Şriftin ölçüsü :

Saytın rəngi :

Ombudsman Neftçala rayonunda ictimai dinləmə keçirmişdir

16 iyul 2016 | 09:07

Məlum olduğu kimi, respublikanın regionlarında Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının (MFP) müvafiq bəndlərinin icrası, təbliği və tətbiqi vəziyyətinin monitorinqi ilə bağlı Ombudsman Elmira Süleymanova tərəfindən ictimai dinləmələr keçirilir.
15 iyul 2016-cı il tarixdə Neftçala rayonunda təşkil olunmuş növbəti tədbirdə yerli icra hakimiyyəti, hüquq-mühafizə orqanlarının, müxtəlif dövlət qurumlarının, bələdiyyələrin, yerli icmaların, QHT və KİV təmsilçiləri, habelə əhalinin müxtəlif qruplarının nümayəndələri, gənclər, qadınlar, ağsaqqallar, ziyalılar iştirak etmişlər. Bu tədbir qarşıda duran və həllini gözləyən məsələlərin aidiyyəti qurumlarla effektiv müzakirəsi, həyata keçirilməsi və səmərəli əməkdaşlıq baxımından mühüm əhəmiyyət daşıyırdı.
İlk olaraq Ombudsman və şəhər rəhbərliyi Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad etmişlər.
Sonra ictimai dinləmə insan hüquqlarının müdafiəsi və təbliği sahəsində şəhərdə həyata keçirilən tədbirlərlə bağlı Neftçala Rayonu İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev giriş nitqi ilə başlamış, vətəndaşları narahat edən məsələlərin, onların problemlərinin həlli məqsədilə geniş müzakirəsi və əməkdaşlıq baxımından ictimai dinləmənin əhəmiyyəti, əvvəlki tədbirlər zamanı verilmiş tövsiyələrin icrası, habelə şəhərin sosial-iqtisadi inkişafı istiqamətində görülən işlər vurğulanmışdır.
Rayon İcra Hakimiyyətinin başçısı ölkə Prezidenti cənab İlham Əliyevin dəstək və qayğısı nəticəsində Neftçalanın inkişaf etdiyini, MFP-yə uyğun olaraq vətəndaşların hüquq və azadlıqlarının təmini, rifah halının yaxşılaşdırılması istiqamətində şəhər üzrə Tədbirlər Planı tərtib edilərək  icra olunduğunu, müraciətlərin effektiv təmini baxımından müvafiq komissiyaların yaradıldığını diqqətə çatdırmışdır.
Ombudsman Elmira Süleymanova çıxış edərək, hüquqi islahatlar kontekstində ölkəmizdə gedən davamlı inkişaf prosesləri, iqtisadi və sosial sahələrin dəstəklənməsi vəziyyəti ilə bağlı fikirlərini bölüşmüşdür. O, habelə müasir ordumuzun qüdrəti, məğrurluğu, şəxsi heyətin ruh yüksəkliyi haqqında danışaraq, Aprel döyüşləri haqqında geniş məlumat vermiş, bu hadisənin dünya ictimaiyyətinin rəyində də dönüş yaratdığını bildirmiş, habelə Vətən uğrunda şəhid olmuş hərbiçilərimizin əziz ruhu ehtiramla yad edilmişdir. Bildirilmişdir ki, Ermənistan tərəfi daim öz işğalçılıq siyasətini və hərbi cinayətlərini ört-basdır etmək məqsədilə təhriflərə və saxtakarlığa əl atır. Onların törətdikləri qeyri-insani əməllərə qarşı beynəlxalq təşkilatlar, dünya ictimaiyyəti, o cümlədən AŞPA-nın sədri, Avropa İttifaqına üzv dövlətlərdən olan bəzi deputatlar Ermənistanı BMT-nin Təhlükəsizlik Şurasının qərarlarına uyğun olaraq işğal etdiyi ərazilərdən, Azərbaycan torpaqlarından çıxmağa və işğalçılıq siyasətinə son qoymağa çağırmışlar.
İnsan hüquları sahəsində ölkəmizdə qəbul olunmuş üç mühüm strateji sənəd haqqında danışan Ombudsman 2011-ci ildə dövlət başçısının Sərəncamı ilə təsdiq olunmuş MFP-nin bəndlərinin yeni istiqamətlər və tədbirlər müəyyən etdiyini bildirmiş, sənədin fəsilləri üzrə müvafiq bəndlərinin dövlət qurumları üçün müəyyən etdiyi vəzifələr, eləcə də insan hüquqlarının müdafiəsinin prioritet istiqamətləri ilə bağlı təcrübi misallar əsasında fikirlərini bölüşmüşdür.
Dini və milli tolerantlığın hökm sürdüyü, Multikulturalizm ili elan olunduğu Azərbaycanda iqtisadi, sosial və digər sahələrdə islahatların hüquqlarının müdafiəsinə mühüm töhfə verdiyini vurğulayan Müvəkkil, vətəndaşlara göstərilən xidmətlərin əlçatanlığı və keyfiyyəti, elektron xidmətlər, habelə bir çox problemlərin qarşısının alınması baxımından ASAN Xidmət Mərkəzlərinin və bu xidmətin səyyat qruplarının uğurlu fəaliyyətini göstərməklə yüksək dəyərləndirmişdir.
Uğurlu siyasətin məntiqi davamı olaraq, dövlətimizin humanist siyasəti nəticəsində son illərdə imzalanmış 61 əfv sərəncamının və 11 amnistiya aktının əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırmış, bu amnistiya aktlarından dördünün Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul olunduğu, sonuncu amnistiyanın 10 min məhkuma şamil edildiyi, 3500 məhkumun isə azadlığa çıxacağı vurğulanmışdır.
Respublikamızın yeni inkişaf mərhələsində əsas hədəfinin çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə önləyici inkişaf səviyyəsinin təmin olunması və əhalinin rifahının layiqli səviyyədə inkişafına yönəldiyini, habelə elmin, mədəniyyətin tərəqqisində, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasının insan hüquqlarının da təşəkkülünə mühüm töhfələr verdiyi bildirmişdir.
Çıxışının sonunda Müvəkkil ictimai dinləmələrin əsas əhəmiyyətini bir daha vurğulamış, müzakirələr nəticəsində verilmiş təklif və tövsiyələrin ümumiləşdirilərək zəruri tədbirlərin görülməsi üçün müvafiq dövlət orqanlarına göndəriləcəyini bildirmişdir.
İnteraktiv şəraitdə keçən müzakirələrdə dövlət qurumlarının, şəhər ictimaiyyətinin çoxsaylı nümayəndələri, ziyalılar, QHT nümayəndələri çıxış edərək, bu tədbiri yüksək dəyərləndirmiş, təmsil etdikləri qurumların fəaliyyəti, rayonda MFP və insan hüquqları üzrə keçirilmiş tədbirlər və digər məsələlər barədə məlumat vermişlər.
Eyni zamanda tədbir iştirakçıları tərəfindən bəzi problemlər, o cümlədən ailə institutunun möhkəmləndirilməsi, gənclərin buna hazırlanması və boşammaların qarşısının alınması, bank borcalarının və alimentlərin ödənilməsindən boyun qaçırılması, torpaq bölgüsü ilə digər mülki mübahiəslə, hüquqpozmaların profilaktikası kimi məsələlər qaldırılmış, qanunvericilikdə olan boşluqların aradan qaldırılması istiqamətdə görülməli olan işlər müvafiq qurumların səlahiyyətli şəxsləri ilə müzakirə edilmişdir.                                                                                                                                                                   
Tədbir iştirakçıları rayona göstərilən qayğıya görə ölkə Prezidentinə minnətdarlıqlarını bildirmiş, ölkə başçısının müvafiq Sərəncamı ilə təsdiq olunmuş MFP-nin icrası məqsədilə əhalinin fəal iştirakı təşkil olunan ictimai dinləməyə və interaktiv müzakirələrin aparılmasına görə Müvəkkilə təşəkkür etmişlər.
Tədbirin sonunda MFP-nin hər il üzrə icra vəziyyəti ilə bağlı nəşr olunan kitablar, MFP-nin nüsxələri, Ədliyyə Nazirliyi tərəfindən nəşr olunmuş İctimai iştirakçılıq haqqında qanunvericilik toplusu, Ombudsman təsisatı tərəfindən hazırlanmış digər maarifləndirici vəsaitlər Rayon İcra hakimiyyətinə təqdim olunmuşdur.
Sonra Müvəkkil ona müraciət edən şəxsləri də fərdi şəkildə qəbul etmiş, qaldırdıqları məsələlər üzrə yerində araşdırma aparılaraq bir qismi təmin edilmiş və ya aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmiş, bəzi müraciətlər üzrə səlahiyyəti çərçivəsində tədbirlərin görülməsi məqsədilə qəbul edilmişdir.
 

Keçidlər