Neftçalada əhalinin tibbi müayinəsinə 128 həkim və 432 orta tibb işçisi cəlb edilib
Neftçalada əhalinin kütləvi surətdə tibbi müayinəsi uğurla aparılır. Pulsuz tibbi müayinələrin yüksək səviyyədə təşkili üçün rayon mərkəzi xəstəxanası ilə yanaşı, 1 kənd xəstəxanası, 15 həkim məntəqəsi, eləcə də 128 həkim və 432 orta tibb işçisi aksiyaya cəlb edilib. Gün ərzində orta hesabla 550-600 nəfər profilaktik tibbi müayinələrdən keçir.
Rayon mərkəzi xəstəxanasının cərrahiyyə, poliklinika, fizioterapiya şöbələrində və laboratoriyada sakinlərin müayinəsi üçün bütün imkanlar yaradılıb. Aksiya çərçivəsində terapevt, mama-ginekoloq, kardioloq, pediatr və digər ixtisaslardan ibarət beş peşəkar həkim briqadası yaradılıb və rentgen, ultrasəs müayinəsi, exokardioqrafiya, laborator və digər müayinələr aparılır. Fiziki imkanları məhdud, ahıl insanların müayinəsi isə üç səyyar həkim briqadası tərəfindən evlərdə həyata keçirilir.
Humanitar aksiyaya rayonun 60 mindən çox sakininin cəlb olunması nəzərdə tutulur. Kənd və qəsəbələrdə aktivliyi təmin etmək üçün əhali arasında kütləvi izahat işləri aparılır. Rayon icra hakimiyyətində yaradılmış xüsusi komissiya və qərargah müayinələrinin gedişinə operativ nəzarət edir.
Aksiya başlanandan bu günədək 8068 sakin tibbi müayinədən keçirilib.