Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunun Birinci Qaralı kəndinə “mavi yanacaq” verilib

04 aprel 2015 | 15:00

Dövlətimizin başçısının tapşırığına əsasən Neftçala rayonunun yaşayış məntəqələrinin qazlaşdırılması davam edir. Qazlaşdırılan yaşayış məntəqələrinin sırasına Birinci Qaralı kəndi də əlavə olunub. Daha 16 yaşayış məntəqəsinin isə ilin sonuna kimi qazlaşdırılması nəzərdə tutulur.

 Neftçala rayonunda 1200-ə yaxın əhalinin yaşadığı Birinci Qaralı kəndinə təbii qazın verilməsinə başlanılıb. Kəndin qazlaşdırılması üçün müxtəlif diametrli 19,4 kilometrlik orta təzyiqli daşıyıcı və paylayıcı qaz xətləri çəkilib, 190 sayğac və qutu quraşdırılıb. Quraşdırılan 190 fərdi tənzimləyici isə yeni birpilləli sistem üzrə əhaliyə sabit orta təzyiqdə təbii qaz verilməsinə imkan yaradır.

Kəndə təbii qazın verilməsi münasibətilə keçirilən mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı İsmayıl Vəliyev Neftçalada sosialyönümlü layihələrin uğurla yerinə yetirildiyini vurğulayıb, kənd və qəsəbələrin qazlaşdırılmasının da bunun əyani göstəricisi olduğunu bildirib.

Ölkəmizin artan iqtisadi qüdrətindən danışan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev regionların inkişafına yönəlmiş infrastruktur layihələri haqqında məlumat verib. Respublikamızın kənd və qəsəbələrinin qazlaşdırılması ilə bağlı dövlətimizin başçısının qarşıya qoyduğu vəzifələri bu siyasətin davamı kimi qiymətləndirən R.Abdullayev digər regionlarda olduğu kimi, Neftçalada da bunun uğurla icra olunduğunu söyləyib.

Qeyd edilib ki, hazırda 1100 abonentin olduğu Aşağı Surra kəndində qazlaşma başa çatır, Qədimkənd və Aşağı Qaramanlı kəndlərində isə işlər davam etdirilir. Bundan əlavə, ilin sonuna kimi daha 16 yaşayış məntəqəsinin təbii qazla təmin ediləcəyini söyləyən R.Abdullayev, ölkənin qazlaşdırılması ilə bağlı nəzərdə tutulan digər layihələri də diqqətə çatdırıb.

Mərasimdə çıxış edən kənd sakinləri göstərilən qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər