Şriftin ölçüsü :

Saytın rəngi :

Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Neftçalada vətəndaşları qəbul edib

24 iyun 2015 | 15:00

iyunun 24-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Neftçala şəhərindəki Heydər Əliyev Mərkəzində Şirvan şəhəri, Neftçala, Biləsuvar, Hacıqabul və Salyan rayonlarından olan vətəndaşları qəbul edib.

Görüşdən öncə nazir ümummilli lider Heydər Əliyevin Neftçala şəhərindəki abidəsi önünə tər gül dəstəsi qoyaraq ulu öndərin xatirəsini ehtiramla yad edib.

Nazirliyin məsul işçilərinin də iştirak etdikləri qəbulda səslənən müraciətlər əsasən bölgələrdə mədəniyyət müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, avadanlıq və ləvazimatlarla təminat, musiqi və incəsənət məktəblərinin fəaliyyətinin genişləndirilməsi ilə bağlı olub. Kitabxana şəbəkəsinin təkmilləşdirilməsi, tarix-mədəniyyət abidələrinin təmir-bərpası, yerlərdə turizmin inkişaf etdirilməsi barədə məsələlər də müraciətlər arasında yer alıb. Vətəndaşlar tərəfindən bu xüsusda bir sıra təkliflər səsləndirilib.

Görüşdə hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib, problemlərin həlli ilə bağlı tədbirlərin görülməsi üçün tapşırıqlar verilib.

Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev qəbuldan sonra rayondakı mədəniyyət müəssisələrinin vəziyyəti ilə tanış oldu. Əvvəlcə rayon Mərkəzi Kitabxana Sisteminə gələn nazir buradakı iş şəraiti, kitabxanaya oxucuların cəlb olunması, yeni nəşrlərlə təminat və s. məsələlərlə maraqlandı.

Sonra nazir rayon Tarix-Diyarşünaslıq Muzeyinə baş çəkdi. Muzey binasının əsaslı təmirə və yenidənqurmaya ehtiyacı var. Nazirə məlumat verildi ki, bina yaxşı vəziyyətdə olmadığı üçün muzeyin eksponatları müvəqqəti olaraq Xanoğlan Məmmədov adına Neftçala şəhər Mədəniyyət və İncəsənət Sarayında yerləşdirilib. Əbülfəs Qarayev muzey binasında təmir və yenidənqurma işlərinin aparılması üçün müvafiq tədbirlərin görüləcəyini bildirdi.
Şəhər Mədəniyyət və İncəsənət Sarayına gələn nazir buradakı vəziyyətlə maraqlanaraq müvafiq tapşırıqlarını verdi. Binada yerləşdirilmiş Tarix-Diyarşünaslıq Muzeyinin eksponatlarına baxış keçirildi. Qeyd olundu ki, 16 mindən çox eksponatı olan muzeyin müasir ekspozisiya zalının qurulmasına ehtiyac var. Mədəniyyət və İncəsənət Sarayında yerləşən Neftçala Dövlət Rəsm Qalereyası ilə tanış  olan nazirə məlumat verildi ki, burada 100-ə yaxın əsər nümayiş etdirilir.
Əbülfəs Qarayev daha sonra Neftçala rayon Uşaq İncəsənət Məktəbinə gəldi. Məktəbin binası və tədris şəraiti ilə maraqlanan nazir bildirdi ki, yaxşı vəziyyətdə olmayan bu binada da müvafiq təmir-bərpa işləri görülməlidir.

Keçidlər