Neftçalada taxıl yığımına başlanılıb
Ötən ilin payızında rayonda 43 min 756 hektar sahədə taxıl əkilib. Bunun 39 min 136 hektarı arpa, 4 min 620 hektarı isə buğdadır.
Ötən il havaların quraq keçməsi nəticəsində fermerlər taxıl sahələrinin hər hektarından 20 sentner məhsul götürüb ki, bu da onları qane etməyib. Ona görə də torpaq mülkiyyətçiləri bu nəticənin təkrarlanmaması üçün sahələrə aqrotexniki qaydada qulluq göstərib, vaxtında mineral və üzvi gübrələr verib, ziyanvericilərə qarşı qabaqlayıcı tədbirlər görüblər. Nəticədə sahələrdə bol məhsul yetişib, necə deyələr, əkinçilərin zəhməti hədər getməyib.
Artıq bir neçə gündür rayonda taxıl yığımına başlanılıb. İndi əsas diqqət biçim kompaniyasının vaxtında başa çatdırılmasına yönəldilib. Bu məqsədlə 120 kombayn, 60 presbağlayan, məhsulun daşınması üçün 120 maşın və mexanizm səfərbər olunub. İndi gün ərzində 100-120 hektar sahədə biçin aparılır. Taxıl istehsalı ilə məşğul olan fermerlərə dövlət tərəfindən yanacaq və sürtgü yağlarına görə güzəşt edilməsi, buğda istehsalçılarına subsidiya verilməsi intensiv istehsalı stimullaşdırıb. Mütəxəssislərin dediyinə görə, bu il rayonda təxminən 100 min tondan çox taxıl istehsalı gözlənilir.
Sahələrdən məhsulun qısa müddətdə və itkisiz yığılması üçün rayon icra hakimiyyətində operativ qərargah yaradılıb. Xidmət təşkilatları, əlaqədar müəssisə rəhbərlərinin də daxil olduğu qərargahda qarşıya çıxan bütün suallara aydınlıq gətirilir, qaldırılan məsələlər operativ həll olunur.