Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Neftçala rayon təşkilatı Gənclər Birliyinin IV konfransı keçirilib

04 mart 2015 | 16:00

Martın 4-də Neftçaladakı Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) Neftçala rayon təşkilatı Gənclər Birliyinin IV konfransında hesabat dövründə görülən işlərə yekun vurulub, qarşıda duran vəzifələr müəyyənləşdirilib.

Konfrans iştirakçıları əvvəlcə partiyanın banisi Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər. Ümummilli Liderin adını daşıyan Mərkəzdə onun həyat və fəaliyyətinin ayrı-ayrı məqamlarını əks etdirən foto və sənədlər iştirakçılar tərəfindən maraqla qarşılanıb.

YAP Neftçala rayon təşkilatının sədri Anar Cəfərov bildirib ki, 53 ərazi ilk partiya təşkilatında 4 min 299 nəfər üzv birləşir. Onların da 1770 nəfəri gənclərdir. Rayonun ictimai-siyasi həyatında gənclərin roluna diqqət çəkən A.Cəfərov qeyd edib ki, onların hərtərəfli inkişafı üçün dövlətin qayğısı ilə rayonda mühüm infrastruktur layihələri həyata keçirilir.

YAP Neftçala rayon təşkilatı Gənclər Birliyinin sədri Vurğun Əkbərov III konfransdan keçən müddət ərzində görülən işlər barədə məlumat verib. Bildirib ki, hesabat dövründə qarşıya qoyulan vəzifələr icra olunub, nəzərdə tutulan bütün məsələlər həllini tapıb. İnsan kapitalına yönələn dövlət siyasətinin Neftçaladakı uğurlarını diqqətə çatdıran V.Əkbərov rayonda aparılan abadlıq-quruculuq işlərini, yeni təhsil və səhiyyə ocaqlarını, bulvar kompleksini, eləcə də tikintisinə başlanılan Olimpiya İdman Kompleksini bu siyasətin bariz nəticəsi kimi dəyərləndirib.

YAP İdarə heyətinin üzvü Kərim Kərimov və “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev partiyanın cəmiyyətimizdəki aparıcı rolundan, gənclərə dövlətin qayğısından danışıb, tövsiyələrini veriblər.

Sonra təşkilati məsələlərə baxılıb. Rayon təşkilatı Gənclər Birliyinin Şurası və İdarə heyəti müəyyənləşdirilib.

Sonda YAP Gənclər Birliyinin respublika konfransına nümayəndələr seçilib.

 

Keçidlər