Neftçalalı məktəblilər fənn olimpiadasında üçüncü yerə sahib olublar
Aprelin 28-də Neftçalada respublika üzrə fənn olimpiadalarının yekunlarına görə üçüncü yerə layiq görülən rayon məktəbliləri ilə görüş keçirilib.
Görüşdə çıxış edən rayon icra hakimiyyətinin başçısı İsmayıl Vəliyev şagirdləri qazandıqları yüksək nəticə münasibətilə təbrik edib, onlara təhsildə yeni uğurlar arzulayıb.
“İstedadlı uşaq və gənclərin aşkara çıxarılmasında, təlimdə sağlam rəqabətin yaradılmasında fənn olimpiadaları müstəsna rol oynayır”, - deyən rayon təhsil şöbəsinin müdiri Əjdər Kərimov bildirib ki, respublika fənn olimpiadasına aprelin sonlarında yekun vurulub. Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun məktəbliləri birinci, Bakı şagirdləri ikinci, Neftçala rayonunun təmsilçiləri isə ölkə üzrə üçüncü nəticə göstəriblər. Neftçala məktəblilərindən biri qızıl, dördü gümüş, ikisi bürünc medal qazanıb, Təhsil Nazirliyinin diplom və hədiyyələrinə layiq görülüblər. Qeyd olunub ki, rayonun 51 ümumtəhsil məktəbində 10 minə yaxın şagird oxuyur və onların təlim-tərbiyəsi ilə məşğul olan 1500-dək müəllim təhsildə keyfiyyət dəyişikliyinə nail olub. Ali məktəblərə qəbul olunanların sayına görə Neftçalanın respublika üzrə üçüncü yerə davamlı sahiblik etməsi və ötən tədris ilində 220 məzunun tələbə adını qazanması, 8 nəfərin 600, 41 nəfərin 500-dən yuxarı nəticə göstərməsi də təlim-tərbiyədə keyfiyyət dəyişikliyinin göstəricisi kimi xarakterizə olunub.
Şagirdlər onlar üçün yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.
Sonda olimpiada qaliblərinə rayon icra hakimiyyətinin hədiyyələri təqdim olunub.