Neftçala rayonu İcra Hakimiyyəti başçısının 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş hesabatı keçirilmişdir
15 aprel 2015-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı nitqindən irəli gələn vəzifələr və Neftçala Rayon İcra Hakimiyyətinin qarşısında duran məsələlər barədə hesabat keçirilmişdir.
2015-ci ilin birinci rübündə rayonda ümumi məhsul istehsalının həcmi 2014-cü ilin müvafiq dövrünə nisbətən 0,6 % artmışdır. Hesabat dövründə ümumi məhsul istehsalı 43,6 milyon manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 260,0 min manat çoxdur. 2015-ci ilin birinci rübündə ümumi məhsulun tərkibində sənaye məhsulu 4 milyon 968,6 min manat və ya ümumi məhsulun 11,4 %-i qədər, kənd təsərrüfatı məhsulu 11 milyon 239,6 min manat və ya 25,8 %, nəqliyyat xidməti 489,8 min manat və ya 1,1 %, rabitə xidməti 157,5 min manat və ya 0,4 %, ticarət, iaşə və digər xidmət sahələrinin həcmi 16 milyon 484,5 min manat və ya 37,7 %, tikinti işlərinin həcmi 10 milyon 279,0 min manat və ya 23,6 % olmuşdur. Ümumi məhsulun həcmində qeyri-dövlət bölməsinin payı 2014-cü ilin birinci rübünə nisbətən 7 % artaraq 90,6 %-ə çatmışdır. Adambaşına 516 manatlıq və ya 2014-cü ilin müvafiq dövrünə nisbətən 0,7 % çox məhsul istehsal edilmişdir.
2015-ci ilin birinci rübündə rayonda 1 yeni müəssisə yaradılmış, 189 fiziki şəxs fəaliyyətə başlamışdır. Yeni yaradılmış müəssisədə 3, fiziki şəxslər üzrə 189, mövcud müəssisə və təşkilatlarda 3 olmaqla cəmi 195 daimi yeni iş yeri açılaraq işsiz və işaxtaran vətəndaşlar işlə təmin olunmuşdur. Rayonda aparılan tikinti-quruculuq işlərinə 28 nəfər, kənd təsərrüfatında mövsümü işlərə 528 nəfər cəlb olunmuşdur. Yeni iş yerlərinin açılması istiqamətində müvafiq olaraq əlavə tədbirlər görülür.Hesabat dövründə rayonda fəaliyyət göstərən 12 sənaye müəssisəsi və bu sahədə fiziki şəxslərin fəaliyyəti nəzərə alınmaqla 4 milyon 968,6 min manatlıq sənaye məhsulu istehsal olunmuş, iş və xidmətlər yerinə yetirilmişdir. Sənayenin ümumi məhsulunda qeyri-dövlət bölməsinin xüsusi çəkisi 78,3 % təşkil etmişdir. Rayonda sənaye məhəlləsinin yaradılması ilə əlaqədar Neftçala şəhərində Dövlət Torpaq Fondu ərazisindən 10 hektar torpaq sahəsi ayrılmış və bu istiqamətdə yaxın vaxtlarda işlərin aparılması nəzərdə tutulmuşdur.
Hesabat dövründə əhalinin nominal pul gəlirləri 14 milyon 40,0 min manat olmuş, 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 5,2 % artmışdır. Adambaşına düşən pul gəlirləri 2,0 % artaraq 166,0 manat olmuşdur. Rayon üzrə bir işçinin orta aylıq əmək haqqı 277,5 manat təşkil edir. Bu isə 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,5 % çoxdur. İlin əvvəlindən əhaliyə 39,2 milyon manatlıq istehlak malları satılmış və xidmətlər göstərilmişdir. Pərakəndə əmtəə dövriyyəsi 11,4 % artaraq 33,4 milyon manata, pullu xidmətlərin həcmi 7,5 % çoxalaraq 5,1 milyon manata, iaşə xidmətinin həcmi 8,1 % artaraq 745,0 min manata çatmışdır.
2015-ci il üçün rayonun yerli gəlirləri 5 milyon 382,0 min manat, xərcləri isə 16 milyon 423,0 min manat təsdiq olunmuşdur. 2015-ci ilin birinci rübündə büdcəyə 1 milyon 130,3 min manata qarşı 1 milyon 141,1 min manat vəsait daxil olmuş və ya 101 % icra olunmuş, yerli xərclər 3 milyon 629,4 min manata qarşı 2 milyon 896,8 min manat və ya 79,8 % icra olunmuşdur.
01 aprel 2015-ci il tarixə pensiya və sosial müavinət alanların sayı 13565 nəfər olmuşdur. Ünvanlı dövlət sosial yardım alanların sayı 894 ailə olmuş, 143 kimsəsiz ahıl və əlillərə sosial məişət xidməti göstərilmişdir. Pensiya və müavinətlər əhaliyə vaxtında çatdırılmışdır.
Qeyd etmək lazımdır ki, bu il Bakı şəhərində keçiriləcək I Avropa Oyunları ilə əlaqədar olaraq Məşəl Proqramı çərçivəsində may ayında rayonumuzda məşəlin qarşılanma mərasiminə həsr olunmuş tədbirin təşkili nəzərdə tutulmuşdur. Hazırda həmin tədbirin keçirilməsi ilə bağlı hazırlıq işləri davam etdirilir.
Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikası Prezidenti Zati-aliləri cənab İlham Əliyevin göstərişlərini, imzaladığı fərman və sərəncamlarını və Azərbaycan Respublikasının Qanunlarını əldə rəhbər tutub vətəndaşların qəbulu, onların ərizə, şikayət və müraciətlərinə baxılmasının səmərəliliyinə artırmaq məqsədilə bundan sonra da lazımi tədbirlər görəcək və gələcək fəaliyyətində öz işini günün tələbləri səviyyəsində quracaqdır.