Neftçala rayonunda sənaye məhəlləsi yaradılır
Neftçala Sənaye Məhəlləsinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 2 fevral tarixli Sərəncamına uyğun olaraq, “Azərbaycan İnvestisiya Şirkəti” səmərəli fəaliyyətə başlayıb. Artıq Neftçala rayonunda ərazini seçmişik. Qısa müddətdə layihələndirmə işlərini tamamlayıb, sənaye məhəlləsi üçün ayrılan 10 hektar ərazidə tikinti işlərinə başlayacağıq.
“Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin icraçı direktoru Rövşən Nəcəf bildirib ki, ilin sonunadək sənaye məhəlləsinin birinci fazasının yekunlaşdırılması, yəni orada zəruri infrastrukturun və ilkin istehsal sahələrinin yaradılması nəzərdə tutulur.
“Biz Neftçala Sənaye Məhəlləsində müəssisələrin yaradılmasına maraq göstərən 16 şirkətlə danışıqlar aparırıq. Bunlar yerli şirkətlərdir, əcnəbi şirkətlərin iştirakı ilə bağlı heç bir məhdudiyyət yoxdur. Sənaye məhəlləsinin rezidenti olmaq istəyənlərdən layihələr qəbul edirik. Rezident sahibkarlara zəruri şərait yaradacağıq. Onlara güzəştli kreditlərin verilməsi, peşə treninqlərinin keçirilməsi, müxtəlif məsləhət xidmətlərinin göstərilməsi, mühasibatlığın aparılması və məhsulların satışı ilə bağlı müvafiq təlimlərin təşkili nəzərdə tutulur ”, –deyə Rövşən Nəcəf vurğulayıb.
R.Nəcəf qeyd edib ki, Azərbaycan Respublikasının dövlət siyasəti iqtisadiyyatın hərtərəfli inkişafının təmin edilməsini, o cümlədən texnologiyalar əsasında sənayenin dinamik inkişafını və şaxələndirilməsini nəzərdə tutur. Bu siyasətin uğurlu icrası nəticəsində ölkəmizdə müxtəlif təyinatlı yüzlərlə sənaye müəssisəsi istifadəyə verilib, minlərlə yeni iş yaradılır. Hazırda regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə diqqət yönəldilib.