Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilmişdir

08 sentyabr 2017 | 03:09

Neftçala şəhərində keçirilən müəllimlərin ənənəvi sentyabr konfransında 2016-2017-ci dərs ilinin yekunları və qarşıda duran vəzifələr müzakirə olunub.

Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.

Konfransda hesabat məruzəsi ilə çıxış edən rayon təhsil şöbəsi müdiri Əjdər Kərimov 2016-2017-ci dərs ilində rayonun ümumtəhsil məktəblərində tədrisin keyfiyyətinin xeyli yüksəldiyini diqqətə çatdırıb, təhsil ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən danışıb.

Bildirilib ki, rayonun ümumtəhsil məktəblərində cari təmir işləri başa çatdırılıb. Məktəblər lazımi əyani vəsait və digər avadanlıqlarla təchiz olunub. Yeni dərs ilində rayonun 50 ümumtəhsil məktəbində 9895 şagird təhsil alacaq və 1191 müəllim onların təlim-tərbiyəsi ilə məşğul olacaq.

Diqqətə çatdırılıb ki, ötən tədris ilində rayon üzrə təhsilini başa vuran 640 məzundan 315-i ali və orta ixtisas təhsili müəssisələrinə sənəd verib, onlardan 231-i qəbul imtahanlarını müvəffəqiyyətlə verərək tələbə adını qazanıb. Tələbə adını qazanan neftçalalı məzunlardan 49-u 500-600 arası, 16-sı isə 600-dən yuxarı bal toplayıb.

Rayon icra hakimiyyətinin başçısı İsmayıl Vəliyev müəllimləri təbrik edib, yeni dərs ilində onlara uğurlar arzulayıb. Dövlətin təhsilin inkişafına xüsusi önəm verdiyini və bu istiqamətdə bir sıra layihələrin reallaşdırıldığını bildirən icra başçısı Neftçalanın təhsil ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işləri diqqətə çatdırıb. Qeyd olunub ki, son illər rayonda 6 məktəb binası inşa olunub, 3 məktəb binası isə əsaslı təmirdən sonra pedaqoji kollektivlərin istifadəsinə verilib.

Sonda 600-dən yuxarı balla tələbə adını qazanan 16 məzuna və bir qrup qabaqcıl müəllimə rayon icra hakimiyyətinin hədiyyələri və fəxri fərmanları verilib.

 

 

Keçidlər