Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçalada şəhid gizir torpağa tapşırıldı.

05 aprel 2016 | 08:04

Aprelin 2-nə keçən gecə cəbhənin Tərtər istiqamətində erməni silahlı qüvvələrinin torpaqlarımıza qəfil hücumunun qarşısını alarkən qəhrəmancasına həlak olan Milli Ordumuzun 22 yaşlı müddətdən artıq hərbi xidmət qulluqçusu Elmdar Səlimxan oğlu Səfərovun üçrəngli bayrağa bürünmüş cənazəsi ötən gün axşam saatlarında böyüyüb boya-başa çatdığı Neftçala rayonunun Aşağı Qaramanlı kəndinə gətirilib. Aprelin 4-də şəhid doğulduğu kənddə dəfn olunub.

Dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, rayon icra hakimiyyətinin rəsmiləri, şəhidin ailə üzvləri və döyüş yoldaşları, ictimaiyyətin nümayəndələri və kənd sakinləri iştirak ediblər.

Mərasimdə çıxış edənlər mərhumun ailə üzvləri və yaxınlarına dərin hüznlə baş sağlığı verib, Elmdar Səfərovun keçdiyi döyüş yolundan danışıblar. Bildirilib ki, vətən yolunda canından keçən Elmdar kimi Azərbaycan oğlanlarının xatirəsi qədirbilən xalqımızın yaddaşında əbədi yaşayacaq.

Keçidlər