Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi (AKƏM) öz fəaliyyətini davam etdirməkdədir

19 may 2020 | 02:05

Prezident İlham Əliyevin 2020-ci ilin Azərbaycanda “Könüllülər ili” elan edilməsi haqqında Sərəncam imzalaması dövlət başçısının ölkəmizdə könüllülük hərəkatına verdiyi yüksək dəyərin nümunəsidir. Bu sərəncam gənclərin fərdi inkişafına, onlarda sosial məsuliyyət hissinin yüksəlməsinə təkan verəcək, gəncliyin potensialından xalqın rifahı və ölkənin dayanıqlı inkişafı üçün səmərəli istifadə edilməsinə şərait yaradacaqdır. Könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir.
              Bu gün dünyada baş verən yeni növ koronovirus infeksiyasının yarada biləcəyi təhlükə ilə mübarizədə dövlət tərəfindən həyata keçirilən tədbirlərin dəstəklənməsi məqsədilə 27 mart 2020-ci il tarixində formalaşan və fəaliyyətində könüllülər mərkəzləri və digər təşkilat və hərəkatların iştirak etdiyi Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi öz işini uğurla davam etdirir.
               2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamını rəhbər tutaraq Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun tapşırığına əsasən Neftçala Rayon Gənlər və İdman İdarəsi tərəfindən rayonda könüllü qrupu formalaşdırılmışdır. Könüllü qrupu Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilən aksiyalar çərçivəsində rayon ərazisində səfərbər olaraq koronavirusla mübarizə məqsədilə maarifləndirmə işinin aparılmasında, əhaliyə tibbi maska və əlcəklər paylanmasında, tənha yaşlılara, aztəminatlı ailələrə, şəhid ailələrinə, fiziki məhdudiyyətli şəxslərin evlərinə baş çəkərək onların zəruri ehtiyaclarının qarşılanmasında, ərzaq sovqatlarının paylanmasında iştirak edir.
               “Böyüklərimizi qoruyaq!” devizi altında Neftçala rayon könüllüləri pandemiya dövründə rayon ərazisində yaşı 65-dən yuxarı olan və  tənha yaşayan ahıl insanlarla mütəmadi maarifləndirmə işləri aparır, onlara tibbi maska, spirt, əlcək və digər gigiyenik ləvazimatlar paylanmasında iştirak edir. Könüllülər Neftçala Rayon İcra Hakimyyəti tərəfindən Böyük Vətən müharibəsi veteranlarına və onların ailələrinə yardımların paylanmasında, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Neftçala rayon Şöbəsində qeydiyyatda olan və həmin müddətdə şöbəyə müraciət edərək yeni qeydiyyatdan keçən yaşlı insanlar üçün bazarlığın edilməsində və ev işlərinin görülməsində yaxından iştirak edir.
                8 aprel tarixində başlayan “Könüllü Qonşu” aksiyası çərçivəsində Neftçala rayon Könüllüləri tərəfindən rayonun kənd və qəsəbələrində, məhəllə və binaların girişində xüsusi elanlar vasitəsilə  əlaqə nömrələri paylaşılmış, ehtiyacı olan şəxslər barədə məlumat verilməsi xahiş edilmişdir. Bu nömrələrə daxil olan zənglər əsasında könüllülər vətəndaşların öz vəsaiti hesabına gündəlik ərzaq məhsullarının, dərman vasitələrinin alınmasına və kommunal ödənişlərinin həyata keçirilməsinə köməklik göstərirlər.
               Qeyd edək ki, pandemiya dövründə Neftçala rayon könüllüləri xüsusi təşəbbüslə çıxış etmişlər. Belə ki, könüllülər tərəfindən tikilərək hazırlanmış maskalar ehtiyacı olan şəxslərə paylanmışdır. Eyni zamanda karantin dövründə könüllülərimiz  “evdə qal, evdə yarat”, “evim yeni iş yerim”, “şer de, pozitiv ol”, “yaradıcılığı evdə öyrən” təşəbbüsünə qoşularaq  #bizbirlikdəgüclüyük şüarını bir daha sübut etmişlər.             
               Bu günə qədər Heydər Əliyev Fondu və RİİB-i (Regionların İnkişafı İctimai Birliyi), Neftçala Rayon İcra Hakimiyyəti, Milli Məclisin üzvləri, müxtəlif dövlət qurumları, rayonda yerləşən idarə, müəssisə və təşkilatlar, qeyri-hökumət təşkilatları, özəl qurumlar, həmçinin ayrı-ayrı şəxslər tərəfindən xüsusilə aztəminatlı və bir sıra həssas kateqoriyadan olan ümumilikdə 6626 ailə və şəxsə müxtəlif formada ərzaq sovqatları paylanmışdır. Sovqatların paylanmasında və bununla bağlı təşkil edilmiş əksər xeyriyyə aksiyalarında könüllülərimiz də yaxından iştirak etmişlər.
              Koronavirus pandemiyasının dünyada sürətlə yayıldığı bir vaxtda talassemiya və hemofiliya xəstələrinin qan çatışmazlığı ilə üzləşdiyi vəziyyətdə problemə dəstək olmaq məqsədilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən başladılan qanvermə aksiyasına Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov başda olmaqla vətəndaşlar qoşularaq könüllü olaraq qan veriblər. 13 may 2020-ci il tarixində Heydər Əliyev Mərkəzində təşkil olunmuş aksiyada Neftçala rayon könüllüləri də yaxından iştirak etmişdir.
               Könüllülüyün həqiqətən də könül işi olduğunu sübut edən gənclərin fəaliyyəti bununla yekunlaşmır. Onlar əhali arasında pandemiya ilə bağlı maarifləndirmə işlərinin aparılması, küçədə maskasız gəzən şəxslərə tibbi maskaların paylanması, həmçinin günümüzün görünməyən qəhrəmanları olan polis və tibb işçilərinə könüllülər adından təşəkkür mesajlarının çatdırılmasında da böyük həvəslə iştirak edirlər.

Keçidlər