililərin orijinallığını daha da artırır.
Heydər Əlyev prospekti və şəhərə giriş yolları genişləndirilib, 20–dən çox kommunal yaşayış binasının dam örtüyü dəyişdirilib, fasad hissəsi müasir üslubda tikilib .
Kür çayının sahilində 2,7 hektar ərazidə Bayraq Meydanı inşa edilib. Çayın sağ sahilində isə Heydər Əliyev prospektinə bitişik 2 hektar ərazidə Bulvar kompleksi salınıb. Çayın sağ və sol sahillərini birləşdirən körpünün tikintisi isə Bulvar kompleksinə üz tutanların əylənməsi üçün yeni imkanlar yaradacaq.
Ölkə Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq Neftçalada sənaye məhəlləsi yaradılır. Yeni sənaye məhəlləsi rayon mərkəzindən təxminən 5 kilometr aralıda - Salyan-Neftçala magistral yolunun kənarında inşa edilir. Yeni sənaye məhəlləsinin fəaliyyətə başlaması ilə yeni iş yerləri açılacaq, bunun sayəsində də rayonda əhalinin məşğulluq səviyyəsi yüksələcək. Həmçinin investisiyaların qoyulması və istehsalın artması nəticəsində rayonun iqtisadi imkanları da artacaq.