Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın qətiyyətli mövqeyini, milli maraqlarını özündə əks etdirən siyasət uğurla davam etdirilir

10 iyun 2020 | 04:06

Azərbaycan Respublikası hazırda  bütün regional məsələlərin əsas iştirakçısıdır. Ölkəmizin mövqeyi bölgədə getdikcə daha da güclənir. Ölkəmiz, mühüm geosiyasi məkan kimi regionun özündə sülh və təhlükəsizliyin təmin edilməsi üçün dayaq nöqtəsi və ən perspektivli tərəfdaş hesab edilir. Azərbaycan artıq praktik olaraq bütün regional məsələlərin əsas iştirakçısıdır və regionda strateji əhəmiyyətli bütün layihələrin həm onun razılığı, həm də iştirakı olmadan gerçəkləşdirilməsi mümkün deyil. Hazırkı inkişaf mərhələsində Azərbaycan Cənubi Qafqaz regionunda aparıcı mövqe tutan dövlət kimi, çətin və hətta mürəkkəb geosiyasi şəraitdə öz müstəqil siyasətini aparır. Prezident İlham Əliyev 2020-ci il iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışı zamanı proqram xarakterli çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mühüm məqamlara toxunaraq qeyd etmişdir ki, saxta prezident və parlament seçkiləri keçirilmiş Qondarma Dağlıq Qarabağla bağlı münasibətdə Avropa Şurası Azərbaycana qarşı ikili standart mövqeyi tutur. Cənab Prezident Avropa Şurasının anti-Azərbaycan mövqeyini qəti şəkildə pisləyərək, pandemiya dövründə Qarabağda keçirilən saxta seçkilərlə bağlı demokratiyadan, insanların təhlükəsizliyinin qorunmasından dəm vuran Avropa Şurasının səsini çıxaramadığını qeyd etmişdir. Avropa İttifaqı da eynilə seçkiləri tanımadığını bəyan edib. Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, digər təşkilatlar - bütün aparıcı beynəlxalq təşkilatlar bu seçkiləri qınadı. Avropa Şurası Parlament Assambleyasının əsas hədəflərindən biri Azərbaycanı ləkələmək, ölkəmizi gözdən salmaq, ölkəmiz haqqında uydurmalar yaymaq, saxta məruzələr qəbul etdirmək, Azərbaycanda “beşinci kolonu”, satqınları və münaqişə ilə bağlı Ermənistan tərəfini dəstəkləməkdir. Prezidentimiz xüsusilə vurğulamışdır ki, Avropa Şurası tərəfindən Azərbaycan ilə əlaqədar qəbul edilmiş sənədlər bir kağız parçasından artıq deyildir. AŞ-dan fərqli olaraq, Azərbaycan hər zaman Avropa Şurası qarşısında öhdəliklərinə sadiq qalmışdır. Bu hallarla artıq Avropa Şurası Parlament Assambleyası tamamilə nüfuzdan düşən bir quruma çevrilmiş, AŞPA məhz Azərbaycanın hesabına özünə reytinq yığmağa çalışmışdır. 
AŞPA-nın qərəzli, ədalətsiz və beynəlxalq hüququ nəzərə almadan qarayaxma kampaniyasının Azərbaycanın siyasi iradəsindən döndərə bilməyəcəyini, doğru və qanuni bildiyi yoldan uzaqlaşdırmayacağını qeyd edən Prezident İlham Əliyev özlərini dünaynın ən humanist, hüquqi dövləti hesab edən bəzi Avropa dövlətlərində dövlət-vətəndaş, polis-vətəndaş münasibətlərinə baxdıqda zorakılıq, anarxiya müşahidə olunduğu bildirmişdir. Özlərini Avropa nümunəsi kimi dünyaya tanıtmağa çalışan dövlətlər əslində hüquqi, siyasi cəhətdən ölkəmizlə müqayisə olunmayacaq səviyyədədilər. Amerika kimi bir ölkədə insanlar arasında irqi ayrı-seçkiliyin qoyulması, qaradərililərə qarşı polisin vəhşicəsinə rəftarı bir dövlətin  iqtisadi və siyasi gücünün nə qədər güclü olmasından asılı olmayaraq  o dövlətin təməlinin hər zaman zəif olduğunu göstərir.
Ölkəmizdə xalqın mənafeyinin hər şeydən üstün tutulması, ölkə prezidenti cənab İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın vətəndaşlarla səmimi münasibəti dövlət-vətəndaş münasibətindəki həmrəyliyin bir nümunəsidir. Xalq da hər zaman öz liderinə inam və etimad nümayiş etdirir.Ümummilli liderin söylədiyi kimi “Ölkəmizdə xalq dövlət üçün yox,dövlət xalq üçün çalışır.
Məhz Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının və mayın 4-də Qoşulmama Hərəkatının fövqəladə zirvə görüşlərinin keçirilməsi , bu zirvə görüşlərinin pandemiyaya həsr olunması dünya miqyasında, türk xalqları tarixində bir ilk oldu. Qoşulmama Hərəkatının zirvə görüşündə dünyanın dörd bir yanından 40-dan çox ölkənin dövlət və hökümət başçıları və xarici işlər nazirlərinin iştirak ediblər ki, bu da bir daha ölkəmizə və Prezidentimizə olan inamın, etibarın  və etimadın göstəricisidir.
Bütün bunlarla yanaşı Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra iqtisadi, siyasi uğurlar qazandığını, pandemiya dövründə qəbul etdiyi doğru qərarlar və istər vətəndaşlarına, istərsə də digər dövlətlərə göstərdiyi humanitar yardımlar xüsusi qeyd olunmalıdır. Bir sözlə, Azərbaycan qətiyyətli mövqeyi, milli maraqları özündə əks etdirən siyasəti ilə mətin addımlarla irəli gedir və heç bir təzyiq bizi qorxutmur, çəkindirmir. Çünki biz müstəqilliyimizin qorunması və dünyada sülhün bərqərar olunması üçün mübarizə aparır və fəaliyyət göstəririk. Müstəqilliyimizin qorunması, əbədi olması üçün ölkə rəhbərinin qarşıya qoyduğu vəzifələrin icrasında yorulmadan fəaliyyət göstərməliyik.

Keçidlər