2014-cü ilin yekunu və cari ildə qarşıda duran vəzifələrə həsr edilmiş hesabat yığıncağı keçirilib
Fevralın 13-də Neftçala rayonundakı Heydər Əliyev Mərkəzində 2014-cü ilin yekunu və cari ildə qarşıda duran vəzifələrə həsr edilmiş hesabat yığıncağı keçirilib.Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla anıblar. Sonra tədbir iştirakçıları rayonda istehsal olunan sənaye və kənd təsərrüfatı məhsullarından ibarət sərgi ilə tanış olublar.
2014-cü il Neftcalanın tarixində uğurlu və əlamətdar bir il kimi qalacaqdır. Məhz bu ilin may ayının 28- də cənab Prezidentin rayonumuza tarixi səfəri və bu səfər zamanı rayon ictimaiyyəti ilə gorüşündə Neftçalanın gələcək inkişafı ilə bağlı tapşırıqları, elecədə rayonumuzun sosial-iqtisadi inkişafı ilə əlaqədar imzaladığı sərəncamlar Neftcalanın daha sürətli inkişafına təkan vermiş, yeni quruculuq işlərinin həcmi artmışdır.
2014-cü ildə rayonda ümumi məhsul istehsalının həcmi 2013-cü ilə nisbətən 7,8 % artmışdır. Hesabat dövründə ümumi məhsul istehsalı 197,8 milyon manat olmuşdur ki, bu da 2013-cü il ilə müqayisədə 14,3 milyon manat çoxdur. 2014-cü ildə ümumi məhsulun tərkibində sənaye məhsulu 24 milyon 700,0 min manat və ya ümumi məhsulun 12,5 %-i qədər, kənd təsərrüfatı məhsulu 68 milyon 900,0 min manat və ya 34,8 %, nəqliyyat xidməti 1 milyon 900,0 min manat və ya 1,0 %, rabitə xidməti 600,0 min manat və ya 0,3 %, ticarət, iaşə və digər xidmət sahələrinin həcmi 68 milyon 300,0 min manat və ya 34,5 %, tikinti işlərinin həcmi 33 milyon 400,0 min manat və ya 16,9 % olmuşdur. Ümumi məhsulun həcmində qeyri-dövlət bölməsinin payı 91,7 %-ə çatmışdır. Adambaşına 2340,0 manatlıq və ya 2013-cü ilə nisbətən 6,6 % çox məhsul istehsal edilmişdir.
2014-cü ildə rayonda 9 yeni müəssisə yaradılmış, 585 fiziki şəxs fəaliyyətə başlamışdır. Yeni yaradılmış müəssisələrin hesabına 27, fiziki şəxslər üzrə 585, mövcud müəssisə və təşkilatlarda 111 olmaqla, cəmi 723 daimi yeni iş yeri açılaraq işsiz və iş axtaran vətəndaşlar işlə təmin olunmuşdur. Rayonda aparılan tikinti, quruculuq, abadlıq işlərinə 135 nəfər, kənd təsərrüfatında mövsümü işlərə 1415 nəfər cəlb olunmuşdur. Yeni iş yerlərinin açılması istiqamətində müvafiq olaraq əlavə tədbirlər görülür.
2014-cü ilin “Sənaye ili” elan edilməsi Respublikanın hər yerində olduğu kimi rayonumuzda da sənaye sahələrinin inkişafına təkan vermişdir. Rayonda sənaye məhəlləsinin yaradılması ilə əlaqədar Neftçala şəhərində Dövlət Torpaq Fondu ərazisindən 10 ha torpaq sahəsi ayrılmış və layihə smeta sənədlərinin hazırlanılmasına başlamışdır.Hesabat dövründə rayonda fəaliyyət göstərən 12 sənaye müəssisəsi və bu sahədə fiziki şəxslərin fəaliyyəti nəzərə alınmaqla 24 milyon 700,0 min manatlıq sənaye məhsulu istehsal olunmuş, iş və xidmətlər yerinə yetirilmişdir. Sənayenin ümumi məhsulunda qeyri-dövlət bölməsinin xüsusi çəkisi 84,8 % təşkil etmişdir.
2014-cü ildə nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsi üzrə fəaliyyət göstərən fiziki şəxslərin işi nəzərə alınmaqla 645,0 min ton yük, 7 milyon 238,0 min nəfər sərnişin daşınmışdır ki, bu da 2013-cü il ilə müqaisədə yük daşınması 5,0 faiz, sərnişin daşınması isə 6,2 faiz artmışdır.
Hesabat dövründə rabitə müəssisələri tərəfindən əhaliyə, müəssisə və təşkilatlara faktiki qiymətlərlə 600,0 min manatlıq rabitə xidməti göstərilmişdir. Göstərilən rabitə xidmətlərinin həcmi 2013-cü il ilə müqayisədə 24,2 % artmışdır. Ümumi xidmətin 96,3 %-i əhalinin payına düşür. Hazırda rayonda hər 100 təsərrüfata 64 ədəd telefon aparatı düşür.
2014-cü ildə əhalinin nominal pul gəlirləri 56 milyon 800,0 min manat olmuş, 2013-cü il ilə müqayisədə 4,3 % artmışdır. Adambaşına düşən pul gəlirləri 2,8 % artaraq 671,0 manat olmuşdur. Rayon üzrə bir işçinin orta aylıq əmək haqqı 265,0 manat təşkil edir. Bu isə 2013-cü il ilə müqayisədə 3,7 % çoxdur. İlin əvvəlindən əhaliyə 164 milyon 400,0 min manatlıq istehlak malları satılmış və xidmətlər göstərilmişdir. Pərakəndə əmtəə dövriyyəsi 6,1 % artaraq 138 milyon 300,0 min manata, pullu xidmətlərin həcmi 7,4 % çoxalaraq 23,0 milyon 200,0 min manata, iaşə xidmətlərinin həcmi 9,4 % artaraq 2 milyon 900,0 min manata çatmışdır.
2014-cü il üçün rayonun yerli gəlirləri 5 milyon 104,0 min manat, xərcləri isə 16 milyon 323,0 min manat təsdiq olunmuşdur. 2014-cü ildə büdcəyə 5 milyon 104,0 min manata qarşı 5 milyon 153,0 min manat vəsait daxil olmuş və ya 101 % icra olunmuş, yerli xərclər 16 milyon 323,0 min manata qarşı 15 milyon 946,1 min manat və ya 97,7 % icra olunmuşdur.
01 yanvar 2015-ci il tarixə pensiya və müavinət alanların sayı 12301 nəfər, ünvanlı dövlət sosial yardımı alanların sayı 933 ailə olmuşdur. Ünvanlı dövlət sosial yardımı alan ailələrin sayı 2013-cü il ilə müqayisədə 31,9% azalmış, sosial yardımın orta aylıq məbləgi 13 % artaraq 138,6 manat olmuşdur. 143 kimsəsiz, ahıl və əlillərə sosial məişət xidməti göstərilmişdir.
2014-cü ildə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 16 nəfər müharibə əlilinə pulsuz avtomobil verilmişdir.
2014-cü il ərzində Rayon Məşğulluq Mərkəzi tərəfindən 335 nəfər işaxtaran vətəndaş daimi iş yerləri ilə təmin olunmuş və 44 nəfərə işsiz statusu verilərək işsizlik müavinəti təyin edilmişdir. 16 nəfər peşə hazırlığı kurslarına, 18 nəfər haqqı ödənilən ictimai işlərə cəlb olumuşdur. Sahibkarlığın inkişafına dəstək olaraq rayonda fəaliyyət göstərən 2 bank və 2 bank olmayan kredit təşkilatlarının filialları tərəfindən sahibkarlara və vətəndaşlara ümumilikdə 8 milyon 473,0 min manat kredit verilmişdir ki, bu da 2014-cü ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur. Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 21 nəfər sahibkara 242,0 min manat məbləğində güzəştli kredit verilmişdir.
2014-cü ildə Neftçala Elektrik Şəbəkəsi tərəfindən rayona 145,4 milyon kvt. saat elektrik enerjisi verilmiş, o cümlədən elektrik enerjisinin 55,0 milyon kvt. saatı əhaliyə satılmış, həmin enerjinin dəyərinin 72,0 faizi ödənilmişdir. Əhali abonentlərinin sayğaclaşdırılması 99,0% təşkil edir.
2014-cü il ərzində Rayon Qaz İstismar Sahəsi tərəfindən 12 milyon 284,0 min kub metr həcmində rayona təbii qaz verilmiş, o cümlədən əhaliyə satılan qazın ümumi həcmi 11 milyon 19,0 min kub metr olmuş, bunun da dəyərinin 99,6 faizi ödənilmişdir. Əhali abonentlərinin sayğaclaşdırılması 100% təşkil edir. Hesabat dövründə rayonun Kürqarabucaq kəndi qazlaşdırılaraq istifadəyə verilmişdir. Hal-hazırda rayonun Aşağı Surra və I Qaralı kəndlərində yeni qazlaşdırma işləri aparılır.
2014-cü ildə rayonda fəaliyyət göstərən üç nərəbalıqartırma zavodları tərəfindən 6 milyon 180,0 min ədəd nərə cinsli körpə balıqlar yetişdirilərək Kür çayı vasitəsilə Xəzər dənizinə buraxılmışdır. Bu da 2013-cü il ilə müqaisədə 78,5% çoxdur.
Rayonda 2014-cü ildə aqrar sahədə müsbət irəliləyişlər olmuşdur. Belə ki, 2014-cü ildə əvvəlki illə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu artaraq 68.9 milyon manat olmuşdur. Göstərilən dövrdə diri çəkidə 12744,9 ton ət, 23865,1 ton süd, 4267 min ədəd yumurta, 254,2 ton yun istehsal olunmuş, ötən illə müqayisədə ət istehsalı 1978,4 ton, süd istehsalı 131,3 ton, yumurta istehsalı 62 min ədəd, yun istehsalı 0,9 ton artmışdır.
2014-cü ilin məhsulu üçün 45158,0 hektar sahəyə taxıl əkilmiş, sahələrdən 85888,0 min ton məhsul toplanmışdır.
Bitkiçilik sahəsindən yüksək məhsul götürmək məqsədi ilə meliorativ tədbirlərin həyata keçirilməsində müəyyən işlər görülmüşdür. Hesabat dövründə Rayon Su və Meliorasiya təşkilatları tərəfindən 530 km suvarma kanalları, 410,4 km kollektor-dren sistemi lildən təmizlənmiş, suvarma kanallarında 61 ədəd, kolletor –drenlərdə 124 ədəd hidrotexniki qurğular və nasos aqreqatları əsas və cari təmin edilmişdir.
Heyvandarlığın inkişafı sahəsində müsbət irəliləyişlərə nail olmaqla 01.01.2015 tarixə iri buynuzlu mal-qaranın baş sayı 42159 baş, qoyun və keçilərin baş sayı 130385 başa çatdırılaraq ötən ilə müqayisədə müvafiq olaraq 291 və 1445 baş artmışdır.
Məhsul istehsalçılarının maddi marağını artırmaq məqsədilə hesabat ilində rayonda kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına 2 milyon manatdan çox vəsait verilmişdir ki, bu da rayonda kənd təsərrüfatı məhsullarının ilbəil artmasına gətirib çıxarmışdır.
Rayonda Xol zonasında 17000 hektardan yuxarı suvarılan əkin sahələrinin tam suvarma suyu ilə təmin olunmasında ciddi çətinliklərin yaranması ilə əlaqədar Respublika rəhbərliyinin müvafiq sərəncamı ilə Kür çayından Xol zonasına 25 km uzunluğunda Neftçala Magistral Kanalının nasos stansiyası ilə birlikdə layihəsinin tikintisi 2006-ci ildə başlanmışdır. Bu kanalın tikintisi 2008-2015-ci illərdə Azərbaycan Respublikasında “Əhalinin ərzaq məhsulları ilə tam təminatına dair Dövlət Proqramı”na daxil edilmiş, kanalın 2014-2018-ci illlər ərzində tikilib başa çatdırılması nəzərdə tutulmuş, bununla əlaqədar 2006-ci ildən 2014-cü ilin sonunadək həmin kanalın tikintisinə 10948,9 milyon manat vəsait sərf olunmuşdur. Layihənin icrasının sürətləndirilməsinə ciddi ehtiyac vardır.
2014 – cü il ərzində rayon ərazisində tikinti işlərində əsas kapitala yönəldilmiş vəsait 34 milyon 413,3 min manat təşkil etmişdir ki, bu 2013-cü ilə nisbətən 30,5% çoxdur. O cümlədən tikinti quraşdırma işlərinin həcmi 32 milyon 955,1 min manat yerinə yetirilmişdir ki, buda 2013-cü il ilə müqaisədə 55% çoxdur. Rayonun Heydər Əliyev prospektinin yenidən qurulması, yeni parkların salınması, prospekt boyunca yol kənarlarının abadlaşdırılması, Rayon İcra Hakimiyyətinin, Heydər Əliyev Mərkəzinin İnzibati Binasının, “Bayraq” meydanının, “Şəhidlər Kompleksi”nin, Kür çayı sahilində “Bulvar”ın , yeni müasir saat qülləsinin tikintisi başa çatmışdır. “İdman Kompleksi”nin tikintisi ilə əlaqədar ərazinin hazırlanması işləri davam etməkdədir.
Azərbaycan Respublikası Prezidentinin 29 may 2014 – cü il tarixli sərəncamlarına əsasən Neftçala Rayonunun Sosial – iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədi ilə Neftçala rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2014 – cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat, otuz yeddi min nəfər əhalinin yaşadığı 21 yaşayış məntəqəsini birləşdirən Şorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil yolunun tikintisi məqsədi ilə Neftçala rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2014 – cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ilkin olaraq 3,0 (üç) milyon manat ayrılmışdır.
Hesabat dövründə Neftçala Rayon İcra Hakimiyyəti tərəfindən rayonda ictimai-siyasi tədbirlərin hazırlanıb keçirilməsi, normativ hüquqi aktların əhali arasında təbliği, dövlət rəmzlərinin tərtibatı və mühafizəsi sahəsində müəyyən işlər görülmüş, dövlətimizin hümanitar siyasət xəttinin həyata keçirilməsi məsələlərinə xüsusi fikir verilmiş, içtimai təşkilatlarla və siyasi partiyalarla əlaqəli işlər gücləndirilmiş, təhsil, səhiyyə, mədəniyyət, gənclərlə iş və idman sahələrində bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, yeni ümumtəhsil məktəblərinin tikintisi, mövcud məktəblərin əsaslı təmiri və müasir tədris avadanlıqları ilə təmin olunmasına dair Dövlət Tikinti Proqramına uyğun olaraq 2014-cü il ərzində rayonda 360 yerlik Yuxarı Qaramanlı kənd tam orta və 200 yerlik Kürkənd kənd ümumi orta məktəbləri üçün yeni məktəb binaları tikilib istifadəyə verilmiş, Aşağı Surra kənd tam orta məktəbi üçün isə 10 əlavə sinif otağının tikintisi başa çatdırılmışdır.
Ölkə Prezidenti cənab İlham Əliyevin verdiyi tapşırığa əsasən 2014-cü il fevral ayının 17-dən Respublika əhalisinin pulsuz tibbi müayinədən keçirilməsinə başlanılmış, rayon ərazisində əhalinin tibbi müayinədən keçirilməsini təmin etmək məqsədilə Rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamı ilə komissiya yaradılmış, qrafik tərtib edilmişdir. Fevral ayının 17-dən may ayının 1-dək rayonun 52 yaşayış məntəqəsində yaşayan 67268 nəfər bu müayinələrdən keçmişdir ki, bunun 12050 nəfərini uşaq kontingenti təşkil etmişdir. Bu müayinələr nəticəsində 21 nəfər ilkin şəkərli diabetli, 6 nəfər diffuz toksiki zoblu xəstə aşkar olunmuş, 589 nəfər dispanser müşahidəyə götürülmüşdür. 2523 nəfər ambulator, 52 nəfər stasionar müalicəyə cəlb olunmuş, 79 nəfər isə Bakı şəhərinin müxtəlif tibb müəssisələrinə daha ixtisaslı müayinə və müalicə olunmaq üçün göndərilmişdir. 2015-ci ildə də əhalinin tibbi müayinələrdən keçirilməsi davam etdiriləcəkdir.
Ötən ilin iyun ayında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Neftçala Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Milli Onkologiya Mərkəzinin yüksək ixtisaslı həkim mütəxəssislərindən ibarət səyyar həkim briqadası onkoloji xəstəliklərin erkən aşkar olunması məqsədilə rayonumuzda müayinələr aparmışdır. Müayinələrdən keçənlərin ümumi sayı 1051 nəfər olmuşdur. Bu müayinələr nəticəsində 16 nəfərdə bu və ya digər onkoloji patologiyalar aşkar olunmuş və onlara daha ixtisaslı müayinə və müalicələr aparılması üçün Milli Onkologiya Mərkəzinə göndəriş verilmişdir.
Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikası Prezidenti Zati-aliləri cənab İlham Əliyevin göstərişlərini, imzaladığı fərman və sərəncamlarını və Azərbaycan Respublikasının Qanunlarını əldə rəhbər tutub vətəndaşların qəbulu, onların ərizə, şikayət və müraciətlərinə baxılmasının səmərəliliyinə artırmaq məqsədilə bundan sonra da lazımi tədbirlər görəcək və gələcək fəaliyyətində öz işini günün tələbləri səviyyəsində quracaqdır.