Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçalada Sənaye Məhəlləsində görüləcək işlərin təqdimatı keçirilib

27 fevral 2015 | 16:00

Fevral ayının 27-də Neftçala Rayon İcra Hakimiyyətində İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasında sənayenin inkişafı: nailiyyətlər, perspektivlər” mövzusunda keçirilən tədbirdə qeyri-neft sənayesinin modernləşdirilməsi və şaxələndirilməsi, sənaye müəssisələrinin sənaye zonalarında cəmləşdirilməsi və digər məsələlər müzakirə edilib, Neftçala sənaye məhəlləsində görüləcək işlər açıqlanıb.

İqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov müasir çağırışlar və yeni təşəbbüslər nəzərə alınmaqla, sənayenin modernləşdirilməsi və qeyri-neft sənayesinin şaxələndirilməsi məqsədilə həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. Qeyd olunub ki, ənənəvi sənaye sahələri ilə yanaşı, yeni prioritet istehsal sahələrinin, sənaye parklarının yaradılması, regionlarda sənaye potensialının gücləndirilməsi, sənayenin innovasiyalar əsasında inkişafını təmin edəcək imkanların formalaşdırılması dövlətin qarşısında duran əsas prioritetlərdəndir.

“Sənaye ili” çərçivəsində görülən işlər, yeni texnologiyalar əsasında işə salınan sənaye parkları və sənaye məhəllələrindən danışan nazir müavini, Prezident İlham Əliyevin “Neftçala Sənaye Məhəlləsinin yaradılması haqqında” 2015-ci il 2 fevral tarixli Sərəncamından irəli gələn vəzifələri diqqətə çatdırıb.

“Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru Rövşən Nəcəf Neftçala Sənaye Məhəlləsinin fəaliyyətinin təşkili və tənzimlənməsi işlərinin rəhbərlik etdiyi quruma həvalə olunduğunu bildirib, sənaye məhəlləsində tikiləcək infrastruktur obyektləri, sahibkarlara təklif ediləcək xidmətlər və sənaye məhəlləsinin profili üzrə yaradılacaq istehsal, emal və xidmət sahələrinə dair məlumat verib.

Çıxışlarda elmtutumlu və innovativ istehsalın genişləndirilməsi, yeni istehsal sahələri üçün ixtisaslı kadrların hazırlanması kimi məsələlər qaldırılıb. Regionlarda qeyri-neft sənayesinin modernləşməsi və şaxələndirilməsi, sənaye məhsullarının ixracının artırılması, yeni iş yerlərinin yaradılması, sənaye müəssisələrinin sənaye zonalarında cəmləşdirilməsi də müzakirə edilən məsələlər sırasında olub.

Sahibkarlar, iş adamları sənaye məhsullarının ixrac və rəqabət qabiliyyətinin artırılması ilə bağlı bir sıra təkliflər veriblər.

Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

Keçidlər