Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala Rayonu İcra Hakimiyyəti başçısının 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş hesabatı keçirilmişdir.

14 iyul 2018 | 04:07

13 iyul 2018-ci il tarixdə Neftçala rayonunda Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı nitqindən irəli gələn vəzifələr və Neftçala Rayon İcra Hakimiyyətinin qarşısında duran məsələlər barədə hesabat keçirilmişdir.

2018-ci ilin birinci yarısında rayonun iqtisadiyyatında istehsal olunmuş ümumi məhsulun həcmi 2017-ci ilin müvafiq dövrünə nisbətən 6,0 % artmışdır. Hesabat dövründə ümumi məhsul istehsalı 163 milyon 200 min manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9 milyon 300 min manat çoxdur. Ümumi məhsulun tərkibində sənaye məhsulu 19 milyon manat və ya ümumi məhsulun 11,6 %-i qədər, kənd təsərrüfatı  72 milyon 880 min  manat və ya 44,7 %, tikinti işlərinin həcmi 36 milyon 845 min manat və ya 22,6 %,  nəqliyyat xidməti 1 milyon 139 min manat  və ya 0,7 %, rabitə xidməti 379 min manat  və ya 0,2 %, ticarət, iaşə və nəqliyyat vasitələrinin təmiri sahələrinin həcmi 33 milyon manat və ya 20,2 %, olmuşdur. Ümumi məhsulun həcmində qeyri-dövlət bölməsinin payı 2017-ci ilin birinci yarısına nisbətən 3,4 % artaraq  75,0%-ə çatmışdır. Adambaşına 1873,0 manatlıq məhsul istehsal edilmişdir ki, bu göstərici 2017-ci ilin müvafiq dövrünə nisbətən 6,0 % çoxdur.
2018-ci ilin birinci yarısında rayonda 10 yeni müəssisə yaradılmış, 260 fiziki şəxs fəaliyyətə başlamışdır. Yeni yaradılmış müəssisələr üzrə 10, fiziki şəxslər üzrə 260, mövcud müəssisə və təşkilatlarda 118 olmaqla cəmi 388 daimi yeni iş yeri açılaraq işsiz və iş axtaran vətəndaşlar işlə təmin olunmuşdur. Rayonda aparılan tikinti-quruculuq və digər tədbirlər üzrə işlərə 318 nəfər, kənd təsərrüfatında mövsümü işlərə 6389 nəfər cəlb olunmuşdur. Yeni iş yerlərinin açılması istiqamətində müvafiq olaraq əlavə tədbirlər görülür.
2018-ci ilin birinci yarısında Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyev və İran İslam Respublikasının prezidenti cənab Həsən Ruhani Neftçala Sənaye Məhəlləsində inşa olunan "Azərmaş" ASC və "İran Khodro" şirkətinin birgə "Xəzər" avtomobil zavodunun açılışını  elan etdilər. Avtomobil zavodunda İran İslam Respublikasının və Avropanın aparıcı ölkələrinin müasir texnologiyaları əsasında müxtəlif avtomobil modelləri istehsal olunacaq. Bu avtomobillər “Made in Azerbaijan” brendi altında həm yerli, həm də xarici bazarlara çıxarılacaqdır. Neftçala Sənaye Məhəlləsinin rezidentləri tərəfindən 96 ədəd avtomobil, 179 ton yem ,  76 komplekt pivot sistemlərinin detalları, 7 ədəd kənd təsərrüfatı qoşquları, 40 min  ədəd yod istehsalı üçün filtr gövdəsi, 111 min 23 ədəd plastik tara, 60 ton polietilen boru və digər məhsullar istehsal olunmuşdur.
Rayonun ən böyük sənaye müəssisələrindən biri olan “Neftçala Əməliyyat” şirkəti 2018-ci ilin 6 ayında 16,3 min ton neft, 0,7 milyon kub.metr qaz hasil etmişdir. Keçən ilin eyni dövrü ilə müqayisədə neft və qaz hasilatı 0,7 % artmışdır.
“Azər-Yod” MMC-də cari ilin hesabat rübündə 48,0 ton “T” markalı yod istehsal olunmuş, 2017-ci ilin eyni dövrü ilə müqayisədə 1,1 % yod istehsalı az olmuşdur ki, bunun da səbəbi bəzi quyuların sıradan çıxması və hasilatın aşağı düşməsidir.
2018-ci ilin birinci yarısında nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsi üzrə fəaliyyət göstərən fiziki şəxslərin işi nəzərə alınmaqla 348,0 min ton yük,  4 milyon 195,0 min nəfər sərnişin daşınmışdır ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 3,0 faiz, sərnişin daşınması isə 2,6 faiz artmışdır.
Hesabat dövründə rabitə müəssisələri tərəfindən əhaliyə, müəssisə və təşkilatlara faktiki qiymətlərlə 379,0 min manatlıq rabitə xidməti göstərmişdir. Göstərilmiş rabitə xidmətlərinin həcmi 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,0 % artmışdır. Ümumi xidmətin 85,9 faizi bilavasitə əhalinin payına düşür.
Əhalinin nominal gəlirləri 146 milyon 323,0 min manat olmuş,  bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,7 % artmışdır. Adambaşına düşən nominal gəlirləri 5,5 % artaraq  1679,2  manat olmuşdur. Rayon üzrə  bir işçinin orta aylıq əmək haqqı 291,3 manat təşkil edir. İlin əvvəlindən əhaliyə 114,9 milyon manatlıq istehlak malları satılmış və xidmətlər göstərilmişdir. Pərakəndə əmtəə dövriyyəsi 5,7 % artaraq 98,9 milyon manata, pullu xidmətlərin həcmi 4,1 % çoxalaraq 13,9 milyon manata çatmışdır. Əhaliyə satılmış istehlak mallarının 49,6 % ərzaq, 50,4 % -isə qeyri-ərzaq malları olmuşdur.
2018-ci il üçün rayonun yerli gəlirləri və xərcləri 6 milyon 448,0 min manat təsdiq olunmuşdur. 2018-ci ilin 6 ayı ərzində büdcəyə 2 milyon 922,2 min manata qarşı 3 milyon 216,3 min manat  vəsait daxil olmuş və ya 110 % icra olunmuş, yerli xərclər 2 milyon 9867,5 min manata qarşı 2 milyon 574,9 min manat və ya 90 % icra olunmuşdur.
01 iyul 2018-ci il tarixə pensiya, sosial müavinət və təqaüd alanların sayı 14368 nəfər olmuşdur. Ünvanlı dövlət sosial yardım alanların sayı 520 ailə olmuş, 137 kimsəsiz ahıl və əlillərə sosial məişət xidməti göstərilmişdir. Pensiya və müavinətlər əhaliyə vaxtında çatdırılmışdır.
Hesabat dövründə Rayon Məşğulluq Mərkəzi  tərəfindən 159 nəfər iş axtaran vətəndaş daimi iş yerləri ilə təmin olunmuş, 3 nəfərə işsiz statusu verilərək işsizlik müavinəti təyin edilmişdir. Rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat və işəgötürən fiziki şəxslərlə birlikdə Rayon Məşğulluq Mərkəzi  27 iyun 2018-ci il tarixdə qeyri-məşğul əhalinin sosial müdafiəsinin təmin edilməsində aktiv məşğulluq tədbirlərinin biri olan “Əmək Yarmarkası” keçirmişdir. Təşkil olunmuş “Əmək Yarmarkası”nda 38 müəssisə 284 boş iş yeri ilə iştirak etmişdir. Yarmarkada 31 nəfər işaxtaran vətəndaşa daimi iş yerlərinə göndəriş verilmişdir.  Aktiv məşğulluq tədbirlərinə 30 nəfər işaxtaran vətəndaş cəlb olunmuş, onlardan 28 nəfəri tərtib etdikləri biznes planları müvəffəqiyyətlə müdafiə etmiş və yaxın müddətdə aktivlərlə təmin olunacaq. Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan 2 sahibkara  26  min manat məbləğində güzəştli kredit verilmiş, bunun nəticəsində 3 yeni iş yeri yaranmışdır.
2018-ci ilin birinci yarısında Rayon Paylayıcı Elektrik Şəbəkəsi tərəfindən rayona 92,0 milyon kvt. saat  elektrik enerjisi verilmiş, o cümlədən elektrik enerjisinin 19,5 milyon kvt. saatı əhaliyə satılmışdır. Enerjinin dəyərinin rayon üzrə 81,0 faizi və əhali üzrə 95,0 faizi ödənilmişdir. Əhali abonentlərinin sayğaclaşdırılması 100 % təşkil edir.
2018-ci ilin 6 ayı ərzində Salyan Regional Qaz İstismar İdarəsi tərəfindən rayona 11 milyon 334,0 min kub metr həcmində təbii qaz verilmiş, o cümlədən əhaliyə satılan qazın ümumi həcmi 9 milyon 336,0 min kub metr olmuş, bunun da  dəyəri rayon üzrə 113,0 faiz və əhali üzrə 116,0 faizi ödənilmişdir. Əhali abonentlərinin sayğaclaşdırılması 100% təşkil edir.
  2018-ci ilin birinci yarısında rayonda fəaliyyət göstərən nərəbalıqartırma zavodları tərəfindən 4 milyon 440,0 min ədəd nərə cinsli, 955 min ədəd uzunburun körpəsi yetişdirilərək ümumilikdə 5 milyon 395,0 min ədəd nərə cinsli balıq körpələri  Kür çayı vasitəsilə Xəzər dənizinə buraxılmışdır.
Rayonda 2018-ci ilin altı ayında əvvəlki illərdə olduğu kimi aqrar sahədə, öz dinamikliyin qoruyub saxlamışdır. 2018-ci ilin məhsulu üçün 51 min 132,0 hektar sahədən  120 min 725  ton taxıl istehsal edilmiş, hər hektardan orta hesabla 23,6 sentner məhsul toplanmışdır. Hesabat dövründə yazlıq bitkilərin kütləvi əkini əsasən başa çatmışdır. 8110,8 hektar sahədə yazlıq bitkilər əkilmişdir ki, bunun da 86,0%-i pambıq sahələrinin payına düşür. Möhtərəm Cənab Prezidentin  tapşırığına əsasən rayonda 7000 hektar sahədə pambıq əkilmişdir. Ümumilikdə rayon üzrə 979 mülkiyyətçi  “MKT İK” MMC  ilə 2342,5 hektar, “Azərpambıq” MMC ilə 201,8 hektar, “Neftçala kənd təsərrüfatı” MMC ilə 1000 hektar və “Neftçala Taxıl” ASC ilə isə 3455,7 hektar sahədə müqavilə bağlanmışdır. Hal-hazırda pambıq sahələrində becərmə işləri davam etdirilir.
Heyvandarlığın inkişafı sahəsində müsbət irəliləyişlərə nail olmaqla 2018-ci ilin altı ayında  iri buynuzlu mal-qaranın baş sayı 44 min 129  baş, qoyun və keçilərin baş sayı 143 min 103 başa çatdırılmışdır.  Göstərilən dövrdə diri çəkidə 6607,0 ton ət, o cümlədən 4610,0 ton quş əti, 10774,0 ton süd, 5 milyon 504 min ədəd yumurta, 283,0 ton yun  istehsal olunmuşdur.
  Hesabat dövründə Rayon Su və Meliorasiya təşkilatları tərəfindən 252 km suvarma kanalları, 163,4 km kollektor-dren sistemi lildən təmizlənmiş, suvarma kanallarında 44 ədəd, kollektor – drenlərdə 28 ədəd hidrotexniki qurğular və nasos aqreqatları əsaslı və cari təmir edilmişdir. Rayonda   14 min 500 hektardan yuxarı   əkin sahələrini suvarma suyu ilə təmin olunmasında ciddi çətinliklərin yaranması ilə əlaqədar  Kür çayından Xol zonasına 25 km uzunluğunda Neftçala Magistral Kanalının nasos stansiyası ilə birlikdə tikintisi başa çatmış və artıq Xol zonasına suyun verilməsinə başlanılmışdır.
Rayon İcra Hakimiyyəti 2018-ci ilin birinci yarısında   rayon ərazisində təmir, tikinti və abadlıq  işlərinin  görülməsini  diqqət  mərkəzində  saxlamış, həyata keçirilən  işlərin  keyfiyyətinə  xüsusi  önəm  vermişdir.
2018-ci  ilin 6 ayında  rayon ərazisində  tikinti  işlərində  əsas  kapitala  yönəldilmiş investisiyanın ümumi həcmi  37 milyon 383 min  manat  təşkil  etmişdir.  O cümlədən,  tikinti  quraşdırma  işlərinin  həcmi  36 milyon 845,1 min  manat  yerinə  yetirilmişdir. Ötən ilin eyni dövrü ilə müqayisədə investisiya qoyuluşu 12,0 %,  tikinti quraşdırma işləri isə 16,4 % artmışdır.
2018-ci ilin  birinci yarısında  Respublika Əhəmiyyətli 40 km Salyan-Neftçala  avtomobil yolu əsaslı təmir olunmuşdur. Cari ilin 6 ayında uzunluğu 47 km olan Neftçala-Xolqaraqaşlı avtomobil yolunun yenidənqurma işlərinə başlanılmış, yolun 22 km hissəsinə asfalt vurulmuş, hal-hazırda yol yatağının yenidən bərpası istiqamətində işlər davam etdirilir. Neftçala şəhərində Olimpiya İdman kompleksinin tikintisi üçün ilkin hazırlıq işlərinə başlanılmış, hazırda yataq hissəsində beton işlərinə başlamaq üçün avadanlıqlar qurulur. Neftçala şəhər M. Səfərov adına inteqrasiya təlimli internat  tipli gimnaziyanın tədris korpuslarının təmiri və yeni yataqxana binasında tikinti işləri davam etdirilir.
2018-ci ilin 6 ayı ərzində uzunluğu 55 km 140 metr olan 21 yaşayış məntəqəsini əhatə edən, 37 min əhalinin yaşadığı Neftçala rayonunun Şorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil yolunun tikintisi başa çatdırılmış, hal-hazırda yolda nişanların qurulması istiqamətində işlər davam etdirilir. Neftçala şəhərinin H.Əliyev prospekti,  M.Ə. Rəsulzadə , 28 May və digər küçələrinin avtomobil yolları  təmir olunmuşdur. Bundan əlavə Neftçala şəhərinin Heydər Əliyev prospekti və 20 yanvar küçələrinə yeni işıq dirəkləri quraşdırılmış, Bankə qəsəbəsində yerləşən Səməd Vurğun parkının təmiri həyata keçirilmişdir. Rayonun Həsənabad qəsəbəsi, Mikayıllı, Sarıqamış, Haqverdili, I Mayak, II Mayak, Sübh, Yenikənd, Qırmızı Şəfəq, Bala Surra, Beştalı və Şorkənd kəndlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ümumilikdə 13 ədəd modul tipli su qurğularının tikintisi başa çatdırılmışdır.
Hesabat dövründə rayon ərazisində ictimai-siyasi sabitliyin qorunması, siyasi partiyalar, dini qurumlar, qeyri-hökumət təşkilatları ilə qarşılıqlı fəaliyyətin təşkili istiqamətlərində tədbirlər həyata keçirilmiş, humanitar sahədə dövlət siyasətinin icra olunması ilə bağlı bir çox məqsədyönlü işlər görülmüşdür.
Ölkəmizin ictimai-siyasi həyatında mühüm əlamətdar  hadisə hesab edilən Prezident seçkilərinin demokratik, ədalətli və şəffaf keçirilməsi üçün respublikamızın hər yerində olduğu kimi rayonumuzda da müvafiq olaraq bütün lazımi tədbirlər həyata keçirilmiş və seçki məntəqələri səs vermə gününə tam hazır vəziyyətə gətirilmişdir. Görülən işlərin məntiqi nəticəsi olaraq rayon ictimaiyyətinin böyük fəallığı ilə baş tutan prezident seçkilərində neftçalalı seçicilər öz layiqli seçimini etmiş, ölkəmizin xöşbəxt gələcəyinin təminatçısı cənab İlham Heydər oğlu Əliyevə böyük  səs çoxluğu ilə səs vermişlər.  
Cari ilin birinci yarısında rayonun təhsil müəssisələrində təlim-tərbiyənin səviyyəsinin daha da yüksəldilməsi və təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı bir sıra işlər görülmüşdür. Belə ki, istedadlı şagirdlərin aşkara çıxarılmasında əhəmiyyətli rol oynayan fənn olimpiadalarının rayon və yarımfinal turları keçirilmiş, olimpiadanın final mərhələsində iştirak etmək hüququ əldə etmiş 7 iştirakçıdan 1 nəfəri coğrafiya fənni üzrə I yerə,  2 nəfəri tarix fənni üzrə II və III yerlərə, 1 nəfəri isə Azərbaycan dili və ədəbiyyatı fənni üzrə III yerə layiq görülmüş və qaliblər Təhsil Nazirliyinin medal və diplomları ilə  mükafatlandırılmışlar.

Dövlət İmtahan Mərkəzi tərəfindən bu ilin iyun ayında rayonun ümumtəhsil məktəblərinin buraxılış sinif şagirdləri üçün attestasiya imtahanı keçirilmiş, rayon üzrə IX sinfi 808 nəfər, XI sinfi isə 621 nəfər şagird bitirmişdir.

Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş "Ən yaxşı təqdimat" müsabiqəsinin təşkili ilə bağlı seçim turları keçirilmiş, Aşağı Surra kənd tam orta məktəbin şagirdi rayon üzrə ən yaxşı nəticə göstərərək respublika mərhələsində iştirak  etmişdir. 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən "Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində məktəblilər üçün respublikanın gəzməli-görməli yerlərinə təşkil olunmuş turlarda Neftçala rayonundan olan şagirdlər də iştirak etmiş,  onlar mart ayında  Quba, Qusar və Xaçmaz rayonlarına ekskursiyalar edərək, həmin yerlərin tarixi, mədəniyyəti və gəzməli yerləri ilə tanış olmuşlar. Şagirdlərin yolasalma mərasimləri Azərbaycan televiziyasında işıqlandırılmış, məktəblilər belə bir layihənin təşkilinə görə ölkə başçısına dərin minnətdarlıqlarını bildirmişlər.
Cari tədris ilində təhsil sahəsində səmərəli fəaliyyətinə görə, 8 Mart Beynəlxalq qadınlar münasibətilə rayonun Bankə qəsəbə 2 saylı tam orta məktəbinin direktoru Zeynalova Hüsniyyə Heydərağa qızı Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən "Respublikanın Əməkdar Müəllimi" fəxri adına layiq görülmüşdür.   
  Təhsilin maddi – texniki bazasının möhkəmləndirilməsi istiqamətində də müvafiq addımlar atılmış, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 mart 2018-ci il tarixli Sərəncamına əsasən rayonun 7 yaşayış məntəqəsində nəzərdə tutulan modul tipli məktəblərin inşasına başlanılmışdır.  Hal-hazırda isə belə bir məktəbin tikintisi rayonun Pirəbbə kəndində həyata keçirilir.
Ölkə Prezidenti cənab İlham Əliyevin respublika əhalisinin ümumi profilaktik tibbi müayinələrə cəlb olunması barədə verdiyi tapşırığına əsasən 5 həkim briqadası yaradılmış, tərtib edilmiş qrafikə əsasən rayonun idarə, müəssisə və təşkilatların kollektivlərinin və yaşayış məntəqələri üzrə əhalinin tibbi müayinələrdən keçməsi təmin edilmişdir. Ümumilikdə rayon üzrə  57 min 371 nəfər profilaktik tibbi müayinələrdən keçmişdir ki, bunların da 3 min 427 nəfəri ambulator , 19 nəfəri stasionar müalicələrə, 1 nəfəri cərrahi əməliyyata cəlb olunmuş, 12 nəfəri isə respublikanın ixtisaslaşmış tibb müəssisələrinə müayinə və müalicə almaq üçün göndərilmişdir.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən rayonun səhiyyə sahəsində göstərdiyi səmərəli fəaliyyətinə görə Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Zahidov Telman Zahid oğlu "Respublikanın Əməkdar Həkimi" fəxri adına layiq görülmüşdür. 
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünün dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2018-ci ili Azərbaycanda "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan etmişdir. Bu məqsədlə rayon ərazisində müxtəlif tədbirlər təşkil edilmiş,  Azərbaycanın zəngin dövlətçilik ənənələri və müasir dövlət quruculuğu sahəsində həyata keçirilmiş mühüm işlər  geniş təbliğ olunmuşdur.
Rayon İcra Hakimiyyəti başçısı aparatı 2018-ci ilin birinci yarısında  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  Neftçala rayon şöbəsi ilə daimi yaxından əlaqə saxlamışdır. 2018-ci ilin birinci yarısında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsi tərəfindən 110 nəfər plan tapşırığa qarşı 122  nəfər  çağırışçı hərbi xidmətə cəlb olunmuşdur.
2018-ci ilin birinci yarısında Rayon Polis şöbəsi tərəfindən rayon üzrə müxtəlif xarakterli 75 cinayət hadisəsi qeydə alınmışdır. Ümumilikdə qeydə alınmış cinayətlərin açılması 90 % təşkil edir. Rayon üzrə ümumi cinayətlərin sayı  ötən ilin müvafiq dövrü ilə müqayisədə   18 cinayət faktı çox olmuşdur.
Rayon İcra Hakimiyyəti başçısı tərəfindən yerlərdə əhali ilə əlaqələri möhkəmləndirmək, onları narahat edən sosial problemlərin öyrənilməsi və həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar müntəzəm səyyar görüş və qəbulların keçirilməsi daim diqqət mərkəzində olmuşdur. Bununla bağlı Rayon İcra Hakimiyyəti başçısının səyyar görüş və qəbulların keçirilməsi üçün illik qrafik tərtib olunmuşdur. 2018-ci ilin 6 ayında tərtib olunmuş qrafikə uyğun olaraq Rayon İcra Hakimiyyəti başçısı tərəfindən 20 səyyar görüş və qəbul keçirilmiş və bu görüşlərdə 2216  nəfər iştirak etmişdir. Keçirilən  görüşlərdə 64 nəfər  55 tənqidi qeyd və təkliflə çıxışlar etmişdir ki, bunlardan 7-si meliorasiya və irriqasiya tədbirlərinin həyata keçirilməsi, 10-u yol və körpülərin inşası və ya təmiri, 2-si təhsil müəssisələrinin təmiri və ya inşası, 2-si elektrik təchizatının yaxşılaşdırılması, 2-si elektrik enerjisindən istifadəyə görə şəxsi müraciət,  7-si mavi yanacaq ilə təminat, 4-ü torpaq məsələləri, 3-ü rabitə xidmətinin yaxşılaşdırılması, 5-i içməli su ilə təminat, 6-sı işlə təminat, 1-i məişət tullantılarının daşınması, 1-i mənzil şəraitinin yaxşılaşdırılması, 1-i ünvanlı sosial yardım alınması və 5-i digər məsələlərdən ibarət olmuşdur. Vətəndaşlar tərəfindən qaldırılan tənqidi qeyd və təkliflər nəzarətə götürülmüş, həlli istiqamətində aidiyyəti üzrə müvafiq yuxarı orqan və təşkilatlar qarşısında məsələlər  qaldırılmış və həlli yerlərdə mümkün olan problemlərin  aradan qaldırılması ilə əlaqədar tədbirlər həyata keçirilmişdir
2018-ci ilin birinci yarısında  Rayon İcra Hakimiyyətinə vətəndaşlar tərəfindən 334 müraciət daxil olmuşdur ki, bundan 266 müraciət ərizə, 68 müraciət şikayət xarakterli olmuşdur. Daxil olan müraciətlərdən 326 müraciət nəzarətə alınmadan, 8 müraciət nəzarət qaydasında araşdırılmışdır. 2017-ci ilin birinci  yarısı ilə müqayisədə  müraciətlərin sayı 77 müraciət çox olmuşdur .
2018-ci ilin birinci yarısında  Rayon İcra Hakimiyyətinə daxil olmuş müraciətlərdən 35 müraciət kollektiv, 17 müraciət təkrar xarakterli olmuşdur.
  Hesabat dövründə Rayon İcra Hakimiyyəti başçısı tərəfindən 105 nəfər vətəndaş qəbul edilmişdir. O cümlədən, Rayon İcra Hakimiyyəti başçısı aparatında 41 nəfər, səyyarı qəbullarda 64  nəfər vətəndaş qəbul edilmişdir.
Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Prezidenti Zati-aliləri cənab İlham Əliyevin göstərişlərini, imzaladığı fərman və sərəncamlarını və Azərbaycan Respublikasının Qanunlarını əldə rəhbər tutub vətəndaşların qəbulu, onların müraciətlərinə baxılmasının səmərəliliyini artırmaq məqsədilə bundan sonra da lazımi tədbirlər görəcək və gələcək fəaliyyətində öz işini günün tələbləri səviyyəsində quracaqdır.

 

 

 

 

Keçidlər